PDF Oxu

Araşdırma

  • 1 159

“The İndependent” və “Daily Mail” - BBC-nin əyri yolu ilə

“The İndependent” və “Daily Mail” - BBC-nin əyri yolu ilə

Zaman-zaman Qərbin bəzi mətbu orqanları Azərbaycanın əleyhinə köklənmiş qərəzli, heç bir əsası olamayan materiallar dərc edir və bununla gənc, lakin qüdrətli, demokratik dövlətimizə təzyiqlər göstərmək, həm dünya ictimaiyyətini, həm də belə iftiralara inanan siyasi insanlarımızı özlərinin istədikləri səmtə yönləndirmək istəyirlər. Belə bir fonda özlərini "demokratiyanın müdafiəçisi" kimi təqdim edən "Azadlıq", "Yeni Müsavat" kimi bəzi qəzetlər də onların "meydan sulamağına" müəyyən vasitələr qarşılığında dəstək verirlər.
Artıq bir neçə müddətdir ki, Britaniya mətbuatı bu məsələdə öndə gedir, Azərbaycana qarşı böyük və çirkin bir kampaniya aparır. Bu cür kampaniyalardan biri də İngiltərənin "The İndependent" və "Daily Mail" qəzetlərində aparılır. Ölkəmizin regionda lider dövlətə çevrilməsindən, Avropanın ən böyük enerji layihələrində söz sahibi olmasından, müstəqil siyasət aparmasından narahat olan ingilis qəzeti dünyada gündən-günə artan nüfuzumuza kölgə salmaq üçün hər vasitəyə əl atmağa "qadir" olduğunu nümayiş etdirib. Ancaq Britaniya mətbuatının daha öncələr də bu kimi hallara rəvac verməsi, bəzi ingilis media qurumlarının ifşası ilə öz sonunu tapıb. Həmin ifşalardan biri də Qərbdə fəaliyyət göstərən erməni lobbisinin Britaniyanın bəzi mətbu nəşrlərinə ötürdükləri rüşvətlərlə, sifarişlərlə bağlıdır.
Elə götürək ölkəmizdə boks üzrə dünya çempionatı keçirilən ərəfədə BBC-nin qaldırdığı əsassız qalmaqal və ölkəmizə atılan böhtan və iftiralar. Bəs nə oldu? Əlbəttə ki, fiaskoya uğradı! Yalanları ayaq tutdu, amma mənzil başına yetə bilmədi. Onların özləri də yaxşı bilirdi ki, bu yalan mənzil başına çatmayacaq. Onlar, sadəcə olaraq, ictimaiyyəti çaşdırmaq, ölkəmizdə keçirilən istənilən uğuru şübhə altına almaq istəyirdilər. Və çox təəssüf ki, bizim bəzi qəzetlər-"Azadlıq" və "Yeni Müsavat" da, hər zaman olduğu kimi, bu yalan və iftiraların qol açıb oynamasında, həyasız-həyasız irişməsində korrupsiyalaşmış bəzi ingilis media qurumlarına cani-qəlbdən dəstək verdilər və həmin dəstəyi bu gün də verməkdə davam edirlər. Diqqət etsəniz, görərsiniz ki, məhz həmin ingilis mətbuatı bundan sonra dağıdıcı müxalifət qəzetlərinə istinad edir və korrupsiyalaşmış gəlir dairələrini genişləndirirlər.

İngilis mətbuatında
"erməni barmağı"

"Eurovision" musiqi müsabiqəsinə sayılacq günlər qalmış əlləri hər yerdən üzülən ermənilərin də bu kimi əməllərdə oynadıqları rolları az deyil, artıqdır desək, yanılmarıq. Çünki o da bəllidir ki, Azərbaycana gələcək xarici jurnalistlər axınında həm İngiltərədə, həm də başqa Avropa dövlətlərinin mətbu orqanlarında akkreditə olmuş ermənilər də olacaq. Onların məqsədləri "Eurovision"u təbliğ etmək deyil, əksinə, həmin yarışmaya kölgə salmaqdan ibarətdir. Yəni erməni jurnalistlərin "The İndependent"in, "Daily Mail"in əməkdaşları qismində Bakıya gələ bilmələri, burada jurnalist peşəsini deyil, tanmamilə başqa tərzlərini reallaşdırmaq cəhdləri şübhə doğurmamalıdır. Təbii ki, "The İndependent"də, "Daily Mail"də "erməni barmağı"nın olmasında, yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizdə marağı olan qüvvələr var və onların həmin dairələrlə iş birlikləri dəfələrlə sübuta yetirilib. Adıçəkilən yazılı orqanların son canfəşanlığı da buna bir sübutdur. Məhz "Azadlıq", "Yeni Müsavat" kimi qəzet səhifələrində gedən qərəzli informasiyaların yayımlanmasında bu kimi dairələrlə sıx əməkdaşlığın iç üzü heç kimə sirr deyil. Yəni adları çəkilən ingilis media qurumları erməni lobbisinin müəyyən tapşırıqlarını alır, rüşvəti mənimsəyir, sonra da korrupsiya əməlini "Azadlıq" və "Yeni Müsavat"la bölüşdürür. İkincilər də, təbii ki, ingils mediasının və erməni lobbisinin əmrlərini ikiqat təzimlə reallaşdırmağa səy göstərirlər. Lakin bütün bu cəhdlərə baxmayaraq, Britaniya mətbuatında tüğyan edən korrupsiyayla yanaşı, cəmiyyətin, vətəndaşların doğru-düzgün informasiya almaq hüquqları da pozulur.

Britaniyada söz və ifadə
azadlığı necə boğulur?

Böyük Britaniyanın "Redaktorlar cəmiyyəti"nin icraçı direktoru Bob Setçuell yaşadığı ölkədə söz və ifadə azadlığının boğulmasını bu cür açıqlayıb:"Söz azadlığının boğulmasına dair məkanlar dəyişir, biz postsovet Şərqinə səcdə etməyə başlayırıq".
Media analitikası sahəsində məşhur mütəxəssis olan Uilyam Dankerli də bu barədə öz fikirlərini bildirib. O, Qərbdə söz və informasiya azadlığı barədə prinsiplərin vaxtaşırı və kobudcasına pozulduğunu açıqlayıb: "Qərbdə elə məsələləri mediadan gizlədir, yaxud da elə informasiyaları yaymağa qoymurlar ki, həmin informasiyaların bütün dünya üçün əhəmiyyəti var" .
Onu da xatırlatmaq yerinə düşərdi ki, İngiltərənin ATƏT-dəki nümayəndəsi hələ ötən il bu sözləri ifadə etmişdi: " İngiltərədə məhkəmə hökmü çıxarılana qədər jurnalist 90 gün müddətində həbsdə saxlanılır. Hətta bu müddət məhkəmənin hökmü ilə zaman-zaman artırıla bilər".
Əlbəttə ki, bu gün BBC-nin əyri yolu ilə getməyi qarşısına məqsəd qoymuş "The İndependent", "Daily Mail" kimi qəzetlər, yəqin ki, Azərbaycanda gedən demokratik inkişafa kölgə salmağa çalışarkən, ötən yay Londonda baş verən hadisələri unudub. Keçən il avqustun 4-də 29 yaşlı Mark Daqqanın qətlə yetirilməsindən sonra geniş vüsət almış və artıq hakimiyyətlə vətəndaşlar arasında kəskin qarşıdurma xarakteri daşıyan proseslər Böyük Britaniyanı dünyanın diqqət mərkəzinə çevirdi. Məhz bu hadisələrə görə, Britaniyanın baş naziri Devid Kameron məzuniyyətini yarımçıq qoyaraq, Londona qayıtdı. O, mətbuat vasitəsilə baş verənləri kəskin pisləyərək, bunu qarət, quldur dəstələrinin cəzasızlığı ilə əlaqələndirdi. Baş nazir söz ifadəsi azadlığına qarşı mübarizəni "milli prioritet" kimi qələmə verərək, hökumətin küçə cinayətkarlığına qarşı tədbirləri sərtləşdirəcəyini, "sıfır dözüm" proqramının tətbiqinə başlanacağını bildirdi. D.Kameron küçə bandalarının Facebook və Twitter sosial şəbəkələri ilə fəaliyyətlərini əlaqələndirdiklərini əsas gətirərək, onu da əlavə etdi ki, hökumət bu şəbəkələrin məhdudlaşdırılması, süzgəcdən keçirilməsinə hazırdır. Bunun ardınca Britaniyanın rəsmi şəxsləri, hüquq-mühafizə orqanları sosial şəbəkələr vasitəsilə çağırış edənlərin müəyyənləşdirilərək, məsuliyyətə cəlb ediləcəklərini bəyan etdilər. Həyata keçirilmiş tədbirlər nəticəsində 2 min adam həbs edildi. Evindən bayıra çıxmayan, sadəcə kompüter arxasında oturaraq, Facebookda sosial çağırışlar edən iki gənc-Çeşir qraflığının sakinləri- 22 yaşlı Perri Satkliff-Kinan və 20 yaşlı Cordan Blekşou da 4 il müddətinə azadlıqdan məhrum olundu. Əslində, baş verənlər Qərbin özü üçün də müəyyən dərslərin çıxdığını göstərir. Qərb indi daha aydın görür ki, bir vaxtlar yol verdiyi "ikili standartlar", həmçinin, mahiyyətinə varmadan başqa ölkələrdə tənqid etdiyi hadisələr bumeranq effekti verərək, onun özünə qarşı da çevrilə bilər. Elə bu da Qərbi öz siyasətində korrektələr etməyə vadar edir. Qərb artıq başa düşür ki, insan azadlığı sərhədsiz ola bilməz, vətəndaş hüquqları cəmiyyətin maraq və mənafeləri ilə uzlaşmalıdır, azadlıq heç də məsuliyyətsizlik, eqoizm, dövlətin və cəmiyyətin əsaslı problemlərinə laqeydlik, qanunlara hörmətsizlik demək deyil. Bununla yanaşı, baş nazirin açıqlamaları sübut edir ki, Qərbin ən qabaqcıl demokratiya nümunəsi yaranmış vəziyyətdən razı deyil, cəmiyyətdə demokratiyanın anarxiya kimi qəbul edilməsinə müqaviməti gücləndirmək, mənəvi deqradasiyanın, əyintilərin qarşısını almaq üçün mövcud sosial münasibətlər və dəyərlər sisteminin yenidən nəzərdən keçirilməsinə, sərt mexanizmlərdən istifadə edilməsinə ehtiyac yaranıb. Qərb "sərhədsiz azadlıq", "hər bir kəsin istəyi cəmiyyətin istəyidir" tezislərinin özünü doğrultmadığını görür və "demokratiya-dərk olunmuş nizam-intizamdır" modelinin alternativsizliyini qəbul etməyə başlayır".
Diqqət yetirsək, görərik ki, özlərini söz və məlumat azadlığının qarantı, demokratiya carçısı, insan haqlarının müdafiəçisi kimi qələmə verən "The İndependent", "Daily Mail" kimi mətbu dairələri Britaniyada sosial şəbəkələrin məhdudlaşdırılmasına, süzgəcdən keçirilməsinə, Facebook və Twitter istifadəçilərinin həbsinə münasibət bildirmir. Qərbin məntiqinə görə... Ancaq nədənsə Azərbaycanda konkret cinayət törətmiş şəxslərin məsələsi anti-Azərbaycan xarakterli kampaniyaya çevrilir və dərhal siyasi motivlər yada düşür. Ərəb ölkələrində sosial şəbəkələrdən istifadə edərək, iğtişaş törədənlərə, talançılığa qarşı hakimiyyətlərin adekvat tədbirləri "despotizm", "öz xalqına qarşı zülm" kimi qələmə verildi, ancaq Böyük Britaniyada analoji proses dünya ictimaiyyətinə quldurluq, gecə bandalarının fəaliyyəti kimi sırındı. Bu vaxta kimi sosioloji cəhətdən sabit sayılan cəmiyyətdə yaşayan Qərb rəsmiləri Azərbaycanı başa düşməyərək, hər zaman ölkəmizin ünvanına insan haqlarının pozulması ilə bağlı sərt bəyanatlar səsləndiriblər. Lakin son hadisələr (burada İngiltərədə, Almaniyada və başqa Qərb dövlətlərindəki söz-ifadə azadlıqlarının pozulması, sosial ədalətsizlik və s.) onların özünün belə məsələlərdə necə "humanist" olduqlarını bir daha sübut etdi.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər