Mayın 6-da Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə seçicilərin 62,33 faizi iştirak edib. Exzit-polların nəticələrinə görə, seçkilərdə iqtidar Ermənistan Respublika partiyası 44,44 faiz, "Çiçəklənən Ermənistan" - 28,81 faiz, Erməni Milli Konqresi - 6,33 faiz, "Orinats yerkir" partiyası - 6,16 faiz, "İrs" partiyası - 5,92 faiz, "Daşnaktsütyun" partiyası isə 5,18 faiz səs yığıb. Seçkilərdə cəmi səkkiz partiya və bir seçki bloku iştirak edib.
Ermənistan iqtidarı kriminal vasitələrə ümid bağlayıb
Hələ parlament seçkiləri ərəfəsində əsas müxalifət partiyası olan Erməni Milli Konqresi Yerevanda azadlıq meydanında mitinq keçirib. Levon Ter-Petrosyanın liderliyi ilə keçirilən mitinq son bir neçə ayın ən böyük aksiyası hesab olunurdu. Partiyanın rəhbəri Levon Ter-Petrosyan meydanda toplaşan minlərlə insana seçkilərdə inqilab etməyə - Milli Konqresə səs verməyə çağırıb. Onun sözlərinə görə, hakim partiya heç bir səsə malik deyil və seçkilərdə qələbə qazanmaq üçün yalnız inzibati və kriminal vasitələrə ümid edir.
Erməni Milli Konqresi bəyan edib ki, əgər heç kim əlini aşağı salıb dayanmasa, Ermənistanda ədalətli və düzgün seçki keçirilməsi üçün şans var. Belə olacağı təqdirdə, artıq mayın 7-də Serj Sarkisyan prezident olmayacaq. Ter-Petrosyan, eyni zamanda, bunun üçün istənilən siyasi qüvvə ilə əməkdaşlıq etməyə razı olduğunu bildirib.
Seçki əsnasında çoxsaylı pozuntular qeydə alınıb
Səhər yerli vaxtla saat 8-dən, seçki məntəqələri işə başlayandan kütləvi informasiya vasitələri və İnternet sosial şəbəkələrində seçki əsnasında çoxsaylı pozuntulara yol verildiyi haqqında məlumatlar yayılmağa başlayıb. Seçki günü, təbliğat aparmaq qadağan olunduğuna baxmayaraq, seçki məntəqələrində və yaxınlığında təbliğat aparıldığı haqqında məlumatlar vardır. Müxalifət nümayəndələri pozuntuların kütləvi xarakter daşıdığını və qabaqcadan düşünülmüş plan üzrə gerçəkləşdirildiyini bildiriblər. Müxalifət, o cümlədən, ordu hissələrində hərbçilərin müəyyən qüvvənin lehinə səs verməyə məcbur edildiyini bildirib. Bundan əlavə, seçicilərə rüşvət verilməsi haqqında da xəbərlər yayılıb. Namizədlərin biri, Akop Akopyan seçicilərə ona səs vermələri üçün 20 min dram məbləğində pul təklif etsə də, onun rəqibi, Ermənistan Respublikaçı partiyasından namizədliyini irəli sürmüş Seyran Saroyan bu məbləğı 50 min dramadək yüksəldib.
Ermənistan Baş Prokurorluğu seçki pozuntuları, o cümlədən, iki rüşvət vermə halları ilə bağlı cinayət işləri qaldırıldığını bəyan edib.
Səsvermədə silah səsləri, kütləvi dava, bıçaqlanma
Hakim Respublika ilə oliqarx Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyalarının tərəfdarları arasında silahlı qarşıdurma baş verib. Hakim partiyadan olan deputat Murad Muradyanın oğlunun "Çiçəklənən Ermənistan" partiyasının seçki qərargahının üzvünü döyməsi tərəflər arasında kütləvi davaya səbəb olub və yumruq davası silahlı qarşıdurmaya çevrilib. Şirak əyalətində isə seçki məntəqəsində bıçaqlanma hadisəsi baş verib. Gümrüdə "Kentron" telekanalının əməkdaşları elə seçki məntəqəsində insanların gözü qarşısında şəhər merinin oğlu tərəfindən döyülüb. Qeqarkunik rayonunda Erməni Milli Konqresinin seçki müşahidəçisini döyüblər və dişlərini sındırıblar, onun kamerası da əlindən alınaraq sındırılıb. Həmin rayonda "Çiçəklənən Ermənistan"ın müşahidəçilərinin də döyüldüyü bildirilir.
Gürcüstanın Cavaxeti bölgəsindən qanunsuz olaraq səs vermək üçün ermənilər kütləvi şəkildə ölkəyə gətirilib. Cavaxetiya ermənilərinə kütləvi şəkildə Ermənistan pasportları verilib ki, onlar səsvermədə iştirak edə bilsinlər. "Çiçəklənən Ermənistan" partiyasının seçki qərargahının rəhbəri deputat Nairi Zoxrabyan isə bəyan edib ki, onların qorxduqları başlarına gəlib. Məlum olub ki, seçki məntəqələrində səsvermədən sonra seçicilərin pasportlarına vurulan xüsusi möhür 20-30 dəqiqədən sonra asanlıqla silinir. Bu da eyni seçiciyə bir neçə dəfə səs verməyə imkan verir. Bu səbəbdən Gümri şəhərində 34/18 seçki məntəqəsində səsvermə prosesi dayandırılıb. Ermənistanın Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 8:50-də, bundan asılı olmayaraq, səsverməni davam etdirməyə tapşırıb.
Rüşvət alan seçicilər çaşbaş qalıblar
Qeqarkunik vilayətində hakim Ermənistan Respublika Partiyası hər seçiciyə 15 min dram (38$), "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun" partiyaları isə 10 min dram (25$) rüşvət veriblər. "Armİnfo"nin yazdığına görə, 14 saylı seçki dairəsində deputatlığa namizədlər seçicilərə rüşvət vermək üçün açıq hərrac keçiriblər. Eyni koalisiyada təmsil olunan iki partiyanın öz seçicilərinə eyni miqdarda - 25 dollar rüşvət təklif etməsi seçiciləri çaşdırıb. Pul alan seçicilər hansı namizədə səs verəcəklərini müəyyənləşdirməkdə çətinlik çəkiblər. 11 saylı seçki dairəsində isə namizədlərdən biri rəqibini üstələyərək, hər seçiciyə verilən rüşvətin miqdarını 12 min drama (30$) qaldırıb. Rəqib partiyaların namizədləri səsvermə məntəqəsi qarşısına toplaşmış seçicilərin dəstəyini itirdiklərini anlayaraq, qiyməti 15 min drama (38$) qaldırıblar. Helsinki Vətəndaş Assambleyasının Vandzor Ofisinə seçicilərə məntəqələrdə pul təklif edilməsi ilə bağlı çoxsaylı məlumatlar daxil olub.
Beynəlxalq təşkilatlar hara baxır?
Parlament seçkilərinin gedişini 650 beynəlxalq müşahidəçi, o cümlədən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Parlamenti, ATƏT Parlament Assambleyası, MDB Parlamentlərarası Assambleyası, MDB müşahidəçilər missiyası, Beynəlxalq Seçki Sistemləri və başqa təşkilatlar izləyib. Maraqlı fakt ondan ibarətdir ki, bu qədər qanun pozuntularının qeydə alındığı seçkilərdən sonra beynəlxalq qurumlar baş verənlərə ciddi reaksiya göstərməyiblər. Halbuki Azərbaycanda baş tutan seçkilər zamanı kiçik bir texniki qüsuru şişirib, böyük problemə çevirən beynəlxalq təşkilatlar Ermənistanda baş verənlərə göz yumur.
Cabir