PDF Oxu

Araşdırma

  • 970

İşğalçı ölkədə terrorçu axtarışı...

İşğalçı ölkədə terrorçu axtarışı...

Ermənistanda növbəti parlament seçkilərinə sayılacaq günlər qalıb. Bu ərəfədə seçki kampaniyasının başlanğıcında daha çox seyrçilik mövqeyi tutan Serj Sarkisyan iqtidarı tərəfdarlarının nisbi fəallığı nəzərə çarpır. Diqqəti çəkən odur ki, işğalçı ölkənin iqtidarını təmsil edən namizədlər təbliğat xarakterli çıxışlarında müxalifətin təmsilçilərini xəyanətdə və türklərə satılmaqda ittiham edirlər. Erməni lobbisinin təsiri, xaricdə yaşayan ermənilərin müdaxiləsi nəticəsində seçki kampaniyasında qarşıdurma meyili bir qədər zəifləsə də, potensial gərginlik artmaqdadır.

Qarşıdurma

qaçılmazdır

Doğrudur, indiki prezident S.Sarkisyan müxalifətin, xüsusən, Ermənistan Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyanın ittiham dolu çıxışlarına geniş şərait yaratmaqla az-çox "demokrat" imici qazanmağa çalışır. Lakin Ermənistanda əsas siyasi oyunların seçki günü və seçki qutularının ətrafında baş verəcəyini nəzərə alsaq, siyasi qarşıdurmanın qaçılmaz olduğu aydın görünür.

Bununla bağlı, həm əsas müxalifət qurumu sayılan EMK, həm də iqtidar koalisiyasına daxil olan "Respublika" və "Çiçəklənən Ermənistan" partiyaları müxtəlif dəyişən ssenarilərə hazır olduqlarını nümayiş etdirirlər. Belə ki, EMK rəsmiləri seçiciləri cinayətkar rejimə bir səs belə verməməyə, həlledici məqamda öz səslərini cəsarətlə müdafiə etməyə çağırır.

"Şpion"lar, yoxsa

terrorçular? Qarşılıqlı ittihamlar dalğası səngimək bilmir

Yerli iqtidar təmsilçiləri isə rəqiblərini aşağılamaq və sıradan çıxarmaq üçün daha orjinal üsul düşünüb tapıb. Belə ki, seçkilərdən sonra ola biləcək etirazların əsas təşkilatçıları indidən "şpion turetskiy" elan edilib. Bunun müqabilində L.Ter-Petrosyan xələflərinin açıq terrorçuluq yolu ilə parlamenti və digər hakimiyyət strukturlarını qəsb etdiyini vurğulayır. Maraqlıdır ki, opponentləri də, öz növbəsində, borclu qalmayaraq, L.Ter-Petrosyanın transmilli terrorçu şəbəkə ilə bağlılığını, hakimiyyəti dönəmində siyasi terrorçuluğa şərait yaratmasını isbat etməyə çalışırlar.

Göründüyü kimi, işğalçı ölkədə terrorçu axtarışı fonunda arlament seçkiləri sanki kölgədə qalıb. Digər tərəfdən, kifayət qədər iddialı davranmalarına baxmayaraq, müxalif partiyaların seçki kampaniyasının gedişinə nəzarətini qənaətbəxş saymaq mümkün deyil. Bu mənada, seçki kampaniyasına nəzarət etmək üçün yaradılan təşkilatların fəaliyyəti ciddi suallar doğurur. Məsələn, Ermənistanın nisbətən müstəqil sayılan bir sıra media qurumlarının materiallarında bəzi müxalifət partiyalarının da Serj Sarkisyan hakimiyyətinin maraqlarına xidmət etdiyi iddia edilir.

Ciddi pozuntular niyə qeydə alınmır?

Bununla bağlı qeyd olunur ki, seçki kampaniyasının artıq başa çatmaq üzrə olmasına baxmayaraq, Ermənistan Milli Konqresi, ARFD və "Çiçəklənən Ermənistan" kimi müxalifət təşkilatlarının birgə formalaşdırdığı ortaq qərargahın indiyə kimi heç bir qayda pozuntusunu qeydə almaması təəccübləndirici haldır. Bir sıra namizədlərin döyülməsi və ciddi maneələrlə üzləşməsi isə nə qədər qəribə görünsə də, epizodik hallar kimi qiymətləndirilir. Bildirilir ki, qərargah bir-birlərinə hücum etməməklə bağlı öhdəlik götürmüş tərəfdaşlar klubunu xatırladır.

Buradan belə bir məntiqi nəticə çıxarılır ki, əslində, tərəflər parlamentdə yer və pay bölgüsünü çoxdan razılaşdırıblar. Radikal ovqatlı, pafoslu çıxışlar isə daha çox seçkilərə fon vermək, kəskin rəqabət görüntüsü yaratmaq üçün edilir. Yəni, tərəflər bəzi hallarda bilərəkdən bir-birlərinin səhvlərinə göz yummağa çalışırlar. Eyni zamanda, "Respublika" partiyasının pozuntularını görməməzliyə vururlar ki, hakim partiyanın bu şərti üçlüyün fəaliyyəti üçün yarada biləcəyi problemlərdən özlərini sığortalaya bilsinlər.

Seçkilərə kobud müdaxilə - Məmurlar saxtakarlığa vadar edilir

Baş verən verən pozuntuların sayı isə həddən artıqdır. Faktiki olaraq, parlament seçkiləri yaxınlaşdıqca qanunlar hər addımda kobud şəkildə pozulur. Məmurlar bu işi bir qədr həvəssiz görsələr də, işsizliyin tüğyan elədiyi işğalçı ölkədə işini itirmək qorxusu hər şeyə üstün gəlir. Məhz bu səbəbdən, dövlət məmurları prezident Serj Sarkisyanla seçkiqabağı görüşə sürü şəklində yığılıb gətirilir. Eyni arqument onların seçkiyə qeyri-qanuni müdaxiləsində əhəmiyyətli rol oynayır. Onlar bu səbəbdən, həm iqtidar, həm də müxalifət təmsilçiləri tərəfindən kəskin təzyiqlərlə üzləşəcəklərini bilə-bilə işlərini itirməmək üçün iqtidar rəsmilərinin qanunsuz tələbləri ilə razılaşmalı olurlar.

Çıxılmaz vəziyyətdə qalan həmin məmurlar məhz bu səbəbdən müxalifətin görüşlər təşkil etmələrinə ciddi əngəllər törədirlər. Hakim partiyadan müəyyən adamlar bir-bir evlərə gedərək əhalidən pasport tələb edir və qeydiyyat aparırlar.

Seçicilərə traktor

hədiyyəsi və ya

kreditə alınan səslər

"Çiçəklənən Ermənistan" kəndlərdə yaşayan əhaliyə kreditlə traktor və müxtəlif kiçik əşyalar paylamaqla səs toplamağa çalışır. Bölgələrdə sərbəst şəkildə təşviqat işlərinin aparılmasına isə rəsmi dövlət məmurları mane olur. Bu qanunsuzluqları heç kəs görmək istəmir. Bütün məsul şəxslər bunu normal seçkiqabağı proses kimi qəbul edirlər.

Siyasi təhlilçilərin və yerli ekspertlərin qənaətincə, hazırda seçki qərargahlarından və seçkiylə bağlı gizli sövdələşmələrdən kənarda qalan qüvvə isə "İrs" partiyasıdır. Hazırda "İrs" və Azad Demokratların əleyhinə sistemli şəkildə "qara piar" aparılması bunu bilavasitə təsdiqləyir. Əvvəlcə hər iki partiya S.Sarkisyanla sövdələşmədə ittiham olunurdu. Daha sonra isə onların Türkiyə ilə gizli danışıqlar apardıqları barədə Rusiya kütləvi informasiya vasitələrində silsilə məlumatlar yayılmağa başladı. Diqqəti çəkən odur ki. "İrs" və Azad Demokrat partiyalarını həm iqtidar, həm də müxalifət təqib edir və onlar haqda mənfi məlumatlar rus mətbuatında da geniş yayılır.

Hədəfə alınanlar...

Seçki spekulyasiyası sadə insanların kəskin etirazını doğurub

Əslində, belə vəziyyət Rusiyanın Ermənistanda keçirilən seçkilərə bu və ya digər şəkildə fəal müdaxiləsinin olduğunu təsdiqləyir. Görünür, bu partiyalar seçkilərdən sonra ola biləcək etirazların yeganə potensial mənbəyi kimi qiymətləndirilir. Buna görə də, onların indidən neytrallaşdırılması digər siyasi qurumlar üçün sərfəli və məqsədəuyğun hesab edilir. Erməni mediasının təmsilçiləri bildirirlər ki, bu rus xüsusi xidmət orqanlarının da maraqlarına uyğundur. Çünki onlar Rusiya ilə əlaqələri yenidən gözdən keçirmək istəyən bu partiyaların erməni parlamentində görmək istəmirlər.

Erməni mənbələrinə istinadən yayılan bu məlumatlardan aydın olur ki, Ermənistanda siyasi mübarizə heç də sadə xalqın arzuladığı şəkildə getmir. Böyük əksəriyyətin dəstəyini qazanan bəzi müxalif partiyalar xarici güclərin göstərişləriylə daxili narazılığı yönləndirməkdədir. Sadə insanların, xalqın real mövqeyini ifadə edən qüvvələr isə yox səviyyəsindədir. Bu istiqamətdə az-çox fəallıq göstərənlər isə ideoloji və siyasi təzyiqlərə məruz qalmaqdadır.

Zorən müxalif olanlar... Və ya Vardan Oskanyanın iki "böyük" missiyası

Bəllidir ki, seçkiyə nəzarət üçün yaradılan təşkilatların əsas funksiyası seçki prosesindən sonra baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaqdır. Baş verənlər onu göstərir ki, tamam fərqli səbəblərdən həm iqtidar, həm də müxalifət təmsilçiləri proseslərin idarəolunmaz situasiyaya sürüklənməsi üçün çalışırlar. Bu baxımdan, keçmiş xarici işlər naziri Vardan Oskanyanın müvafiq açıqlamaları da diqqəti çəkir.

Müxalif düşərgəyə qoşularkən daha kəskin çıxışlar edən, daha çox radikallıq nümayiş etdirən bu şəxs, əslində, fərqli missiyanın daşıyıcısı olduğunu etiraf edir. O, faktiki olaraq, öz missiyasını gerçəkləşdirə, seçki sonrası ola biləcək etirazları qismən neytrallaşdıra bilib. V.Oskanyan bəyan edib ki, qərargah ciddi qanun pozuntuları aşkarlamasa, seçkilərin legitimliyini tanıyacaq.

Beləliklə, birinci missiyasını reallaşdıran sabiq xarici işlər nazirinin ikinci missiyasını da "uğurla" gerçəkləşdirəcəyi şübhə doğurmur. Bu qədər qanun pozuntularının olduğu bir vaxtda o, hələ ki, susur, səssizliyini qorumaqda davam edir. Bütün bunların fonunda onun seçkidən sonra hansı bəyanatı verəcəyi, nələr söyləyəcəyi artıq bəllidir.

Ümumilikdə, seçicilərlə siyasi partiyalar arasında yaranan dərin inamsızlıq və uçurum seçkidən sonra Ermənistana uğurlu heç nə vəd etmir. Belə şəraitdə idarə olunmayan kütləvi iğtişaşların baş verməsi tam real görünür. Bu isə işğalçı ölkənin məhvə və xaosa sürüklənməsi deməkdir.


Naib NİFTƏLİYEV

Digər xəbərlər