Hazırda əhalinin məşğulluğu və ya işsizlik Ermənistanda əksər ailələri əhatə edən əsas problemlərdən birinə çevrilib. Son bir neçə ildə ölkəni milyondan artıq vətəndaşın tərk etməsinə baxmayaraq, ölkədə işsizlik və yoxsulluq göstəricisi həddən artıq yüksək olaraq qalır.
Ermənistan əhalisi yoxsulluq içində yaşayır
Bunu APSC - Siyasi və Sosioloji Məsləhətləşmələr İnstitutunun 1000 nəfər yerli sakin arasında keçirdiyi sorğunun nəticələri də bir daha təsdiqləyir. "Hazırda ən çox hansı problem sizi narahat edir" sualına respondentlərin 52,4 faizi işsizliyi göstərib. Sorğunun nəticələri Ermənistanın "News.am" saytında və nisbətən müstəqil sayılan bir sıra erməni KİV-ində ətraflı işıqlandırılıb. Keçirilən sorğuda iştirak edənlərin 20,1 faizi isə bildirib ki, onların ailələrini ən çox maliyyə problemləri narahat edir. Beləliklə, müvafiq rəqəmləri cəmlədikdə, aydın olur ki, bu gün Ermənistanda əhalinin ən azı 72,5 faizi maddi ehtiyac və yoxsulluq içində yaşayır. Rəyi soruşulanların 10,4 faizi mənzil, 9,4 aşağı əmək haqqı, 7 faiz isə səhhəti ilə bağlı çətinlikləri ən ciddi problem kimi qeyd edib.
Miqrasiyanın başlıca səbəbi işsizlikdir
"News.am"-a istinadən verilən müvafiq məlumatlarda bildirilir ki, müvafiq araşdırma QHT-lər tərəfindən aparılıb və ATƏT tərəfindən dəstəklənib. Tədqiqatın miqrantlarla bağlı hissəsi Ermənistan üçün daha acınacaqlı və fəlakətli göstəriciləri aşkara çıxarıb. Burada sosioloji araşdırmanın nəticələrinə istinadən vurğulanır ki, mühacirət edənlərin 93,5%-i işsizlik problemlərini əsas səbəb kimi göstərib. Eyni zamanda, miqrasiya edənlərin 46,5%-i ölkədə iş olmadığını deyib, 43%-i isə maaşların aşağı olmasından şikayətlənib.
Araşdırma nəticəsində bəlli olub ki, miqrantlardan yalnız 13,1%-i işləyir, onların çox cüzi hissəsi - 1,7%-i iqtisadi cəhətdən fəal olan qadın və kişilərdir. Onlardan yarısı 21-40 yaş arası, digər yarısı isə 41-60 yaşlarındadır.
Mövcud problemlər siyasi rəqabəti kəskinləşdirir
Növbəti parlament seçkiləri ərəfəsində mövcud sosial-iqtisadi problemlər Ermənistanda siyasi rəqabəti daha da kəskinləşdirib. Bu ölkədə baş verənlər yenidən xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Həmişə olduğu kimi, bu dəfə də məşğulluq səviyyəsinin həddən artıq aşağı olması, yoxsulluq, işsizlik, milli fəlakət səviyyəsinə çatmış mühacirət problemi önə çəkilir.
Bununla bağlı "BBC" teleradio korporasiyasının internet saytında "Ermənistan miqrasiyası - kəndlərdə yalnız qadınlar qalıb" başlığı altında yerləşdirilmiş məqalədə kişilərin evlərini tərk etməsi, bütöv kəndlərin qadınların öhdəsində qalması barədə məlumatlar verilir. Məqalənin müəllifi Demien Makginnes qeyd edir ki, Ermənistanın Dzorqyux qəsəbəsindəki sahələrdə yalnız qadın və uşaqların işlədiyini görmək olar. Müəllif bunun səbəbini kişilərin qazanc arxasınca Rusiyaya getmələrilə izah edir.
Qadınlar kişilərin əvəzinə çalışır
Kənd qadınlarıyla söhbətinə toxunan D.Makginnes vurğulayır ki, zərif cinsin nümayəndələri ərlərini ildə yalnız bir dəfə gördüklərini və həyat yoldaşlarından narahatlıq keçirdiklərini bildiriblər. Müəllif Ermənistandakı miqrasiya təşkilatının rəhbəri İlona Ter-Minasyanın da sözlərinə yer verir. Erməni mütəxəssis bildirib ki, kişilər ölkəni tərk etdiklərinə görə kəndlərdəki qadınlar kişilərin əvəzinə ağır işlərlə məşğul olurlar. Mövcud problemlərin daha böyük olduğunu vurğulayan müəllif əlavə edir ki, Ermənistandakı QİÇS xəstələrinin əksəriyyəti Rusiyada yaşayan kişilərdir: "Onlar ölkədə bu təhlükəli virusun yayılmasında böyük rol oynayırlar".
İşğalçı ölkədə demoqrafik balans pozulub
Diqqəti çəkən odur ki, Ermənistanda yerli statistik məlumatlarda işsizlik səviyyəsinin 7 faiz olduğu göstərilir. Əslində isə, bu göstərici azı, 7-8 dəfə yüksəkdir. Ermənistanda işsizlik müavinətlərinin çox aşağı olduğundan əksər işsizləri qeydiyyatdan keçmir. Yalnız bu amili nəzərə alan britaniyalı jurnalist bununla bağlı əlavə edir ki, real rəqəm 30 faizə yaxındır. Yerli qurumların araşdırmalarına görə, əslində, Ermənistanda işsizlik göstəricisi 58 faizdən yuxarıdır. Məhz bu səbəbdən hər il Ermənistanı 100 minə yaxın vətəndaş tərk edir. Ölkəni tərk edənlərin əksəriyyətinin kişilər olması isə işğalçı ölkədə demoqrafik balansın pozulmasına gətirib çıxarıb. Bunu yerli hüquq müdafiəçisi Karine Danielyan da açıq şəkildə etiraf edir: "Bu, həqiqətən də, ciddi problemdir. Qızların ərə getmək şansı olmayan nəsli yetişir. Ona görə ki, bütün oğlanlar ölkəni tərk edirlər. Buna görə də, hazırda Ermənistanda doğum səviyyəsi əhalinin sabitliyini qorumaq üçün çox aşağıdır".
"Vaşinqton Fayl" agentliyinin materialında isə daha bir maraqlı məqam diqqəti çəkir. Agentliyin müvafiq şərhində vurğulanır ki, Ermənistan yeni iş yerləri açmaq imkanında deyil.
Yarıtmaz iqtisadi siyasət... özünütəcrid siyasəti Ermənistanı məhvə sürükləyir
"İrs" parlament fraksiyasının katibi Larisa Alaverdiyan cari ilin mart ayında "Vestnik Kavkaza" saytına verdiyi müsahibəsində indiki erməni hakimiyyətinin yarıtmaz iqtisadi siyasətindən danışmaqla yanaşı, mühacirətə rəsmi dairələrdən stimul verilməsi fikrinə də münasibətini açıqlayır. Ermənistanda stabil iqtisadi artımın və əmək bazarının olmadığını, o cümlədən, işsizlik səviyyəsinin rəsmi rəqəmlərdən daha çox olduğunu vurğulayan L.Alaverdiyan mühacirətlə bağlı maraqlı məqama toxunur: "...Hələ respublikada birinci prezident dövründən həmişə belə bir sual aktual olmuşdu: Ermənistan nə qədər əhalini yaxşı saxlaya bilər? Bir zamanlar 2,7 milyon nəfər barədə fikirlər səsləndirilmişdi, hansı ki, bu rəqəm sonradan 900 min nəfərə endirildi".
L.Alaverdiyan bildirir ki, Ermənistandan davam edən mühacirət dövlət siyasətinin nəticəsidir və əhalinin ölkəni tərk etməsi idarə olunan prosesdir.
Beləliklə, ermənilərin yoxsulluq, işsizlik ucbatından ölkələrini kütləvi şəkildə tərk etmələri nüfuzlu informasiya vasitələri tərəfindən də etiraf olunur. Bütün bunlar işğalçı Ermənistanın sosial-iqtisadi fəlakət həddində olduğunu, təcavüzkarlıq və regional özünütəcrid siyasətinin bu ölkəni məhvə sürüklədiyini təsdiqləyir.
Naib NİFTƏLİYEV