Bu gün Azərbaycanın inkişaf və tərəqqisi artdıqca, ölkəmizdə həyata keçirilən nəhəng layihələr uğurlu şəkildə qlobal xarakter aldıqca bir çox xarici dövlətlər və həmin dövlətlərin rəsmiləri bunu qəbul edir, yüksək dəyərləndirirlər. Əbəs yerə deyil ki, möhtəşəm "Eurovision" mahnı yarışmasının növbəti- 57-ci müsabiqəsinin məhz Azərbaycanda keçirilməsi, eləcə də, bu möhtəşəmliyi haqlı olaraq qazanması rəmzi açar təqdimatında Düssseldorf meri Dirk Elsbers tərəfindən də xüsusi olaraq vurğulanmışdır. D.Elsbersin təqdimat gecəsində hər kəsi Azərbaycan dilində salamlaması, Düsseldorfdan sonra bu mərasimə ev sahibliyi edəcək şəhərin məhz Bakı şəhəri olduğunu xatırlatması da bu deyilənlərin bariz sübutudur: " Ümidvaram ki, bu il - 2012-ci ildə sizdə baş tutacaq bu mahnı müsabiqəsi bizdəki kimi, təmtəraqlı və hərarətlə keçiriləcəkdir. Bu rəmzi açarın Bakı merinə təhvil verilməsindən həqiqətən böyük məmnunluq və şərəf duyuram ki, bundan sonra "Eurovision" müsabiqəsinə məhz Bakı rəsmən ev sahibliyi edəcəkdir".
Bu gün ölkəmizdəki reallıqlar haqqında dəyərli fikir və mülahizə yürüdənlər, əslində, baş verən hadisələrə doğru qiymət verərək, əsil həqiqətləri ifadə edirlər
Onu da qeyd edək ki, istər "Eurovision" mahnı yarışması ilə bağlı, istərsə də digər beynəlxalq mədəni-kütləvi tədbirlərlə bağlı dəfələrlə həmin etiraflar edilmiş, Azərbaycanın yüksək inkişafı bir çox beynəlxalq siyasi, mədəni və ictimai rəsmiləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu mühüm amil isə, bir daha onu deməyə əsas verir ki, bəli, bu gün ölkəmizdəki reallıqlar haqqında dəyərli fikir və mülahizələr yürüdənlər, əslində, baş verən hadisələrə doğru qiymət verərək, əsil həqiqətləri ifadə edirlər.
Lakin çox təəssüflə qeyd etməliyik ki, bütün bunlarla yanaşı, Azərbaycanın inkişaf tendensiyasının uğur gerçəkliklərini, çoxşaxəli dəyərlərini bilərəkdən, yaxud da sifarişli və qərəzli şəkildə baltalamağa çalışan qüvvələr də az deyil. Eyni zamanda, həmin qüvvələrin ölkədə fəaiyyət göstərən radikal müxalifət düşərgəsinin təmsilçiləri, həmçinin, onlarla əlbir olan "hüquq müdafiəçiləri" ilə hesablaşmaları, müəyyən vasitələrlə təzyiq göstərmək kimi məkrli niyyətləri zaman-zaman gündəmə gəlməkdədir. Buna misal olaraq, bəzi Qərb media orqanlarının bu müstəvidə "hərəkətə keçməsi" ölkə ictimaiyyəti tərəfindən həqiqət kimi qəbul edilməsə də, kəskin qınaqla qarşılanır. Bu, həm də onu deməyə əsas verir ki, ölkənin, dövlətçiliyin maraqları baxımından çıxış etməyən radikal müxalifət düşərgəsi və onun liderləri əllərinə düşmüş "fürsətdən" yalnız öz məqsədləri üçün istifadə etməyi planlaşdırıblar. Onların həmin "palanlarını" isə sözügedən bəzi Qərb mətbuat nümayəndələri həyata keçirməyə cəhdlər göstərirlər.
Qərbin bəzi media qurumları radikal müxalifətlə mafioz qurum şəklində əməkdaşlıq edirlər
Xatırlatmaq yerinə düşərdi ki, hələ bir müddət bundan öncə Almaniyanın "Der Şpiegel" mətbu orqanı "Eurovision"la əlaqədər paytaxt Bakıya gələrək, burada gedən hazırlıq proseslərini müşahidə etmək niyyətində olduqlarını açıqlamışdılar. Lakin mətbu orqanın təmsilçiləri az keçməmiş öz qərəzli mövqelərini ortaya qormaqla, əsil mahiyyətlərinin nədən ibarət olduğunu açıqlamışdılar. O cümlədən, "ARD" televiziya kanalı da bu kimi qərəzini bir çox məqamlarda üzə çıxararaq, əslində, demokratik deyil, antidemokratik, sifarişli fəaliyyət göstərməsi ilə ortaya qoydu.
Belə ki, həm qəzetdə, həm də televiziyada Azərbaycanın yarışmaya hazırlığı və ölkəmizin ictimai-siyasi həyatı haqda məqalələr dərc olunmuşdu. Həmin məqalələrdə guya Azərbaycanda insan haqları və söz azadlığının "məhdudlaşdırılması", "siyasi fəalların" həbsdə saxlanılması qərəzli və böhtan şəklinə qabardılmışdı. Eyni zamanda, burada həm radikal müxalifət, həm də "hüquq-müdafiə" təşkilatlarının rəhbərləri ağızdolusu müsahibələr vermiş, beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa istiqamətlənmiş çıxışlar etmişlər. Nəticədə, bir daha məlum olmuşdur ki, sözügedən xarici mətbuat Azərbaycanın dağıdıcı ünsürləri ilə iş birliyi çərçivəsində sifarişli əməkdaşlıqlar edirlər.
Şillə təki dəyəcək əsil reallıqlar
Əgər belə olmasa idi, hər halda, öz ölkələrinin rəsmi şəxsləri tərəfindən söylənilən həqiqətləri müxalifətin əli ilə bu qədər ört-basdır etməyə cəhdlər göstərməzdilər. Sanki həmin qurumlar radikal müxalifətlə mafioz qurum kimi birgə fəaliyyət göstərir və həmin fəaliyyətləri ilə öz şər və böhtanlarını işə salmağa çalışırlar.
Əfsuslar olsun ki, bu günlərdə Almaniyanın "N-TV" kanalının əməkdaşı Hubert Volmerin də Azərbaycanla bağlı reportajı yuxarıda adları çəkilən mətbuatlardan fərqlənməyib. Qərəzli müəllif ölkəmizin yarışmaya yüksək səviyyəli hazırlığını bir kənara qoyaraq, heç də ölkənin dağıdıcı müxalifət ünsürlərindən fərqlənmədiyini, onlarla əməkdaşlıq etdiyini aşkar şəkildə yayımlayıb. Nəticədə isə, daha bir həqiqət ortaya çıxıb. Ölkədə baş verən mühüm perspektivləri öz təbirlərincə ictimailəşdirməyə cəhd göstərən Qərbin bu kimi media orqanları bütün məqamlarda öz "demokratiyalarını" və "söz azadlıqlarını", eləcə də, "fikir plüralizmlərini" kölgə altına qoyurlar. Burada tam əminliklə vurğulamaq mümkündür ki, hazırda mafioz qruplaşma halında birləşmiş yerli və xarici anti-Azərbaycan meyilli qüvvələrin bütün cəhdləri yalnız onların özlərinin ziyanına işləyən faktordur. Bu vasitə ilə hər hansı sifarişləri həyata keçirən, şəxsi dividendlər güdən həmin qüvvələr həm ölkə, həm də xarici ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul olunmur və rədd edilirlər. Hər halda, beynəlxalq aləmin Azərbaycan reallıqları haqqında irəli sürdükləri əsil həqiqətləri, yüksək dəyərləndirmələri bunu deməyə yetərincə əsas verir. Daha dəqiq desək, Azərbaycanda "Eurovision" Mahnı Müsabiqəsi də, ondan sonra baş tutacaq mötəbər beynəlxalq yarışmalar və müsabiqələr də sözügedən dairələrin - "şpigellərin", "ard"-ların, "n-tv"-lərin səylərini nəticəsiz qoyaraq, onların əsil üzlərini faş edəcək. Buna heç kimin şübhəsi olmasın. Sadəcə, gözləmək lazımdır. Onu gözləmək ki, vurğulanan reallıqlar həmin dairələrin üzlərinə necə şillə təki dəyəcək!
R.RƏSULOV