Ermənistan əhalisi aclıq və səfalətdən qurtulmaq üçün kütləvi şəkildə ölkəni tərk edirlər. Ermənistanın keçmiş baş naziri Tiqran Baqratyanın ardınca Xalq Partiyasının sədri Tiqran Karapetyan da ölkədə qorxu hökm sürdüyünü və əmək qabiliyyətli əhalinin yaşamaq ümidi ilə ölkədən qaçdıqlarını söyləyiblər. Politoloq Elman Nəsirli bizimlə söhbətində Ermənistanı indikindən daha ağır fəlakətlər gözlədiyini bildirib: "2008-ci ilin mart ayında Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyəti ələ keçirdi.
S.Sarkisyanın hakimiyyətə gəlməsi 10 nəfərdən erməninin ölümü və yüzlərlə insanın yaralanması hesabına baş verdi. Nəticədə, S.Sarkisyan hakimiyyətdə qala bildi. Amma bu məsələ yalnız rəsmi Moskvanın dəstəyi ilə reallaşdı. Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlarda status-kvo vəziyyətini qoruyub saxlamağa çalışır. Bununla işğalçı ölkənin prezidenti münaqişə ilə bağlı vaxtı uzatmaq yolunu seçib. S.Sarkisyanın bu cür davranışında Rusiya amilinin böyük rolu var. Demək olar ki, Ermənistanın mövqeyini dəyişə biləcək ölkə Rusiyadır. Rusiyanın son dərəcə Ermənistana qarşı ciddi təsir etmək mexanizmləri var. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğalçı ölkənin status-kvo vəziyyətini qorumaq siyasəti ona gətirib çıxarır ki, bu gün Ermənistan, Azərbaycanın da təşəbbüsçüsü olduğu bütün beynəlxalq layihələrdən kənarda qalıb. Yəni, bu ölkə özü-özlüyündə yeritdiyi siyasət nəticəsində izolyasiya vəziyyətinə düşüb".
E.Nəsirlinin sözlərinə görə, Ermənistanda sosial vəziyyət uçurum səviyyəsinə gəlib çatıb. Artıq hakimiyyət-xalq, hakimiyyət-müxalifət arasında olan ziddiyyətlər heç vaxt olmayan kritik bir həddə gəlib çatıb. Bunun nəticəsində isə insanlar bir çox hallarda çıxış yolunu ölkəni tamamilə tərk etməklə başqa ölkələrdə öz yaşayışlarını təmin etməyə çalışırlar. Bugünkü rəsmi Yerevan öz vətəndaşlarının yaşaması üçün minimal şəraiti belə təmin edə bilmir. Eyni zamanda, belə bir hakimiyyətin Dağlıq Qarabağ probleminin həllində hər hansı bir güzəştə gedəcəyini gözləmək çətin məsələdir. Burada məsələ ondan ibarətdir ki, bir çox hallarda Ermənistanda Sarkisyan rejimi sosial böhranın, işsizliyin və digər problemlərin kökündə Qarabağ məsələsini qeyd edir. Ona görə də, Dağlıq Qarabağ problemində heç bir güzəştə getməmək siyasəti yetirməklə sanki hakimiyyətini qoruyub saxlayır. Belə olan vəziyyətdə Sarkisyanın Qarabağ probleminin həllində güzəştə getməsi rejimin sonunun başlanğıcı ola bilər. Ona görə də, vədlə manevr edir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara gedərək, beynəlxalq ictimai fikri aldatmaq istəyir. Bununla göstərmək istəyirlər ki, guya sülhpərvər dövlətdilər və aparılan danışıqlarda maraqlıdılar. Bir sözlə, Ermənistanda gedən hadisələrin inkişaf ssenarisi indiki rejim üçün müsbət heç nə vəd etmir.
GÜLYANƏ