PDF Oxu

Araşdırma

  • 844

Ermənistanda parlament seçkiləri ərəfəsi nə baş verir?

Ermənistanda parlament seçkiləri ərəfəsi nə baş verir?

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, ölkədəki siyasi dairələr arasında gedən rəqabət normal haldan çıxaraq, daha radikal xarakter almaqdadır. Belə ki, hakim iqtidar koalisiyası tərəfindən hazırlanmış seçkiqabağı rüşvətvermə kampaniyalarının üstü açıldıqdan sonra, daha diqqətli olmağa çalışan Ermənistan müxalifəti lazım gələrsə inqilaba qədər gedəcəklərini açıq şəkildə bəyan edirlər.

Xaçatur Kokbelyan: "Xeyrimizə veriləcək heç bir səsin oğurlanmasına imkan verməyəcəyik"


Bu ərəfədə müxalifətdə olan "Vərəsələr" partiyası ilə eyni cərgədə seçkilərə getməyi planlaşdıran "Azad Demokratlar" partiyasının sədri Xaçatur Kokbelyan bildirib ki, onların xeyrinə veriləcək heç bir səsin oğurlanmasına imkan verməyəcəyik: "Biz seçki prosesi dövrü hər bir xırda detallara belə diqqətlə yanaşacağıq və biz buna tam hazırıq. Müxalifət qazanacağı səsləri qorumağa qadirdir".

Onun bildirdiyinə görə, hazırda müxalifətin əlində iqtidar komandasının bütün falsifikasiya nümunələri mövcuddur: "Məhz ona görə də bu istiqamətdə xüsusi adamlarımız öz müşahidələrini aparacaq".

Kokobelyan onu da qeyd edib ki, o "Azad Demokratlar" partiyasının sədri olaraq həm də "Vərəsələr" partiyasının seçki qərargahına rəhbərlik edəcək. Ümumi götürdükdə isə "Vərəsələr" partiyasının Ermənistan üzrə 70 qərargahı və həmin qərargahların hər birində iki nəfər inanılmış adamları vəziyyətə nəzarət edəcək. "Pozuntu qeyd olunarsa, dərhal buna qarşı ciddi tədbirlər görüləcək" deyə Kokobelyan bildirib.


Samvel Farmanyan: "Ölkədəki həqiqət ədalətin bərqərar olmamasıdır"


Yerevanın inzibati rayonu olan Nor Norkda da seçkiöncəsi vəziyyət ilğım xarakteri almaqdadır. Belə ki, Ermənistanın panorama.am saytının verdiyi məlumata görə, namizəd Samvel Farmanyanın nümayəndəsi seçki kodeksinin pozulması haqqında məhkəməyə müraciət edib. Müraciətdə isə bildirilir ki, S.Farmanyanın Erməni Milli Konqresindən olan rəqibi, deputatlığa namizəd Vladimir Karapetyan seçki təbliğatına rəsmi start verilməmiş həmin ərazidə yaşayan vətəndaşların mənzillərinin qapılarına namizədliyini təbliğ edən bukletlər və çağırışlar yapışdırılır.

Maraqlıdır ki, Mərkəzi Seçki Komissiyasının nümayəndəsinə də təqdim olunmuş şikayət qəbul olunmayıb və Farmanyan bunu belə izah edib: "Mən burada bir həqiqəti görürəm. Ölkədəki həqiqət isə ədalətin bərqərar olmamasıdır".

Göründüyü kimi, seçkiöncəsi proseslərin inkişafı özünü seçkisonrası hadisələrin başlanğıcı kimi sərgiləyir ki, bu da bütün mənalarda Ermənistanda mart hadisələrindən sonra daha gərgin anların yaşanacağından xəbər verir. Təkcə son günlərdə baş verən iqtidar-müxalifət çəkişmələrinin aqressiv şəkil alması bu kimi proqnozların reallaşmasına xidmət edir.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər