PDF Oxu

Araşdırma

  • 1 031

Ermənistanda seçki qarşıdurması

Ermənistanda seçki qarşıdurması

Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca siyasi qüvvələr arasında yaşanan gərginlik artmaqdadır. Bu, yerli iqtidar koalisiyası ilə müxalif qüvvələr arasında ziddiyyətlərin daha da kəskinləşməsi ilə müşayiət olunur. Bəlli olduğu kimi, işğalçı Ermənistanda parlament seçkiləri mayın 6-da keçiriləcək. Hazırda burada təbliğat-təşviqat kampaniyasının ən kəskin, dramatik mərhələsi yaşanır. Tərəflər bir-birini ən sərt ifadələrlə ittiham edirlər, bir sıra yerlərdə namizədlər və onların tərəfdarları arasında açıq qarşıdurmalar baş verir.


Levon Ter-Petrosyan: "Cinayətkar rejimə səs verməyin"

Qeyd edək ki, Ermənistan parlamentində deputatların sayı 131 millət vəkilindən ibarətdir. Onların 91-i proporsional, 40-ı majoritar sistemi üzrə seçilir. Seçkilərdə 8 siyasi partiya və bir partiyalar bloku iştirak edir. Ekspertlər seçki prosesində əsas mübarizənin Respublikaçılar, Firavan Ermənistan Partiyaları və müxalif Erməni Milli Konqresi (EMK) arasında getdiyini vurğulayırlar.

EMK-nın sədri, sabiq prezident Levon Ter-Petrosyan isə vaxtilə yüksək postlara təyin edib "irəli" çəkdiyi xələflərini, indiki iqtidarın təmsilçilərini açıq şəkildə cinayətkar adlandırır, seçiciləri hakimiyyəti qəsb edən Serj Sarkisyan rejiminin təmsilçilərinə səs verməməyə çağırır, "Cinayətkar rejimə bir səs də verməyin!" deyir. L.Ter-Petrosyan son çıxışlarında "Kimdən, nədən qorxursuz" deyərək, seçicilərə aşkar etirazlara və itaətsizliyə çağırır: "Hətta onlar adamların qorxudan evdə oturduqlarını desələr də, mən əminəm ki, əhalinin çoxu bizim lehimizə, hakimiyyətin əleyhinə səs verəcək".


Seçki siyahıları "ölü canlar"dan təmizlənəcəkmi?


L.Ter-Petrosyan Respublika və Orinats Yerkir partiyalarına səs verənlərin cinayətkara çevriləcəyini vurğulayıb: "Onlar gecə-gündüz sizi talan edəcək, uşaqlarınızı əsgərliyə aparıb sülh şəraitində öldürəcək, dərinizi soyacaq, evlərinizi və torpaqlarınızı əlinizdən alıb, sonra da onlara səs vermənizi xahiş edəcəklər. Ona görə də mən deyirəm ki, hakimiyyətə bir dənə də səs verməyin!"

Bütün bunların fonunda, S.Sarkisyan iqtidarının seçkiləri növbəti dəfə saxtalaşdırmaq niyyəti aydın görünür. Hakimiyyət dairələrinin seçicilərin sayını süni şəkildə artırması yalnız müxalif qüvvələri deyil, iqtidar koalisiyasına daxil olan "Çiçəklənən Ermənistan" partiyasının təmsilçilərini də narazı salıb. EMK-nın sədri L.Ter-Petrosyan bununla bağlı bildirib ki, 2008-ci ildə keçirilmiş prezident seçkisi ilə müqayisədə hazırda seçicilərin sayı 200 min nəfər çoxdur. Hakim koalisiyada təmsil olunan "Çiçəklənən Ermənistan" partiyası da belə bir saxtalaşdırmanın olduğunu etiraf edərək, seçici siyahılarının "ölü canlar"dan təmizlənməsi prosesində iştirak etməyə hazır olduğunu bəyan edib.


Bütün saxtakarlıq faktları ortadadır


Diqqəti çəkən odur ki, parlament seçkisinə qatılan "Daşnaksütyun" partiyası və "İrs" siyasi fraksiyası da seçici siyahısının süni şəkildə genişləndirilməsi faktının mövcud olmasını vurğulayırlar. Eyni zamanda, bu iki partiyanın təmsilçiləri də faktın tezliklə aradan qaldırılması üçün müvafiq addımların atılmasının zəruriliyini bəyan edirlər. Lakin Ermənistanda parlament seçkilərinə cəmi 2 həftə qaldığını nəzərə alsaq, bundan sonra seçki siyahılarında ciddi dəyişikliyin ediləcəyi, saxta siyahıların normal seçici siyahıları ilə əvəz ediləcəyi qətiyyən inandırıcı görünmür.

Bu ərəfədə müxalifətdə olan "İrs" partiyası ilə birgə seçkilərə getmək qərarına gələn "Azad Demokratlar" partiyasının sədri Xaçatur Kokbelyan bildirib ki, onların xeyirinə veriləcək heç bir səsin oğurlanmasına imkan verməyəcəklər: "Biz seçki prosesi dövrü hər bir xırda detallara belə diqqətlə yanaşacağıq və biz buna tam hazırıq. Müxalifət qazanacağı səsləri qorumağa qadirdir". O, qeyd edib ki, hazırda müxalifətin əlində iqtidar komandasının bütün saxtakarlıq nümunələri mövcuddur: "Məhz bu səbəbdən seçkidə xüsusi adamlarımız öz müşahidələrini aparacaq. Ümumi götürdükdə isə "İrs" partiyasının Ermənistan üzrə 70 qərargahı və həmin qərargahların hər birində iki nəfər inanılmış adamları vəziyyətə nəzarət edəcək. Pozuntu qeyd olunarsa, dərhal buna qarşı ciddi tədbirlər görüləcək".


Qara qəpiyə dəyməyən vədlər...


Yerevanın 7-ci seçki dairəsində majoritar siyahı üzrə namizədliyini irəli sürmüş və hakim Respublika Partiyası tərəfindən dəstəklənən millət vəkili Samvel Aleksanyanın seçki qərargahı da bəyanat yayıb və namizədin heç bir aidiyyəti olmadığı hadisənin "ciddi spekulyasiya predmetinə" çevrildiyindən gileylənib. İqtidar namizədinin qərargahı bildirib ki, Nikol Paşinyan və EMK-ın digər nümayəndələri ilə icma əhalisi arasında toqquşmaların əsas səbəbi müxalifət nümayəndələrinin əhaliyə payladıqları vərəqələrdə "Samvel Aleksanyan haqqında ehtiramsız fikirlər" söylənildiyi olub. Söhbət Nikol Paşinyanın çıxışlarında və təşviqat vərəqələrində millət vəkili Samvel Aleksanyanı adı ilə deyil, ləqəbi ilə çağırılmasından gedir. İnformasiya vasitələrində oliqarxın biznesə alt paltarı alverindən qədəm qoyduğuna görə, ona "Lfik" ləqəbi verildiyi eyhamla bildirilir.

Parlament seçkiləri ərəfəsində təbliğat-təşviqat kampaniyasının iqtidar təmsilçilərinin zorakılığı ilə müşayiət olunması da diqqətdən yayınmır. Belə ki, seçkilərdə müxalifətin namizədlərinə hücumlar ara vermir. Yerevanın Malatiya-Sebastiya rayonu 7 nömrəli seçki dairəsində təbliğat kampaniyası keçirən Erməni Milli Konqresinin fəalları və parlament üzvlüyünə namizədləri növbəti dəfə hücuma məruz qalıb. Hadisə həmin dairə üzrə namizədliyini irəli sürmüş "Haykakan jamanak" qəzetinin baş redaktoru Nikol Paşinyanın təbliğat materialları yayıldığı zaman baş verib. Erməni Milli Konqresi (EMK) müxalifət nümayəndələrinə qarşı zorakılıq təşkil etməkdə eyni seçki dairəsindən namizədliyini irəli sürmüş biznesmen, hakim Respublikaçılar Partiyası tərəfindən dəstəklənən Samvel Aleksanyanın məsuliyyət daşıdığını bəyan edib. Müxalif EMK nümayəndələri - deputatlığa namizədlər Babken Qaroyan, jurnalist Qayane Arustamyan və sabiq Mərkəzi Seçki Komissiya üzvü Zoya Tadevosyan 7 nömrəli seçki dairəsində hücuma məruz qalıblar. Qayane Arustamyamın sözlərinə görə, "10-12 nəfərdən ibarət ibarət banda" Arustamyanın "başına yumruqla vurub, şapalaqlayıblar, Qaroyanı təpik altına salıblar". Babken Qaroyana tibbi yardım göstərilib, onun burnunun sındırıldığı müəyyən edilib.

EMK faktla bağlı polisdən provokatorların aşkar edilib cəzalandırılmasını tələb edir. "Baş verən qanunsuzluqlar rejim başında duran Serj Sarkisyanın qanuni seçkilər təşkil etmək haqqında vədlərinin qara qəpiyə dəymədiyi deməkdir", - deyə EMK seçki blokunun bəyanatında bildirilib.


Ermənistan dünya xəritəsindən silinir


Növbəti seçkilər ərəfəsində Ermənistanda saxtakarlıq, seçiciləri pula və müxtəlif şirnikləndirici vasitələrlə ələ almaq adi hala çevrilib. Hakim partiyanı təmsil edən deputatlığa namizədlər bu istiqamətdə fəallıqları ilə seçilirlər. Ağır iqtisadi və sosial durumda olan erməni əhalisinin isə bu vasitələri qəbul etdikləri başa düşüləndir. İşsizlik və korrupsiyanın baş alıb getdiyi bir ölkədə əhali onlara təqdim olunan sədəqəni böyük məmnuniyyətlə alırlar. "Yaranmış vəziyyət ölkəni xaosa və məhv etməyə doğru aparır". Bunu Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan seçicilərlə görüşdə səsləndirib. O, əhalini hakimiyyət namizədlərinin şirin vədlərinə inanmamağa çağırıb. "Bu millət, bu ölkə onu idarə edənlərin ucbatından dünya xəritəsindən silinərək məhv olur" - deyə Levon Ter-Petrosyan bildirib. O, əlavə edib ki, bu, hamı üçün çox ciddi siqnal olmalıdır.


Naib NİFTƏLİYEV

Digər xəbərlər