PDF Oxu

Araşdırma

  • 1 002

Almaniyada iqtisadi geriləmə...

Almaniyada iqtisadi geriləmə...

Avropada artıq neçə ildir ki, yaşanan iqtisadi böhran İtaliya, Portuqaliya, Yunanıstan kimi ölkələrdə ciddi təbəddülatların baş verməsinə, sosial narazılıqların yaranmasına, kütləvi etirazlar dalğasının qüvvətlənməsinə səbəb olub. Hazırda böhran təmayülü qismən zəifləsə də, onun təsiri digər Avropa ölkələrində də hiss edilməkdədir. Bu sırada dünyanın və Avropanın ən inkişaf etmiş ölkələrindən sayılan Almaniya da istisna deyil.

Hazırda Avropanın mərkəzində yerləşən Almaniyada iqtisadi inkişafın zəifləməsi, iqtisadiyyatın bir sıra sahələrində durğunluq və geriləmə nəzərə çarpır. Bu, yerli əhalinin sosial-siyasi və iqtisadi davranışında da açıq-aşkar hiss edilir. Belə ki, son aylarda Almaniyada pərakəndə satışların və alıcılıq qabiliyyətinin azalması müşahidə olunur. Bu barədə məlumatı "www.bbc.com" saytı yayıb. Müşahidə olunan azalma 2012-ci ilin əvvəlində istehlakçı xərclərinin iqtisadiyyata gözlənilən dəstəyi vermədiyini göstərir.

Ötən aylarda Almaniyada keçirilən sorğu nəticəsində sənaye müəsisələrinin birjalara olan etimadını doğrultduğunu göstərsə də, mütəxəssislər iqtisadi böhranın bundan sonrakı mərhələlərdə ölkədə bir çox sahələrdə geriləməyə gətirib çıxaracağını proqrnozlaşdırırlar. Onlar bu qənaətə ötən ilin nəticələrinə əsasən gəlmişlər. Çünki 2011-ci ilin son rübündə Almaniya iqtisadiyyatı 0,2 faiz geriləyib. Bu göstərici Avrozona iqtisadiyyatının ən böyük ölkələrindən olan Almaniyanın böhran içərisində olduğunu sübut edir. "www.reuters.com"un yazdığına görə Almaniyada Avropa Birliyinin iqtisadi böhranın aradan qaldırılması siyasətinə qarşı etiraz aksiyaları keçirilib. Frankfurtda təşkil olunan nümayişdə üç mindən çox insan iştirak edib. Aksiya iştirakçıları daha sonra Mərkəzi Avropa Bankının binasına yürüş ediblər. Etirazçılar mağaza və dükanların vitrinlərini sındırmış, kütləvi talanlar törədiblər. Aksiyanı dağıdan təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında güclü qarşıdurma yaranıb. Kütləni dağıtmaq üçün polis yüksək təzyiqli su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Bundan qəzəblənən nümayişçilər asayiş keşikçilərinə daş və içərisi boya ilə doldurulmuş şüşə qablar atıblar. Toqquşmalarda onlarca insan yaralanıb, 200-dən çox etirazçı həbs edilib. "www.spiegel.de" internet resursu yazır ki, Avropa Şurası Almaniyanı korrupsiya ilə zəif mübarizə aparmaqda ittiham edir. Məlumatda deyilir ki, "Greco" qurumunun Almaniyada son üç ildə apardığı araşdırmalarının nəticələrinə görə, ölkədə bu müddət ərzində korrupsiya ilə mübarizə artmaq əvəzinə, əksinə, azalıb. Bildirilir ki, 2009-cu ildə Avropa Şurası Almaniyada korrupsiya ilə mübarizəyə dair 20 bəndlik hesabat hazırlamışdı. Ekspertlərin müşahidələrinə görə, həmin 20 bəndin yalnız 4-ə əməl edilib. "Greco" qurumu Merkel hökumətini korrupsiya ilə bağlı tədbirləri sərtləşdirən qanunun hələ də qəbul edilməməsində günahlandırır. Onların sözlərinə görə, qəbul edilməli olan qanun deputat və digər dövlət məmurlarının korrupsiya ilə əlaqəli olduğu müəyyənləşdikdə, sərt cəza tədbirlərini özündə ehtiva etməlidir. Bu barədə ilkin razılıq hələ 1999-cu ildə əldə olunsa da, hakim qüvvələr hələ onu qanun şəklinə salmağa tələsmirlər.

Almaniyanın ictimai-siyasi həyatında daha bir qalmaqal internetdən istifadə ilə bağlıdır. "www.lenta.ru" "Handelsblatt" qəzetinə istinadən yazır ki, Almaniyanın hakim Xristian-Demokratlar İttifaqı Partiyasının Şimali Reyndə seçkiqabağı kampaniyada domen adların qanunsuz istifadəsi ifşa edilib. Partiyanın üzvləri Ratingen dairəsində Pirat Partiyasının domen adlarından istifadə etməklə qeydiyyatdan keçiblər. Pirat Partiyası adından internetdə üç səhifə açan Xristian Demokratlar İttifaqının üzvləri bu addımla həmin sayta daxil olanların avtomatik surətdə hakim partiyanın nümayəndəsi Vilhelm Drostenin namizədliyinə səsvermə çağırışlarını görməsinə zəmin yaradıblar. Almaniyada domen adların verilməsi ilə məşğul olan DENİC şirkətinin nümayəndələri bildiriblər ki, həmin saytlar Xristian Demokratlar İttifaqının Ratingen üzrə keçmiş sədri Udo Şekermannın adına qeydə alınıb. Sabiq sədr isə bu barədə məlumatlı olmadığını deyib. Ratingen merinin müavini, Xristian-Demokratlar Partiyasının üzvü David Lüngen buna münasibət bildirərək qeyd edib ki, bu addım Pirat Partiyasının internet məkanında qeyri-leqal işlərinin nəticəsidir.


Naib NİFTƏLİYEV

Digər xəbərlər