PDF Oxu

Araşdırma

  • 929

Kim qalib gələcək, oğrular, yoxsa sadə xalq?

Kim qalib gələcək, oğrular, yoxsa sadə xalq?

Bu ilin yazında Ermənistanda keçiriləcək parlament seçkiləri ölkədə inqilab ab-havasını daha da aydın etməkdədir. Prezident Serj Sarkisyan isə seçkiqabağı dövrdə müvəqqəti "yumşalmaq" qərarına gəlib. Daha dəqiq desək, o, başçılıq etdiyi mafiya dəstəsinin hakimiyyət və idarəetmə sistemində "zahiri dəyişikliklərə" nail olmaq istəyini nümayiş etdirməyə səy göstərməkdədir. Həmin "dəyişikliklər"in təməlində isə, əslində, liberallaşma, demokratikləşmə, şovinizm və terrorizmin qarışığı olan siyasətdən əl çəkmək deyil, sadəcə, kosmetik "islahatların" aparılmasıdır.

S.Sarkisyan parlament seçkiləri öncəsi dövrdə vətəndaşların ona və mafiyasına qarşı olan aşırı nifrəti bir qədər azaltmaq məqsədilə iqtidar qruplaşmasındakı şəxslər arasında kriminal haqq-hesabların sayının və intensivliyinin azaldılmasına "göstəriş verib". Yəni S.Sarkisyan istəyir ki, onun kriminallaşmış yaxın ətrafı barədə mümkün qədər az danışsınlar.


Ölkədə əyalət qanunları icra olunur


Ölkədə formalaşmış oliqarxlarla kriminal dairələr də S.Sarkisyanın sözügedən göstərişinə əməl edərək, müvəqqəti şəkildə susmağa və parlament seçkilərinin başa çatmasını gözləməyə qərar veriblər. Özünü "ölkə müxalifəti" adlandıran, lakin ölkənin əyalətlərində real çəki və hadisələrə təsir imkanlarına malik olmadığından, sadəcə, fəaliyyət çərçivəsi Yerevanın inzibati sərhədlərindən kənara çıxmayan Ermənistan müxalifəti S.Sarkisyan iqtidarını hakimiyyətə əyalət düşüncəsi, hərəkətləri və adət-ənənələrini gətirməkdə günahlandırır. Belə ki, Ermənistanın sabiq prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyanın dediyinə görə, çağdaş erməni siyasətinin başlıca bəlalarından biri də məhz budur-əyalət qanunlarının icrası.

Əslində, L.Ter-Petrosyan və onun yanındakı kiçik müxalifət lidercikləri S.Sarkisyanın əyalət adamı olduğunu çox yaxşı bilirlər. Çünki S. Sarkisyan ölkə əyalətlərindən birində deyil, Azərbaycan ərazisi Dağlıq Qarabağda doğulub və burada böyüyüb. Qarabağdakı erməni terrorizminin başçılarından biri olmuş bu adamın ünvanına rişxəndlə "əyalət insanı" deməklə, Ermənistan müxalifəti onu təhqir etdiyini düşünür.


Oğrular da həmin "qanundan" yararlanır


Bu gün Yerevan küçələrində və həyətlərində pullu və hakimiyyət dairələrindəki adamların "adamının adamı" olan kəs həmin durumun ağasıdır. Həmin küçələrdə qara gödəkçəli adamlar istənilən mənzilə və evə girərək sənədləri tələb edər, səbəbləri də söyləməzlər.

Belə küçələrdə yeniyetmə və gənclər "dolya" (oğru dünyasının haqqı-Z.) ödəyir, kriminal aləmin romantikasından bəhs edən mahnılara qulaq asır, "oğru dəyərləri" əsasında böyüyürlər.

Yaşananlar isə Sarkisyana və onun dəstəsinə sərf edir, çünki insanlara zahiri parıltı, pul, qızıl, var-dövlət, yağlı və dadlı yeməklər, əxlaqsızlıq və tərbiyəsizlik, şəhvət və mədəniyyətsizliyə çağıran təbliğat real effektini verir. Hətta biabırçılıq o həddə çatıb ki, kriminal qanunlar hakimiyyətlə yanaşı, silahlı qüvvələrə də işləyib və Ermənistan ordusunda bütün davranış qaydaları, qəbul edilən qərarlar məhz "oğru" anlamı çərçivəsindədir. Məhz bu səbəbdən, erməni hərbçilər həmin "qanun"ları nizamnamədən üstün tuturlar. Ermənistan ordusunun silahlılar yığnağına çevrilməsi, oradakı əsgərlərin həyatları, səhhəti və psixi sağlamlığının məhv olmasının da səbəbi budur.


Banditlikdən terrorçuluğa, oradan da prezidentliyə


Ermənistan prezidenti Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası bəyan edir ki, parlament seçkiləri ilə bağlı siyahısına kriminal aləmin mənsubları olan, amma indi oliqarxlar və iş adamları kimi tanınan adamları daxil etməyəcək. Sabiq prezident Robert Köçəryanın nəzarətindəki "Çiçəklənən Ermənistan" partiyası da belə bəyanatla çıxış etməyə hazırlaşır. Hətta hakimiyyət mənsubları ilə təmsilçilərinə çevrilmiş banditlərlə kriminal elementlərin Ermənistanda artıq ikinci nəsli var.

Eləcə də, S.Sarkisyanın özü xırda banditlikdən terrorçuluğa, oradan da dövlət başçısı kürsüsünə yüksəlmiş adam olduğundan, onun diplomatik müstəvidə atdığı addımlar daha çox yardımçıları ilə müşavirlərinin məsləhətlərinin kənardan, Yerevandakı iqtidarın əsil rejissorları olan qüvvələrdən alınmış göstərişlərlə uyğunlaşdırılandan sonra qəbul edilən qərarlardır. Belə adamın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində normal mövqe tutması, müzakirələrdə və görüşlərdə adekvat davranması mümkün deyil. Belə şəraitdən ən çox əziyyət çəkənlər isə, təbii ki, Ermənistanın adi, sıravi vətəndaşlarıdır. Onların seçim imkanları bəsitdir: ya ölkədə qalaraq kriminalitetin həyasız təzyiqlərinə boyun əyməyi davam etdirməli, ya inqilab etməli, ya da ölkədən çıxaraq mühacirət etməlidirlər.


ZƏNGİBASARLI

Digər xəbərlər