Bu gün təhsil dalınca Azərbaycandan xaricə üz tutanların sayı yüzlərlədir. Müxtəlif nüfuzlu Qərb universitetlərində təhsil almağa gedən gənclərimiz sonradan Azərbaycana dönərək, ölkənin inkişafında özlərinin müəyyən töhfələrini vermiş olurlar. Onu da qeyd edək ki, dünyəvi təhsillə yanaşı, dini təhsil alan gənclərin də sayı az deyil. Belə ki, bunun üçün qonşu İran dövlətinə də təhsil almağa gedən gənclərimiz həmin ölkənin ali dini təhsil ocaqlarında öz bilgilərini artırırlar.
Ancaq burada təəssüfedici məqamlar da mövcuddur ki, həmin məqamlardan biri də adıçəkilən ölkəyə təhsil dalınca gedən insanların sonradan baxışlarının dəyişməsi olur. Daha dəqiq desək, çox vaxt dini təhsil üçün xaricə gedənlərin əksəriyyəti təsir altına düşür və onlar xarici ölkələrin çirkin məqsədləri üçün istifadə olunurlar. Bu xüsusda isə dini təhsil almaq üçün İrana üz tutan soydaşlarımızın bəzilərinin sonradan cənub qonşumuzun xüsusi xidmət orqanları tərəfindən Azərbaycan əleyhiən isifadə edilmələrinə dair halları xatırlamaq kifayətdir. Və çox təəssüf ki, bu cür arzuolunmaz faktorlar hazırda da davam edir və bu məsələdə İran ayətullahlarının xüsusi səriştəsi, canfəşanlığı nəzərlərdən yayınmır.
Faktlar nə söyləyir?
Qeyd etmək lazımdır ki, bu kimi olaylar arxasında müəyyən faktların dayanması da sirr deyil. Məsələ onadır ki, məlumatlara görə, bu gün qonşu İran İslam Respublikasında təxminən 4500-5000-ə qədər azərbaycanlı tələbə dini təhsil almaqdadır. Belə ki, müxtəlif mətbuat səhifələrində də belə bir məsələ qaldırılıb ki, həmin tələbələrimiz qonşu dövlətin xüsusi xidmət orqanlarının nəzarəti altında olmaqla yanaşı, onların düşüncə tərzlərində dəyişikliklər olunur, molla rejimi cəfəng və radikal fikirlərlə tələbələrin baxış bucaqlarını dəyişməyə çalışırlar. Nəticədə, azərbaycanlı tələbələrin əksəriyyətinə normal təhsil əvəzinə antiazərbaycançılıq, antidövlətçilik, radikal dini nəzəriyyələr kimi elementlər təbliğ edilir. Nəticədə, davamlı olaraq Azərbaycandan olan tələbələrlə həmin müstəvidə iş aparmağa müvəffəq olan fars-molla rejimi öz iyrənc siyasətlərini yürütməkdə israrlı olduqlarını sərgiləmiş olurlar.
Bu dəfə də ayətullah Nuri Həmədani
Onu da, xtırladaq ki, hələ bir müddət bundan öncə, azərbaycanlı tələbələr qarşısında çıxış edən fars-molla rejiminin xütbədarları universitetlərdə məruzələr təşkil edərək, bilavasitə, Azərbaycan dövlətçiliyinə qarşı antitəbliğat kampaniyasına start vermişdilər. Düzdür, bu kimi hadisələr yalnız mollalar tərəfindən deyil, digər funksiotiv məqamlardan da - TV-lərdən, informasiya agentliklərindən, mətbuat səhifələrindən idarə olunsa da, əsas yükü məhz ayətullahlar ordusu daşıyır. Növbəti bu kimi tədbir isə ötən həftənin sonlarında gerçəkləşib. Bu dəfə azərbaycanlı tələbələrin qarşısında çıxış edən ayətullah Nuri Həmədani adlı molla azərbaycanlı tələbələri açıq olaraq Azərbaycan əleyhinə kampaniyalar aparmağa səsləyib. "Dia" xəbər portalı bu barədə məlumat yayarkən bildirir ki, Qum şəhərində təhsil alan bir sıra azərbaycanlı tələbələrlə görüşən ayətullah Nuri Həmədani azərbaycanlı ruhaniləri şəhadətə hazır olmağa çağırıb: "Dini mərkəzlər və ruhaniyyət Qərbin islama qarşı olan mədəni və siyasi nüfuzunun sərhədlərini tanımalıdır. Əlbəttə, ruhaniyyət bu günə kimi öz vəzifəsinə düzgün əməl etmişdir. Geniş və ağır hücumlar qarşısında islamın sabitliyi bu məsələyə şahiddir. Azərbaycanın ruhaniləri gərək özlərini şəhadətə hazır etsinlər və xalqı da bu yolda özləri ilə birləşdirsinlər. Azərbaycan ölkəsinin alimləri və ruhaniləri birliyin kənarında özlərini cihada və şəhadətə hazır etsinlər. İslam daim fədakarlıq və cihadla öz yolunu davam etmişdir. Gərək canınızı ovucunuza qoyub, zalımlarla mübarizəyə qalxasınız. Mübarizə və cihadsız heç bir şeyə nail olmaq mümkün deyil".
Növbəti ciddi təxribat meyilləri
Məsələni araşdıran bir çox ekspertlər bu kimi çağırışları Azərbaycana qarşı növbəti ciddi təxribat kimi qiymətləndirməklə, qeyd edirlər ki, əslində, xaricdə, xüsusilə də, İrana dini təhsil almaq üçün yollanan tələbələr qeyri-dövlət xətti ilə həmin ölkəyə gedirlər. Təbii ki, burada müxtəlif xarici maliyyə fondları da həmin məsələlərdə aktiv iştirak edirlər. Belə fondların əksəriyyəti isə xüsusi xidmət orqanları ilə əlaqəlidirlər. Ekspertlər bildirir ki, hazırda İranda təhsil alan azərbaycanlı tələbələrdən ölkəmiz, dövlətçiliyimiz əleyhinə istifadə etməyə cəhd göstərən İran xüsusi xidmət orqanları və ayətullahlar son illərdə ən açıq təhdidlərini yaxın qonşusu olan və dost dedikləri Azərbaycanın ünvanına səsləndirirlər. Rəsmi Tehran Azərbaycanı daim əsassız olaraq ABŞ və İsrailə yaxınlıqda qərəzli şəkildə ittiham edir. Tehranın molla rejiminin gülünc iddiasına görə, guya Azərbaycan dünyanın supergüclərinin dəstəyi ilə İran ərazisində yaşayan azərbaycanlılardan istifadə edərək, bu ölkəni parçalaya bilər (?)
Lakin bütün bu kimi əsassız ittihamlar arxasında İran Azərbaycanı uzun illərdir təhdid etməklə yanaşı, ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanla yaxından əlaqələr qurur, terrorçu dövlətin nazı ilə oynayır. Yəni İran Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dəstəkləyib, hazırda da həmin siyasətini davam etdirir. İrana minnətdar olan işğalçı Ermənistan dövləti isə, öz növbəsində, BMT-nin İrana qarşı bütün sanskiyalarına qarşı çıxır, bununla da hər iki dövlət xarici siyasətlərindəki qaranlıq məqamlarını beynəlxalq səviyyədə açıqlamış olurlar.
İranın təhdidlərinə gəlincə isə söyləmək mümkündür ki, əslində, bu cür bir addımların atılması həm də həmin dövlətin daxilində yaşayan azərbaycanlı vətəndaşlarının da ciddi qınağı ilə qarşılanır. Ona görə də, bu kimi məsələlərdə İran və onun siyasətini yürüdən ayətullahlar öz addımlarında bir qədər həssaslığı qorumağa məhkumdurlar.
Qismət ZƏNGİBASARLI