PDF Oxu

Araşdırma

  • 846

6 MAY - ERMƏNİSTANDA YENİ İNQİLAB TARİXİ

6 MAY - ERMƏNİSTANDA YENİ İNQİLAB TARİXİ

Ermənistanda 6 may tarixinə müəyyən edilmiş parlament seçkiləri yaxınlaşdıqca, ölkə daxilində davam edən kritik vəziyyət sonuncu həddə çatmaqdadır. Bu barədə yazan erməni qəzetləri ölkədə yeni inqilab tarixinin məhz 6 may olmasını da istisna etmirlər. Lakin buna baxmayaraq, hakim Respublikaçılar və iqtidaryönli "Çiçəklənən Ermənistan" partiyalarının namizədləri bütün gücləri ilə xalqı ələ almağa cəhd göstərir, müqabilində külli miqdarda maddi vəsaitlər xərcləyirlər. Müxalifətçilər isə məzarlıqlara gedərək, simvolik şəkildə ölülərə müraciət edirlər. Onlar vəfat etmiş insanları seçkilərə qatılmamağa səsləyirlər.


Panorama.am: " Müxalifətçi Mkrtıç Sapeyan respublikaçıların Tallin şəhərinin Araqatson vilayətində rüşvət payladığını iddia edir"


15 saylı seçki dairəsindən namizədliyini irəli sürmüş müxalifətçi Mkrtıç Sapeyan iddia edir ki, hazırda Tallin şəhərinin Aaraqatson vilayətində Respublikaçılar partiyasının namizədləri və onların yaxınları əhaliyə rüşvət paylamaqda davam edirlər. Rüşvətlərin məbləği 5000 dramdan başlayır və artır. Pulların paylanmasına isə kənd icra nümayəndələri nəzarət edirlər. Onlar, həmçinin, rüşvət alan vətəndaşların pasport seriyalarının nömrələrini də öz dəftərçələrində qeyd edirlər". Saytın yazdığına görə, bu ərəfələrdə Ermənistan respublika prokurorluğu xalqı qorxuzmaq adı ilə qeyri-rəsmi məlumat yayıb. Belə ki, prokurorluq nümayəndələri qəsəbə və kəndlərə gedərək, vətəndaşlara deyiblər ki, hər kim rüşvət alsa, ona toxunulmayacaq, ancaq kim rüşvət aldığı barədə prokurorluğa müraciət etsə, dərhal 3 ildən 5 ilə qədər həbs ediləcək.

Sayt qeyd edib ki, həmin ərazidə daha bir qeyri-qanuni vəziyyətlə rastlaşılıb. Belə ki, Aaraqatson vilayətinin Aaraqatsavan kəndindəki mənzillərin birində 88, digərində isə 22 nəfərin qeydiyyatda olduğu məlum olub.


"Qraparak" qəzeti :"Hörmətli ölülər, seçkilərə getməyin!"


Erməni qəzetinin yazdığına görə, Vayots - Dzorda, eləcə də, Vayk şəhərində "Çiçəklənən Ermənistan" partiyasıdan olan namizədlər potensial seçicilərin siyahılarını tərtib edərək, onlara pul və hər birinə 25 kq olmaqla un məhsulları paylamaqda davam edirlər: "Həmin ərazilərdə əhalidən pasportlar yığılıb və onların qeydiyyatları aparılıb. Lakin bu ərəfədə un məhsulları qıtlığı yaşanıb. Və növbəti adamlara paylanacaq unun yerinə pullar ödənilib". Qeyd edək ki, hazırda 1-ci sort unun 25 kilosu 5 min dramı təşkil edir.

Qəzet daha sonra yazır ki, müxalifəti təmsil edən Erməni Milli Komitəsinin namizədi Merujan Abrahamyan siyahılarda bir çox anlaşılmazlıqların olduğunu müəyyənləşdirib. Belə ki, həmin siyahılarda həyatda olmayan insanların da adları mövcuddur: "Biz əlimizə meqafon götürərək, məzarlıqlara getməyə məcbur olduq. Və orada mərhumlara müraciət etdik ki, hörmətli ölülər, əsla, seçkilərə getməyin!"


"Yerkir" qəzeti: " Aleksanyan seçicilərin borclarını "bağlayır"


"Yerkir"in yazdığına görə, hakim partiyanı təmsil edən Samvel Aleksanyan partiyadaşı və bacısının kürəkəni olan namizəd Koryun Naqapetyanı dəstəkləməkdən ötrü seçicilərin borclarını "bağlamağa" başlayıb: "O, yaxınlaşan hər kəsə 10-30 min dram arası pul paylayıb. Eyni zamanda, bildirib ki, əgər kimə daha çox pul lazımdırsa, seçki qərargahına gedib ərizə ilə müraciət etsin".

"Joxovurd" qəzeti: "Hakim Respublikaçılar partiyası səsvermə üçün xüsusi qələmlər hazırlayıb"


Erməni yazılı mətbuatının verdiyi informasiyaya görə, Ermənistanın müxtəlif bölgələrindən redaksiyalarına maraqlı faktlar daxil olmaqdadır: "Məsələ ondadır ki, Respublikaçılar partiyasından olan adamlar seçicilərə xüsusi nişanələri olan qələmlər hədiyyə edirlər. Onlar seçicilər qarşısında tələb qoyurlar ki, hər nə olursa-olsun, seçki günü məhz həmin qələmlərlə seçki bülletenlərini nişanlasınılar. Həmin qələmlər çox kiçik videokameralarla təchiz edilib və proses zamanı seçicinin hər bir hərəkətinə nəzarət olunacaq. Bu kimi xəbərlər, əsasən, Sünik, Lori və Tavuş tərəflərdən gəlməkdədir".


"Aytsak"qəzeti: "Giziryan təhdid edir"


Adıçəkilən qəzetin verdiyi məlumata görə, Şirak vilayətinin qubernatoru Aşot Giziryan aktiv şəkildə hakim Respublikaçılar partiyasının seçki marafonuna qoşulub: "Belə ki, qubernator bu günlərdə kənd icra nümayəndələrini, polis rəislərini, eləcə də, Amasiya və Aşosk rayonlarında yerləşən məktəb direktorlarını yanına çağıraraq, onların hər birini təhdid edib. O deyib ki, əgər kimin seçki ərazisində Respublikaçılar partiyasının namizədi az səs toplayarsa, həmin adamı dərhal vəzifəsindən uzaqlaşdıracaq və sürgün edəcək". Buna etiraz edən insanları isə daha ciddi cəzalandıracağını deyən erməni qubernator, heç kimi bağışlamayacağını qəzəbli şəkildə bildirib.

Göründüyü kimi, Ermənistanda parlament seçkiləri mühiti olmamaqla yanaşı, mövcud halda orada yalnız oğru, kriminogen və dələduzların daha yaxşı yaşaması özünü kifayət qədər büruzə verir. Sadə xalq isə əzilir. Lakin bunun da bir sonu olacağını istisna etməyən müxalifətçilər parlament seçkilərindən sonra iqtidara sürprizlər hazırladıqlarını gizlətmirlər.

QİSMƏT ZƏNGİBASARLI

Digər xəbərlər