Növbəti parlament seçkiləri ərəfəsində işğalçı Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə gərginləşməkdədir. Baş verənlər bu ölkədə yeni hakimiyyət böhranının yetişdiyini göstərir. Söhbət ondan gedir ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan və onun tərəfdarları ötən prezident seçkilərində Serj Sarkisyanın prezidentlik postunu saxtakarlıqla, qeyri-qanuni yolla qəsb etdiyini vurğulayırlar.
Bununla bağlı L.Ter-Petrosyan qeyd edir ki, rəhbərlik etdiyi Ermənistan Milli Konqresi parlament seçkilərində qələbə qazanacağına əmindir və dövlət başçısı S.Sarkisyanın istefasına, daha sonra cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq əzmindədir. O bildirir ki, Serj Sarkisyan prezident kreslosunu Seçki Məcəlləsini kobud şəkildə pozmaq yolu ilə tutub. Erməni Milli Konqresi (EMK) isə yeni parlamentdə çoxluq qazanmaqda israrlıdır. Bundan sonra isə Serj Sarkisyanın istefası və cinayət məsuliyyətinə cəlb olunması məsələsi qaldırılacaq. L.Ter-Petrosyan bu barədə EMK-nın 30 mart tarixli mitinqində seçkiqabağı proqramının əsas müddəalarını təqdim edərkən məlumat verib.
EMK-nın koordinatoru Levon Zurabyan isə söyləyib ki, müxalifətin mübarizəsi prezident seçkilərinə qədər davam edəcək. Onun sözlərinə görə, parlament seçkilərindən sonra Ermənistan hakimiyyətinə qarşı müxalifətin mübarizəsi dayanmayacaq. Bu, prezident seçkilərinə - 2013-cü ilə qədər davam edəcək.
Ermənistanın "Qraparak" qəzeti isə yazır ki, "Çiçəklənən Ermənistan" və "Respublika" partiyasının nümayəndələri əhalinin arasında laqeydliyi təbliğ edirlər: "Hakimiyyətin təbliğatçıları yeni texnologiya işləyib hazırlayıblar. Bu günlərdə insanların evlərinə baş çəkən "Çiçəklənən Ermənistan" və "Respublika" partiyasının seçkiqabağı qərargahlarının nümayəndələri yalnız seçiciləri öz tərəflərinə cəlb etməklə kifayətlənmirlər, eyni zamanda, onların arasında laqeydliyi yayırlar. Məqsəd seçkidə mümkün qədər az insanın iştirakına nail olmaqdır. "Respublika" partiyasının təmsilçiləri seçicilərin 60-70 faizinin onsuz da onlara səs verəcəyini deyirlər. "Çiçəklənən Ermənistan"ın nümayəndələri isə bildirirlər ki, seçkilər zamanı parlamentdə yerlər pulla satılacaq. Bəllidir ki, mümkün qədər daha az insanın seçkilərdə iştirak etməsi səsverməni saxtalaşdırmaq imkanı yaradacaq".
EMK isə mövcud qanun pozuntularının aradan qaldırılmayacağı təqdirdə, Ermənistanın Mərkəzi Seçki Komissiyasından "Respublika" partiyasının seçki siyahısının etibarsız elan olunmasını tələb etməyə hazırlaşır. Artıq bununla bağlı seçkiqabağı təşviqatın "Respblika" partiyası tərəfindən pozulması barədə müvafiq müraciət də göndərilib. Burada göstərilir ki, "Respublika" partiyası ölkənin Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq, seçki təşviqatı başlamamış ölkənin əksər bölgələrində seçki qərargahları yaradıb, səsverməyə çağırışları əks etdirən plakatlar yerləşdirib. Eyni zamanda, iqtidarda olan "Respublika" partiyasının seçki prosesində qanunun tələblərinə əməl etməyə vadar olunması tələb olunur.
L.Ter-Petrosyanın sözlərinə görə, Ermənistanın hazırkı ağır vəziyyəti ölkəni "idarə edən rejimin cinayətkar fəaliyyətinin" nəticəsidir:
" - hakim partiyanın və iqtidarda olan rejimin bütün seçkiqabağı vədləri yalan çıxıb,
- Ermənistanın VVP-si və dövlət büdcəsi müvafiq olaraq 11,54% və 10,9% azalıb,
- ölkənin xarici borcu 1,5 milyarddan 3,8 milyard dollara çatıb,
- inflyasiya 37,1% təşkil edib".
Beləliklə, Ermənistanda seçkiqabağı vəziyyətin kifayət qədər mürəkkəb olduğu aydın nəzərə çarpır. L.Ter-Petrosyanın söylədiklərini, Ermənistanda ötən prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına kütləvi etirazlar müqabilində baş verən qanlı toqquşmaları nəzərə aldıqda, parlament seçkilərinin işğalçı ölkədə kəskin toqquşmalara, növbəti qarşıdurmalara zəmin yaradacağı istisna edilmir. İstənilən halda, bu ölkənin tərəqqisi, inkişafı işğalçılıq siyasətindən imtinadan, qonşu dövlətlərlə normal, sivil münasibətlərin qurulmasından keçir. Əks halda, hər hansı seçki və ya siyasi yerdəyişmə Ermənistanı böhrandan, tənəzzüldən xilas etməyəcək.
Naib NİFTƏLİYEV