Dünya iqtisadiyyatında yaşanan yeni təlatümlər Ermənistanda böyük narahatlıqla izlənməkdə, onun ölkəyə hansı təsirlər göstərəcəyi geniş müzakirə predmetinə çevrilməkdədir. Buna əsas səbəb isə Ermənistanın xarici yardımlardan asılı dövlət olması və kənardan kömək olmadan dövlət kimi mövcudluğunu davam etdirməsinin mümkünsüzlüyüdür. İndi bir sıra Qərb ölkələrinin üzləşdiyi iqtisadi problemlər və yaşanan tənəzzül Ermənistana həmin dövlətlər tərəfindən edilən yardımların kəsilməsi deməkdir.
Ermənistan iqtisadiyyatı tənəzzül girdabında...
Ermənistanda davam etməkdə olan böhranlı durum ölkəni iqtisadi cəhətdən iflic vəziyyətə salıb. Demək olar ki, Ermənistan müstəqillik qazandığı 20 il ərzində hər gün böhranın göstərdiyi acı nəticələrlə rastlaşmaqdadır. MDB Dövlətlərarası Statistika Komitəsinin açıqlaması da deyilənlərin məntiqi nəticəsidir. Belə ki, 2011-ci ildə inflyasiyanın miqdarı 2010-cu ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz olubdur ki, bu da MDB məkanında inflyasiyanın qeydə alındığı ölkələr içərisində ön yerlərdən birini, daha doğrusu, üçüncü yeri tutur. Ölkədə inflyasiyanın bu həddə qalxması Ermənistanda olan acınacaqlı vəziyyətdən xəbər verir.
Ölkənin məhdud iqtisadi imkanlara malik olması, son illər ərzində, demək olar ki, iqtisadi sahədə heç bir inkişafın qeydə alınmaması digər sahələrə də öz təsirini göstərmişdir. Lakin bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyəti bu ağır sosial-iqtisadi vəziyyətin aradan qaldırılmasında aciz qalıb. Hakimiyyətin varlı oliqarxları dəstəkləməsi və onların bütün sahələrdə monopoliya ilə məşğul olmasına göz yumması ölkənin iqtisadi cəhətdən daha da geriləməsinə səbəb olur. Yəni burada artıq dövlət istəsə də öz imkanlarından istifadə edib, böhranın qarşısını ala bilmir. Günü-gündən dramın qiymətinin aşağı düşməsi onun artıq bir valyuta kimi öz əhəmiyyətini itirdiyini və ölkədəki inflyasiyanın hansı səviyyədə olduğunu göstərmiş olur. MDB Dövlətlərarası Statistika Komitəsinin açıqlamasına görə, artıq 1 dollar 368 erməni dramına bərabərdir. Bu göstərici Ermənistan iqtisadiyyatının bugünkü durumunu səciyyələndirir. Hətta ekspertlər Ermənistan valyutasının bu səviyyədə aşağı düşməsini onun "qurşaqdan aşağı zərbə" vəziyyətə düşməsi kimi qiymətləndirirlər.
Ermənistan əhalisi
dilənçilik səviyyəsindədir
Ermənistan əhalisinin 30 faizi yoxsulluqdan aşağı səviyyədə yaşayır. Bu barədə Ermənistan Milli Statistika Xidmətinin sayca 12-ci "Ermənistanın sosial mənzərəsi və yoxsulluq" məruzəsində deyilir. Məruzəyə əsasən, Ermənistan əhalisinin 35,8 faizi yoxsulluq həddindən aşağı yaşayır. Yoxsulluq səviyyəsindən aşağı yaşayan vətəndaşların 21,3 faizi çox yoxsul, 3 faizi son dərəcə yoxsullar kateqoriyasına aid edilir. Son iki il ərzində, yoxsullar siyahısına daha 270 min adam əlavə olunub. Onların təxminən 250 mini son dərəcə yoxsullardır. Qeyd etmək lazımdır ki, Dünya Bankının standartlarına əsasən, yoxsul ayda 89,7 dollar xərcləyən, çox yoxsul ayda 73,4 dollar, son dərəcə yoxsul ayda 51,2 dollar xərcləməyə imkanı olan adamlar hesab olunur. Araşdırmalar göstərir ki, 2008-ci ilin dördüncü rübündən bəri Ermənistan üzərinə təsir göstərən dünya iqtisadi böhranından sonra yoxsulluğun ümumi səviyyəsi 2010-cu ildə təxminən 30 faiz artıb, son dərəcə yoxsulların sayı - 1,7 dəfə. "Ermənistanın sosial mənzərəsi və yoxsulluq" məruzəsi Dünya Bankı konsultasiya yardımı, "Minilliyin çağırışları" fondunun maliyyə yardımı ilə işlənib hazırlanıb. Tədqiqatlar Ermənistanın 46 şəhər və 307 kəndlərində aparılıb.
Sonda bir daha qeyd etmək olar ki, Ermənistanda baş verən son proseslər, daha dəqiq desək, 2011-ci ilin yekunları bütövlükdə geniş miqyasda ölkənin 2012-ci ildə də məhvə sürüklənməsinə şərait yaradacaq. Bu isə, onu deməyə əsas verir ki, işğalçılıq və avtoritar hakimiyyət sindromuna yoluxmuş təcavüzkar dövlət heç bir əsasda özünü sığortalaya bilməyib. Həmin şərait isə, tezliklə rəsmi Yerevanın tənəzzülünü, süqutunu reallaşdıracaq.
Aytən Səmədova