"Biz Dağlıq Qarabağı işğal olunmuş ərazi kimi tanıyırıq". Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Stavropol üzrə nümayəndəsi Leonid Filimonov jurnalistlərə açıqlamasında bildirib. L.Filimonov dünyada Dağlıq Qarabağ münaqişəsinə bənzər münaqişələrin çox olduğunu bildirib: "Amma bu problemin həllində böyük səbr lazımdır. Bunu Rusiya rəhbərliyi də dəfələrlə qeyd edib".
L.Filimonov Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun da çalışdığını qeyd edərək, "Düşünürəm ki, Rusiyanın Minsk Qrupu çərçivəsində gördüyü işlər öz nəticəsini verəcək", söyləyib. İran-Azərbaycan münasibətlərinin gərginləşməsi barədə suala isə XİN nümayəndəsi belə cavab verib: "İran və Azərbaycan arasında son zamanlar yaranan gərginlik səngiməlidir. Bütün dünya çalışmalıdır ki, İranda hər hansı kataklizmlər baş verməsin".