PDF Oxu

Araşdırma

  • 1 661

İran və İsrail gərginliyi hansı sonluqla bitəcək?

İran və İsrail gərginliyi hansı sonluqla bitəcək?

Uzun müddətdir ki, İran və İsrail arasında davam edən gərginliyin hansı sonluqla bitəcəyi, yəni bu ölkələrin müharibə edib-etməyəcəklərinə dair ehtimal hamını maraqlandırır.

Qərbin dəstəyini alan İsrailin hədələri artdıqca, buna dəstək olaraq, dünyanın əsas gücləri İrana qarşı sanksiyaları daha da sərtləşdirir. Ötən gün ABŞ-da Amerika-İsrail İctimai Əlaqələr Komitələri Konfransı keçirilib. Hər il keçirilən və İsrail-ABŞ münasibətlərinin yaxşılaşmasına xidmət edən konfransa ABŞ prezidenti Barak Obama da qatılıb. Minlərlə insanın iştirak etdiyi konfransda Obama İsrail lobbisi ilə bir sıra görüşlər keçirib. İranın qalmaqallı nüvə proqramı da konfransda əsas mövzulardan olub. Konfransda Obama İranın nüvə silahı əldə etməsinə əngəl olmaq üçün istənilən yolun istisna edilmədiyini desə də, hazırkı zaman üçün "coşmaq vaxtı olmadığını" bildirib. Obama bunun, istər İsrail, istərsə də ABŞ təhlükəsizliyi naminə, eləcə də, beynəlxalq sülh üçün məqsədəuyğun olduğunu qeyd edib.


Şimon Peres: "İran nəinki İsrail, hətta dünya üçün böyük təhlükədir"


Obamadan sonra çıxış edən İsrail prezidenti Şimon Peres həmişəki kimi İrana qarşı sərt danışaraq, nüvə silahlı İranın nəinki İsrail, hətta dünya üçün böyük təhlükə olduğunu diqqətə çatdırıb: "İranda qəddar, korrupsiyaçı və şər rejim mövcuddur. Bu rejim "dağıtmaq məqsədləri" üzərində qurulub. İran insan ləyaqətinə qarşı cəbhədə dayanıb. İran dünyada baş alan terrorun mərkəzi, sponsoru və sərmayəçisidir. İran bütün dünya üçün təhlükədir. İran Berlin, Madrid üçün belə təhlükədir".

Şimon Peres İsrailin müharibə dəhşətləri gördüyünü və İranla müharibə etmək fikrində olmadığını desə də, "belə bir müharibənin baş verəcəyi təqdirdə, qalib gələn dövlətin məhz İsrail olacağını" vurğulayıb.


Müharibə ən böyük xətadır


Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) rəhbəri Süleyman Şensoyun sözlərinə görə, İrana hərbi hücum ediləcəyi təqdirdə, Türkiyə və Azərbaycan bundan ən çox təsirlənən ölkələrdəndir: "Müharibə ən böyük xətadır, tərəflər üçün arzu olunmayan çıxış yoludur. Ona görə də İsrail və İran çalışmalıdır ki, aralarındakı mübahisə diplomatik yolla həll edilsin".

Müharibənin başlayacağı təqdirdə, Azərbaycan və Türkiyəyə miqrant axını məsələsinə münasibət bildirən S. Şensoy bunu baş verəcək savaşın hansı müddətə davam edəcəyi ilə bağlı olduğunu söyləyib: "Hücumlar bəlli hədəflərin bombalanması ilə kifayətlənərsə, kütləvi qaçqın və köçkün axınının olmasını təxmin etmirəm. Savaşın boyutu çox böyük olarsa, oradan gələ biləcək köçkün axınının qarşısını almaq insani baxımdan, beynəlxalq hüquq müstəvisi baxımından mümkün deyil".


Qərb bölgədə bir böhran yaşanmasında maraqlıdır


TASAM rəhbərinin sözlərinə görə, İranın nüvə silahı əldə etməsi ən çox Türkiyəni çətin vəziyyətdə qoya bilər: "Bu, bölgədə yüz illər boyu qurulmuş balansı, təhlükəsizliyi alt-üst edə bilər. Dolayısı ilə İranın belə bir iş üçün çalışmadığını, belə bir şey görmədiyini dünyaya mütləq inandırmalıdır".

İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalara gəlincə, S. Şensoy bildirib ki, Türkiyə neft ixracatının 30 faizini İrandan alır: "Türkiyənin İranla illik 16 milyard dollarlıq ticarət dövriyyəsi var. Qərb bu gün bölgədə bir böhran yaşanmasında maraqlıdır. Ancaq onlar nə vaxtsa buradan gedəcəklər, biz isə ömürlük qonşuyuq. Biz də beynəlxalq hüquqlarla tərs düşmədən öz mənafelərimizi qorumalıyıq".


Cabir

Digər xəbərlər