Gələn ay Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu ərəfədə ölkədə yaşanan siyasi gərginlik tədricən özünün zirvə nöqtəsinə yaxınlaşmaqdadır. Səbəb isə Ermənistan prezidenti Serj Sarkisyanın yenidən seçki prosesini saxtalaşdırmaq məqsədidir. Buna öz etirazını bildirən müxalifət iqtidarın tətbiq etmək istədiyi növbəti saxtakarlıqlara qarşı daha ciddi müqavimət göstərəcəyini bəyan edib və yenidən prezident Serj Sarkisyanın istefasını gündəmə gətirib.
Ermənistan Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan məsələ ilə bağlı verdiyi açıqlamalarında bir çox maraqlı faktlar barədə məlumat verib. Seçici saylarının artırılmasına toxunan Ter-Petrosyan bildirib ki, 2008-ci ildə keçirilmiş prezident seçkisi ilə müqayisədə hazırda seçicilərin sayı 185 min nəfər çoxdur: "Bu 185 min seçici Ermənistan polisinin rəhbəri Vova Qasparyanın Serj Sarkisyana hədiyyəsidir. Qasparyan belə "hədiyyələr"lə Sarkisyana nümayiş etdirməyə çalışır ki, əgər 4 ildə seçicilərin sayını bu qədər artıra bilibsə, demək, Ermənistan polisinin eks-rəhbəri Alik Sarkisyanla müqayisədə "dahi nazir"dir".
Sabiq prezident onu da vurğulayıb ki, Ermənistanı tərk etmiş seçicilər hazırkı hakimiyyətin seçkiləri saxtalaşdırması üçün əsas resurslardan biridir. Onun fikrincə, hakimiyyətin Seçki Məcəlləsinə səs vermiş şəxslərin siyahısının seçkidən əvvəl açıqlanmasını nəzərdə tutan dəyişikliyin edilməsinə razılaşmaması da bununla bağlıdır. Müxalifət lideri bütün vətəndaşları və jurnalistləri beynəlxalq müşahidəçilərlə, xarici dövlət səfirləri ilə görüşlərdə bu məsələni qaldırmağa çağırıb: "Suallarınızla həm müşahidəçiləri, həm səfirlikləri bombalamalısınız. Beynəlxalq müşahidəçilər və xarici ölkə səfirliklərinin nümayəndələri bu məsələni qaldırmayacaqlarsa, onlar da seçki cinayətkarlığının iştirakçısına çevriləcəklər".
Politoloq Rüstəm Məmmədov "Səs" qəzetinə verdiyi açıqlamasında bu və digər məsələlərə aydınlıq gətirərkən bildirib ki, necə olur ki, erməni sosioloqları və Statistika Komitəsi hər il ermənilərin ölkəni tərk etmələri haqda statistik rəqəm yaysa da, buna zidd olaraq seçici siyahılarındakı şəxslərin sayı durmadan artır: "Hətta iş o yerə çatıb ki, Ermənistanda seçicilərin siyahıya alınması zamanı evlərdən birində 101 nəfər şəxsin qeydiyyatda olduğu müəyyənləşdirilib. Artıq hakim koalisiyada yer alan "Çiçəklənən Ermənistan" partiyası da seçici siyahılarının "ölü canlar"dan təmizlənməsi prosesində iştirak etməyə hazır olduğunu bəyan edib. Belə ki, Levon Ter-Petrosyan erməni mətbuatına verdiyi açıqlamasında Ermənistanda yaşamayan 700 min şəxsin adının seçici siyahılarına salındığını vurğulayıb. Parlament seçkisinə qatılan "Daşnaksütyun" partiyası və "İrs" siyasi fraksiyası da seçici siyahısının süni şəkildə genişləndirilməsi faktının mövcud olması və bu faktın tezliklə aradan qaldırılması üçün müvafiq addımların atılmasının vacibliyini bildiriblər".
R.Məmmədov onu da vurğulayıb ki, Ermənistanda seçkiqabağı təbliğat kampaniyasına da düzgün əməl olunmur: "Belə ki, seçkiqabağı təbliğat kampaniyasının başlamamasına rəğmən hakim Respublika Partiyasının bütün ölkə ərazisində təbliğat aparılır, çoxsaylı seçki qərargahları yaradılaraq, hər tərəfdə əhalini respublikaçılara səs verməyə çağıran plakatlar asılıbdır. Ölkədə yaranmış bu pozuntular isə seçkiərəfəsi böyük iğtişaşların baş verəcəyi deməkdir".
Politoloq onu da bildirib ki, Respublika Partiyasının nümayəndələri əhalinin arasında təbliğata başlayıblar. R.Məmmədovun sözlərinə görə, hakimiyyətin təbliğatçıları yeni texnologiya işləyib hazırlayıblar. Politoloq məsələni şərh edərək bildiribdir ki, iqtidar bu başdan seçkilərdən sonra ictimai narazılıq dalğası qalxacağını güman edir və bunun üçün polis qüvvələrinə hərbi təcrübə lazım gələcəyini ehtimal edir? Belə deyilsə, Ermənistan hakimiyyətinə ordunun ölkədaxili proseslərə müdaxiləsinin genişləndirilməsi və ölkədaxili həyatın hərbiləşdirilməsi nəyə lazımdır? Bu, hakimiyyətin özü tərəfindən təntənə ilə elan edilmiş "İnan ki, dəyişiləsən!" şüarına və ədalətli seçkilər keçiriləcəyinə inanmadığına dəlalət edir. Əks təqdirdə, hərbiləşdirilmə haqqında düşünməyin nə mənası var? Təmiz və ədalətli seçkilərdən sonra ordunun müdaxiləsinə ehtiyac yaranmamalıdır.
R.Məmmədov ehtimal edir ki, Serj Sarkisyan müxalifətdən çox iqtidardan qorxur: "Çünki o, azacıq da olsa ədalətli seçkilər keçirməyə çalışsa, hakimiyyətdaxili status-kvo pozular. Və seçkilərin perspektivindən narazı hakimiyyət qruplaşmaları ona qarşı müxtəlif cür təhriklər edə bilərlər". O, Serj Sarkisyanın "Kimdən müdafiə olunmaq üçün müdafiə xətti yaradır" sualına cavab verərək deyir ki, Sarkisyan 4 il prezidentliyi dövründə elə siyasət yeritməyib ki, heç olmasa kimsə ondan razı qalsın: "Serj Sarkisyan yeritdiyi siyasətindən müdafiə olunmaq istəyir demək daha düzgün olardı".
Bütün bunlar işğalçı ölkənin uçurumun astanasında olduğunu aydın nümayiş etdirir. Göründüyü kimi, seçkiöncəsi proseslərin inkişafı özünü seçkisonrası hadisələrin başlanğıcı kimi sərgiləyir ki, bu da bütün mənalarda Ermənistanda mart hadisələrindən sonra daha gərgin anların yaşanacağından xəbər verir. Təkcə son günlərdə baş verən iqtidar-müxalifət çəkişmələrinin aqressiv şəkil alması bu kimi proqnozların reallaşmasına xidmət edir.
Aytən Səmədova