PDF Oxu

Araşdırma

  • 1 021

Ölkəni tərk etmək üçün daha bir fürsət

Ölkəni tərk etmək üçün daha bir fürsət

Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, ölkədəki siyasi mühit daha da qızışmaqdadır. Müxtəlif siyasi opponentlər arasında gedən sərt mübarizə dalğası onsuz da sabit olmayan ölkəni növbəti qanlı-qadalı günlərə tərəf sürükləyir. Belə bir vəziyyət, sözsüz ki, sadə vətəndaşların da həyatlarına mənfi təsir göstərməkdədir. Bu arada işsizlik vəziyyəti Ermənistanda əksər ailələri əhatə edən əsas problemdən birinə çevrilib. Bunu ölkənin APSC - Siyasi və Sosioloji Məsləhətləşmələr İnstitutunun 1000 sakin arasında keçirdiyi sorğunun nəticələri sübut edib. Sorğuda sual edilib ki, hazırda ən çox hansı problem əhalini narahat edir? Respondentlərin 52,4 faizi işsizliyi göstərib. Ermənistanın "News.am" informasiya portalının verdiyi xəbərə görə ermənilərin 20,1 faizi onların ailələrinin ən çox maliyyə problemləri ilə üzləşdiklərini bildirirlər. Eyni zamanda, əhalinin 10,4 faizi mənzil, 9,4 faizi aşağı əmək haqqı, 7 faizi isə səhhəti ilə bağlı problemləri ən ciddi fəsad kimi göstərib.

Lakin bununla yanaşı, Ermənistanda parlament seçkiləri öncəsi ölkəni tərk etmək istəyənlərin də sayı durmadan artmaqdadır. Bu mənada, orada siyasi motivlərdən zamanında istifadə etmək üçün planlar da mövcuddur. Müstəqil və müxalifətdən olan vətəndaşlar yaxşı bilirlər ki, onların seçkilərdəki qalibiyyətləri mümkün deyil. Yəni onların səsləri oğurlanacaq. Bu səbəbdən də, onların ədalət axtarışlarına qarşı iqtidar tərəfdən hücumların olacağı da şübhə doğurmur. Bu və bu kimi məsələləri Ermənistan mətbuatı da yazmaqda davam edir.


"Qraparak": - " Seçkilər Avropada siyasi

sığınacaq tampaqdan ötrü ən yaxşı vasitədir"


Qəzetin yazdığına görə, Ermənistanın bir çox vətəndaşları qarşılarına məqsəd qoyublar ki, ən qısa zamanda Avropa ölkələrinə mühacirətlər etsinlər və həmin ölkələrdə siyasi sığınacaqlar alsınlar: "Lakin bunun üçün sübutlar lazımdır. Bu baxımdan seçkilər həmin insanlar üçün əla fürsətdir. Aparılan araşdırmalara görə, siyasi mühacirətə getmək istəyən şəxslər hazırda müxalifət düşərgəsindəki namizədlərin ən yaxın adamları qismində fəaliyyət göstərirlər. Bu amil isə onlar üçün sözügedən məsələdə ən rahat vasitədir. Və əgər hər hansı seçki məntəqəsində ciddi insident baş verəcəksə, həmin hadisə onların Avropaya qaçmaları üçün daha relevant nəticə ola bilər". Təbii ki, belə bir situasiyada bir nüans üzərində dayanılır ki, bu da Ermənistanda istər seçki, istərsə də qeyri-mühüm hadisələrdə kriminalın xüsusi mövqe tutmasıdır. Hətta buraya hüquq-mühafizə orqanlarının da müdaxilə etmələrini, kriminal dairələrlə əlbir olmalarını aid etmək mümkündür.


"Joxovurd": "Ermənistan regionlarının birində polis rəisi aşkar şəkildə seçki prosesinə müdaxilələr edir"


Adıçəkilən qəzetin yazdığına görə, onların redaksiyasına Artaşat inzibati rayon mərkəzində yaşayan bir qrup sakin müraciət edib. Onlar öz şikayət ərizələrində yazıblar ki, yerli polis rəisi Arsen Abramyan iqtidarda olan Respublikaçılar partiyasının namizədi Karine Poqosyanın seçki təbliğatı kampaniyasına qoşulub. Daha sonra həmin polis rəisinin Ermənistan parlamentinin keçmiş spikeri, hazırda Respublikaçılar partiyasının seçki qərargahının sədri Ovik Abramyanın yaxın qohumu olduğu bildirilir: " Namizəd Karine Poqosyan da onun yaxın qohumlarındandır. Arsen Abramyan isə, öz növbəsində, nəinki seçki qanunvericiliyini aşkar şəkildə pozur, hətta burada əlində olan bütün resusrslardan rahat olaraq istifadə edir".


"Orinats Yerkir" partiyası: "İqtidar partiyasının nümayəndələri sadə vətəndaşları ələ almaqdan ötrü onlara vaxtı ötmüş mürəbbə və cemlər paylayırlar"


Təbii ki, Ermənistandakı bu kimi hadisələrin baş verməsi seçkiöncəsi kampaniyalarda daha çox müşahidə olunmaqdadır ki, bu kimi halların baş verməsində bilavasitə hakim Respublikaçılar partiyasının yetkililəri əsas rol oynayırlar. "Orinats Yerkir"in mətbuat katibi Arutyun Amiryan deyir ki, insanların aclıq və səfalətindən istifadə edən iqtidar adamları Vanadzorda vaxtı ötmüş mürəbbə və cemlər paylayırlar: "Respublikaçıların nümayəndələri şər atmağa çalışırlar ki, guya "Orinats Yerkir"-in namizədləri təqaüdçü qadınlara baş örtükləri paylayır. Amma bizdə olan faktlara görə, iqtidar partiyasının nümayəndələri sadə vətəndaşları ələ almaqdan ötrü onlara vaxtı ötmüş mürəbbə və cemlər paylayırlar".

Baş verənlərdən belə qənaətə gəlmək mümkündür ki, işğalçı ölkədə baş alıb gedən korrupsiya, özbaşınalıq, oliqarx monopoliyaları nəticəsində Ermənistan təlatüm və üsyanlar astanasındadır. Görünür, may ayının 6-da keçirilməsi nəzərdə tutulan parlament seçkiləri baş tutmaya da bilər. Hər halda, həmin ölkədə baş verən qarmaqarışıq hadisələr bu proqnozu söyləməyə yetərincə əsaslar verir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər