Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələri böyük sual altına düşdükdən sonra, iqtidardan olan namizədlər, eləcə də, onlara maddi dəstək göstərən hakim oliqarx nümayəndələri yenidən sadə xalqın heysiyyatı ilə oynamağa başlayıblar. Belə ki, hələ post-seçki zamanı Ermənistanın, demək olar ki, bütün bölgələrində müxtəlif vasitələrlə rüşvətlər paylayan namizədlər artıq verdikləri rüşvətlərini yığmaqla məşğuldurlar. Məlumatlarda o da bildirilir ki, artıq sadə xalqın nümayəndələri hakim partiyadan olanların bu kimi rəzil davranışlarına qarşı kəskin hiddətlərini bildirirlər.
"Joxovurd" qəzeti: "Çiçəklənən Ermənistan" seçkiöncəsi payladığı rüşvətlərini geri yığır"
"Joxovurd" qəzetinin yazdığına görə, "Respublikaçılar" və "Çiçəklənən Ermənistan" partiyalarının yetkililəri Kotayk vilayətinin Lernanist qəsəbəsinə gedərək, parlament seçkilərindən öncə payladıqları rüşvətlərini xalqdan geri tələb etməyə başlayıblar. Onlar bütövlükdə həmin işi qəsəbənin inzibati rəhbəri Arlik Arşakyana tapşırıblar: "Kotayk vilayətinin Lernanist qəsəbəsinin yetkilisi Arlik Arşakyan vilayətin bütün qəsəbələrini gəzərək, əhaliyə seçkiöncəsi hər biri 10 min dram olmaqla verilmiş rüşvətin geri qaytarılmasını tələb edib. Lakin sadə xalq ona sərt etirazını bildirib".
"Yerkir" qəzeti: " Deputatlar
xərclədikləri pullarını geri qaytarırlar"
Erməni qəzetinin verdiyi informasiyaya görə isə həm iqtidar, həm də müxalifətdən olan siyasi qüvvələr, eləcə də, seçkilərdən öncə deputatlığa namizədliklərini irəli sürənlər xərclədikləri pullarını necə geri qaytarmaq haqqında düşünürlər. Bu kimi tədbirə ildırım sürəti ilə qatılan isə hakim partiyadan seçilmiş oliqarx Samvel Aleksanyandır: "Samvel Aleksanyana məxsus olan "Yerevan Siti" superparketlər şəbəkəsində artıq satışda olan bütün məhsulların qiymətləri ikiqat olaraq artırılıb. Deputatın bu addımı digər oliqarx partiyadaşları tərəfindən təkrarlanır. Belə ki, Artur Karapetyana məxsus benzindoldurma stansiyalarında və avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan dükanlarda qiymətlər süni şəkildə artırılıb ki, bu da xalqın ciddi etirazına səbəb olmaqdadır".
"Tert.am" saytı: "Erməni Milli Konqresi
məhkəməyə müraciət edəcək"
Ermənistan müxalifətinin əsas qanadlarından biri olan Ermənistan Milli Konqresinin (EMK) koordinatoru Levon Zurabyan ölkədə keçirilən parlament seçkilərinin legitimliyini tanımadığını bəyan edib. Belə ki, o, Böyük Britaniyanın Ermənistandakı səfiri Conatan Eyvzlə görüşündə həmin bəyanatını səsləndirib. Tert.am saytının verdiyi xəbərə görə, EMK-nın koordinatoru L.Zurabyan səfirə dövlət səviyyəsində təşkil olunmuş seçki falsifikasiyaları barədə əlində olan bilgiləri vermiş və bildirmişdir ki, o, hazırkı parlamenti legitim hesab etmir: "Biz Ermənistanın konstitusiya məhkəməsinə müraciət edəcəyik və həmin müraciətdə 6 may seçkilərinin legitimliyini tanımadığımızı bildirəcəyik. Əgər tələbimizə baxılmasa, daha yuxarı instansiyalara müarciət etməyi konqres olaraq qərara almışıq".
Göründüyü kimi, hazırda Ermənistanda baş verən seçki oyunları barədə hələ çox danışılacaq, çox yazılacaq və həmin fonda cərəyan edən hadisələrin qızışması, inqilab həddinə çatması da artıq istisna olunmur. Bütün bunların əsas baiskarları isə, ölkənin bugünkü iqtidarı və həmin iqtidarı dəstəkləyən harınlaşmış oliqarxlardırlar. Sarkisyan hakimiyyətinin artıq ölkənin astanasına qədər gəlib çatmış kəskin inqilab eyforiyasının qarşısını almağa isə, çətin ki, gücü qalıb.
RÖVŞƏN NURƏDDİNOĞLU