PDF Oxu

Araşdırma

  • 899

İran iqtidarı provokasiyaya getməməlidir

İran iqtidarı provokasiyaya getməməlidir

Məsələyə məhz bu kontekstdən yanaşdığımız zaman, bir daha məlum olur ki, İran ətrafında yaranmış vəziyyət, faktiki olaraq, bölgə üçün təhlükəyə çevrilir. İran iqtidarı isə vəziyyətdən çıxış yolu kimi hadisələri süni olaraq qabaqlamaq və ona qarşı istiqamət alan təzyiqlərə təzyiq yolu ilə cavab vermək niyyətindədir. Və təbii ki, bu cür hallar baş verdiyi zaman istənilən dövlət bu kimi həssas məqamlarda qonşu dövlətlərlə münasibətlərində diqqətli olmalıdır. Xüsusilə, İran qonşu Azərbaycanla bağlı xarici siyasətində həm dövlətlər arasındakı münasibətləri, həm də xalqlar arasındakı bağlılıqları ötəri deyil, diqqətlə nəzərdən keçirməlidir. Amma son günlərdə, mətbuatdan də məlum olduğu kimi, İranın Azərbaycana ardıcıl olaraq iki nota verməsi, ölkəmizlə bağlı əsassız informasiyaların İran mətbuatında dərc olunması hazırkı siyasi atmosferdə, əslində, tarixi və müştərək mənəvi dəyərlər baxımından da təhlükəli nəticələrə gətirib çıxara bilər. Yəni məsələ yalnız yaxın qonşuluqdan, yaxud da qonşu sərhədlər çərçivəsində bitmir. Belə ki, İranla Azərbaycan qonşu olmaqla yanaşı, həm də tarixdən qaynaqlanan mədəni-mənəvi dəyərlərlə bir-birlərinə bağlıdır. Xüsusilə, daha bir əhəmiyyətli məqama diqqət verilməlidir ki, İran əhalisinin etnik say tərkibində azərbaycanlılar üstünlük təşkil edirlər. Bu mənada, İran tərəfi və ya hal-hazırkı hökumət, xüsusilə, İran xarici siyasətini idarə edən məsul və rəsmi şəxslər yuxarıda qeyd edilən məsələni ciddi surətdə götür-qoy etdikdən sonra müəyyən iş görməlidirlər. Daha dəqiq desək, ciddi şəkildə araşdırmadan və qonşu dövlətin daxili işlərinə qarışaraq, verilən qeyri-ciddi notalar iki dost və qonşu ölkə arasında anlaşmazlıqlara (yəni bilavasitə İran tərəfinin anlaşmazlığına) səbəb olur. Halbuki Azərbaycan dövləti və ictimaiyyəti müstəqillik qazandıqdan sonra İranla əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsinə çalışmış və bu istiqamətdə ölkəmiz tərəfindən çoxsaylı əməli tədbirlər həyata keçirilmişdir.

Daha bir incə və əhəmiyyətli nüansa da toxunaraq, söyləmək mümkündür ki, İranın məlum nüvə proqramına dair dünya miqyasında meydana gələn mübahisələrlə bağlı rəsmi Bakı dəfələrlə öz siyasi mövqeyini bəyan edib. Belə ki, Azərbaycan dövləti tərəfindən ölkə ərazisindən gələcəkdə İrana qarşı gözlənilən hərbi əməliyyatların keçirilməsində istifadə olunmayacağı və problemin dinc, siyasi-hüquqi müstəvidə həllinin gərəkliyi bəyan edilmişdir. Ölkə Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı rəsmi mövqeyini ifadə etmişdir: "Belə bir hərəkət Azərbaycan-İran arasında tarixi-mənəvi dəyərlər baxımından yolverilməzdir".

Azərbaycanla aparılan informasiya müharibəsi İranda vətəndaş qarşıdurmasına səbəb ola bilər

Digər tərəfdən, ehtimal etmək mümkündür ki, rəsmi Tehranın bu kimi qeyri-səmimi addımları bilavasitə üçüncü tərəfə xidmət və sərf edən faktorlardandır. Son hadisələr, onu deməyə əsas verir ki, Tunis, Misir, Yəmən, Liviyada vətəndaş müharibəsilə rejim dəyişdirilib və hazırda Suriyada da bu proses geniş miqyas almaqdadır. Ancaq burada da istər-istəməz bir sual yaranır: növbə kimindir? Bu suala cavab axtarmaq isə elə də çətinlik yaratmır. Yəni "Ərəb baharı" adını almış inqilablar dalğasının növbəti dayanacağının İran olması artıq şübhə doğurmayacaq amillərdəndir. ABŞ və Qərb tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar da göstərir ki, İran daxili inqilabın birinci mərhələsindədir. Üçüncü tərəfin isə məqsədi budur ki, İran-Azərbaycan münasibətləri kəskinləşsin və sözsüz ki, bu kontekstdə İranda yaşayan azərbaycanlı qrupun vasitəsilə vətəndaş müharibəsi başlasın. Bu isə, əlbəttə ki, region üçün arzuolunmaz faktordur və heç də Azərbaycan qonşu ölkədə baş qaldıracaq vətəndaş qarşıdurmasından bəhrələnməyəcək. Bütün bunları mərhələlərə bölsək, bu cür sıralama alınar.

1. Qonşu dövlət olaraq İranda baş verən odlu müharibə, ümumilikdə, regionun sosial-iqtisadi inkişafını ləngidəcək.

2. İranda ən böyük etnos qrup olan azərbaycanlıların müharibədən, vətəndaş qarşıdurmasından əziyyət çəkməsi qəbulolunmazdır.

3. Müharibə zamanı Azərbaycana keçəcək çoxminli qaçqın ordusu ölkəmizdə sosial problemlərin yaranacağına rəvac verəcək.

Bu mənada, İranın Azərbaycanla əlaqədar verdiyi son bəyanatlara münasibətdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ifadələri əsaslı şəkildədir: "Düşünürük ki, İran dövləti hazırkı vəziyyətdə qonşularla münasibətlərində bir az ehtiyatlı olmalıdır. Belə məsələlərdə də qonşularla kifayət qədər diplomatik qanunlara müvafiq, qonşuluq münasibətlərinə müvafiq hərəkət etməlidirlər".


Rəsmi Tehranın müəyyənləşdirdiyi səhv strateji xətt

Rəsmi Tehranın son vaxtlarda əlaqələrin gərginləşməsi çərçivəsində istiqamət verdiyi xarici siyasət kursu yuxarıda qeyd edilən fikirlərlə yanaşı, strateji cəhətdən də səhv diplomatik addımdır. Və əbəs yerə deyil ki, Azərbaycan dövləti və ictimaiyyəti belə addımların atılmasının qarşısını hər zaman almaqda və belə hərəkətləri daim pisləməkdədir. Çünki burada daha bir xarakterik xüsusiyyət mövcuddur ki, həmin xüsusiyyətin baxış nöqtəsi ağ və qaraya bölünür.

Yəni məsələ ondadır ki, hər iki ölkənin Azərbaycanın və İranın dövlət quruluşu sistemləri tamamilə fərqlidir. Bildiyimiz kimi, İran islam respublikasıdır və ideoloji rejim islam dininin qaydalarına, şəriətə əsaslanır. Azərbaycan dövləti isə dünyəvi dövlət olaraq demokratik əsaslara söykənir. Bu mənada, İranın bəzi siyasi dairələrinin Azərbaycanda görmək istədiyi vəziyyət və dini motivlərə istinad edilərək, aparılan provokativ, təxribatçı addımlar bizim hüquq sistemimiz, siyasi baxışımız nəzəriyyəsindən qəbuledilməzdir.

Həmçinin, qeyd edək ki, hazırda İranın Azərbaycanda fəaliyyət göstərən rəsmi nümayəndələri, tədris ocaqları, QHT-ləri, xeyriyyə cəmiyyətləri, tibb müəssisələri mövcuddur və onların iş prosesləri olduqca fəal təsir bağışlayır. Yəni bu fakt həm də onu göstərir ki, İran Azərbaycanda müəyyən təşkilatlar çərçivəsində iş aparmağa və gərginlik yaratmağa da çox meyillidir. Dəfələrlə İran tərəfindən Azərbaycanda süni olaraq hicab məsələsinin qaldırılması, Bakıətrafı kəndlərdə rəsmən İran ideologiyasının təbliğ edilməsi, insanların din pərdəsi altında iğtişaşlar yaratmağa səy göstərilməsi halları sübut olunmuşdur. Yeri gəlmişikən, müqayisə üçün qeyd edək ki, Azərbaycanın İranda yalnız diplomatik korpus əməkdaşları fəaliyyət göstərir və onlar heç vaxt İranın daxili siyasətinə qarışmırlar.

İran-Ermənistan yaxınlaşması - Azərbaycana arxadan vurulan zərbə

Sirr deyil ki, İran-Ermənistan yaxınlaşması məsələsi Dağlıq Qarabağ probleminin həllinə heç də yaxşı tərəfdən təsir etmir. Ermənistan İran vasitəsilə Türkiyə və Azərbaycan tərəfindən yaradılmış iqtisadi blokadanı qırmaqla, işğalçılıq siyasətini davam etdirir. Və günbəgün hər iki ölkə arasında iqtisadi əlaqələr artmaqda davam edir. Habelə, diqqətçəkici məqamlardan biri də odur ki, İran-Ermənistan əlaqələri yalnız iqtisadi sahədə deyil, energetika və hərbi əməkdaşlıq sferalarında da inkişaf edir. Əlbəttə ki, bu, hər bir ölkənin öz daxili iqtisadi-siyasi kursudur.

Amma ortada daha bir fakt mövcuddur ki, həmin fakt rəsmi statistikaya aid deyil. Çünki burada qeyri-leqal ticarət dövriyyəsi də az rol oynamır. Həmin ticarət dövriyyəsinin baza hissəsini isə bəşəriyyətin "ağ ölüm" adlandırdığı narkotika təşkil edir. Bu gün işğal olunmuş ərazilərimizdə-Dağlıq Qarabağda gizli narkoplantasiyalar beynəlxalq aləmə əkin sahələri qismində təqdim edilir. Lakin burada İranın narkotik yetişdirən, onu emal edərək, xarici qara bazarlara çıxaran dilerlərinin işğal olunmuş ərazilərimizdəki gizli fəaliyyətlərini də vurğulamaq mümkündür. O cümlədən, Dağlıq Qarabağ ərazisi hazırda narkotranzit kimi də istifadə olunmaqdadır ki, burada da İranın müəyyən qüvvələri rahat şəkildə öz funksiyalarını reallaşdırırlar. Məhz bu baxımdan da, ifadə etmək mümkündür ki, İran-Ermənistan arasındakı rəsmi iqtisadi strategiya həm də qeyri-rəsmi narkostrategiyayla da təmin olunur. Artıq biz beynəlxalq münasibətlər nəzəriyyəsi və təcrübəsinə əsaslanaraq, deyə bilərik ki, İranın Ermənistanla bu cür yaxınlaşması dostluq, qonşuluq və müştərək dəyərlər prizmasından da Azərbaycanın itirilməsi mənasına gəlməkdədir.


Rəşad İlyasov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər