Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində tarixi-memarlıq abidələrini dağıtmaqla, qəsdən korlamaqla yanaşı, təbii sərvətlərimizi talamaqla da məşğuldur.
Rəsmi məlumatlara görə, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir.
İşğal edilmiş ərazilərdə təbii sərvətlərimiz talanır
Ermənilər işğal edilmiş ərazilərdən təbii sərvətləri talamağa əsasən 2000-ci illərin əvvəllərində başlayıblar. Daha çox ABŞ, Rusiya, İsveçrə, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Hollandiya və digər dövlətlərin şirkətləri Qarabağa və işğal edilmiş digər ərazilərə investisiya yatırırlar. Son məlumatlara görə, Qarabağda təbii ehtiyatların istismarına 30-a yaxın şirkət cəlb edilib
1997-ci ilin sentyabr ayında Kəlbəcərdə filizçıxarma işlərinin aparılması üçün Ermənistanın Sənaye və Ticarət Nazirliyi ilə Kanadanın "First Dynasty Mines" ("FDM") şirkəti arasında müqavilə imzalanıb. "FDM"in aktivləri "STERLİTE GOLD LTD" Şirkətinə məxsusdur. Şirkətin baş qərargahı Böyük Britaniyanın London şəhərində, səhmləri isə Toronto fond birjasında hərraca çıxarılır.
Kəlbəcərin Ermənistanla sərhəd bölgələrindəki zəngin qızıl yataqlarında qanunsuz istismarı indi də davam edir. Ağdərə və Zəngilanda da qızıl yataqlarının talan edilməsi başlayıb. Ermənilər tərəfindən talan edilən Vejnəli qızıl yatağı Zəngilan rayonu ərazisində yerləşir. Burada qızıl ehtiyatları 6,5 ton təşkil edir. Qara mis istehsalı ilə məşğul olan "Armenian Copper Proqramme" (ACP) QSC-i əldə edilmiş məhsulu Avropanın misəritmə zavodlarına göndərir. Bir neçə il əvvəl isə Dağlıq Qarabağdan MMC "GF" firması və Kuba şirkəti ilə Qarabağın qiymətli daşlarından istifadə etməklə kiçik suvenirlərin hazırlanması işlərinin başlanması üçün razılıq da əldə etmişdi və bu layihəyə 20 milyon dollar yatırmaq nəzərdə tutulmuşdu.
Xarici şirkətlər Dağlıq Qarabağa sərmayə yatırır
2002-ci ilin avqust ayında yaradılmış "Base Metals" MMC şirkəti artıq bir neçə ildir ki, Ağdərə rayonunun Qızılbulaq (Drambon) kəndindəki mis-qızıl mədənlərini işlədir. Məlumata görə, Qızılbulaq yatağında qızıl ehtiyatı 13,5 ton təşkil edir. Mədəndə hər ay 12 min ton filiz çıxarılır və saflaşdırma kombinatında emal edilir. Konsentrat Ermənistana aparılır, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılır. Bu şirkət Avstraliyanın "İnternational Base Metals Limited" şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. İşğal edilmiş ərazilərdə faydalı qazıntıların hasilatı ilə "Maneks və Valeks" adlı şirkət də məşğuldur. Bu şirkət Qarabağda işlətmək üçün Cənubi Amerika ərazilərindən (Braziliyadan və Argentinadan) 146 nəfər işçi gətirib.
Qızıl ehtiyatlarından sonra ən çox talanan sərvətlər
İşğal edilmiş bölgələrdə qızıl ehtiyatlarından sonra ən çox talanan sərvətlər meşələrdir. Belə ki, Ermənistandan və xaricdən axın edən ermənilər Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq, yarımfabrikat şəklində xarici ölkələrə satırlar.
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Azərbaycanın işğal altındakı ərazilərində mis yataqlarının tamamilə talandığını açıqlayıb. Baqratyan deyib ki, Ermənistan ərazisində və Qarabağda mis yataqları yırtıcı templə istismar edilir: "Ermənistan hakimiyyətindəki oliqarxlar təkcə ölkə ərazisində deyil, Qarabağda da mis yataqlarını amansızlıqla talayıb. Artıq bizim Dağlıq Qarabağda və Alaverdidə mis yataqlarımız qalmayıb".
Bundan başqa, bəzi xarici şirkətlər var ki, onlar Azərbaycanın tarixi ilə bağlı tamamilə yanlış, uydurma, həqiqətə uyğun olmayan məlumatlar yayırlar, saxta xəritələr çap edirlər. Buna misal olaraq Ukraynanın "Sada" şirkətini, Rusiyanın Bayraqşünaslıq və Heraltika Mərkəzini, Sərbəst Səyahətçilər Akademiyasını, Belarusun "Velkom-CSM" şirkətini və digərlərini göstərmək olar.
Rusiyanın "Astravel" turizm şirkətinin Mərkəzi, Cənubi Ermənistanla yanaşı, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə turistlər üçün mədəni-tarixi turlar təşkil etməsi ilə bağlı məlumatlar da var.
Talanın qarşısı necə alınmalıdır?
Rəsmi Bakı işğal edilmiş ərazilərdə xarici şirkətlərin fəaliyyəti ilə bağlı faktları toplayaraq diplomatik kanallarla onların fəaliyyətini dayandırmağa çalışır. Məsələn, 2007-ci ildə Azərbaycan XİN-in etirazından sonra Dağlıq Qarabağda təbii sərvətlərin istismarı ilə məşğul olan Rusiya şirkətlərinin fəaliyyətini dayandırmaq mümkün olub. Misirin "Mobinil" mobil operator şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən "Karabakh Telecom" ilə roaming sahəsində əməkdaşlıq etdiyi müəyyən edildikdən sonra Misir tərəfinə "Mobinil" ilə "Karabakh Telecom" arasında əməkdaşlığın dayandırılması üçün nota ilə müraciət edilib. Azərbaycanın müraciətinə uyğun olaraq, Misir hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində "Mobinil" ilə "Karabakh Telecom" arasındakı əməkdaşlıq dayandırılıb. Məsələn, bir neçə dəfə ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı Mərkəzi Bank bəzi pulköçürmə sistemlərinin Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərdiklərini aşkar edib. Bu səbəbdən ölkədəki bütün banklara bu sistemlərlə işgüzar münasibətlərin dayandırılması tapşırığı verilib. İşğal olunmuş ərazilərdə fəaliyyət göstərən və qondarma respublikanın maliyyə qurumları ilə birbaşa işləyən təşkilatlara qarşı davamlı iş aparılır. Bundan başqa, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də bu ərazilərdə mobil rabitə xidmətləri təklif edən bəzi şirkətlərin oradakı fəaliyyətinin dondurulmasına nail olub. Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi GSM Assosiasiyasına müraciət etdikdən sonra Ukraynanın "KiyevStar" şirkəti Dağlıq Qarabağdakı fəaliyyətinə son qoyub.
CABİR