PDF Oxu

Araşdırma

  • 760

QƏRBDƏ NƏ BAŞ VERİR?

QƏRBDƏ NƏ BAŞ VERİR?

Son almanlar Avropada, eləcə də, Qərb dünyasında baş verən proseslər bir daha, onu deməyə əsas verir ki, əslində, cərəyan edən hadisələrin kökündə sosial-iqtisadi problemlər dayanır. Lakin təkcə sosial-iqtisadi problemlər deyil, digər arzuolunmaz məsələlərin də Qərb dünyasını öz mühasirəsinə alması bütün mənalarda oradakı suların sakit axmamasına dəlalət edir.

Avropa Statistika Bürosu: "Avrozonada işsizliyin səviyyəsi rekord həddə çatıb"

Belə ki, Avropa Statistika Bürosunun verdiyi son bəyanata görə, 17 dövləti əhatə edən avrozonada işsizliyin səviyyəsi rekord həddə çatıb. Belə ki, işsizliyin göstəricisi 10,9%-ə yüksəlib ki, bu da analitiklərin proqnozları ilə üst-üstə düşür. Avrozonada işsizlərin sayı 169 min nəfər artaraq 17,365 milyon nəfərə çatıb ki, bu da iqtisadiyyatın zəifləməsi fonunda təzyiqləri daha da artırır. Bu proses avrozona dövlətlərinin büdcələrində olan kəsirlərin azaldılmasına yönəldilmiş sərt iqtisadi tədbirlər planı ilə paralel şəkildə cərəyan edir. Qeyd edək ki, Almaniya Federativ Agentliyinin bu günə olan hesabatında da işsizliyin gözlənilməz şəkildə artdığı göstərilir. Aprel ayında ölkədə işsizliyin səviyyəsi 6,8% təşkil edib, işsizlərin sayı isə 2,87 milyon nəfəri ötüb. Bunda əlavə, İtaliya, İspaniya, Yunanıstan kimi ölkələrdə də işsizliyin səviyyəsi yüksəlməkdədir. Avrozona ölkələri arasında ən az göstərici 4-5% olmaqla Avstriya və Hollandiyada qeydə alınıb.
Avropa Şurası: "Avropada irqçilik və dözümsüzlük artmaqdadır"

Avropa Şurası isə bildirib ki, qruma üzv ölkələrdə iqtisadi imkanların azalması və sosial proqramların məhdudlaşdırılması mühacirləri yoxsulluğa sürükləyəcək. Avropa Komissiyasının irqçilik və dözümsüzlüyə qarşı illik hesabatında vurğulanır ki, bu vəziyyət cəmiyyətdə parçalanmanı gücləndirən mənfi tendensiyaları da artırır. Şuraya üzv olan 47 dövlətdə irqçilik, əcnəbilərə nifrət, antisemitizm və dözümsüzlüyə dair vəziyyəti təhlil edən sənəddə göstərilir ki, cəmiyyət mühacirlər və bəzi azlıqlara artıq yük kimi baxır. Buna misal olaraq, hesabat Avropada qaraçıların vəziyyətinin pisləşdiyini göstərərək, qeyd edir ki, onlar hər yerdə ayrıseçkiliyə və dözümsüzlüyə məruz qalırlar. Bildirilir ki, iş yerlərində ayrıseçkilik hər bir üzv dövlətdə özünü göstərir. Hazırkı vaxtda Avropada irqçilik və dözümsüzlük artmaqdadır. Avropa Şurası dövlət proqramlarının məhdudlaşdırılmasını da tənqid edərək, bildirib ki, bu addım insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlara mənfi təsir edir. Şura bu məsələnin sərt tədbirlər planına daxil edilməməsini tələb edib.
Almaniyada 1 may nümayişləri
iğtişaşlarla və davamlı xarakterlə
yadda qaldı: çoxlu sayda yaralı və həbs olunanlar var

Xüsusilə, Almaniyada baş verən böhran işartıları artıq davamlı xarakter almaqdadır. Xatırladaq ki, 1 may nümayişləri zamanı Almaniyanın bir çox şəhərlərində polislərlə sadə vətəndaşlar arasında ciddi qarşıdurmalar yaşanıb. Nümayişçilər hakimiyyətin yaratdığı böhrana etiraz əlaməti olaraq polislərə içərisinə yandırıcı maddələr doldurulmuş şüşə qablar, daş və petardlar atıblar. Berlində keçirilən 1 may nümayişinə 100 mindən artıq insan toplaşıb. Mərasim başlayandan bir neçə saat sonra isə alman polisinin xüsusi təyinatlıları nümayişçilərə həddən ziyadə zor tətbiq edərək, onları müxtəlif istiqamətlərdə qovmağa başlayıb. Nümayişçilər Berlindəki Kroytsberq yəhudi muzeyinin qarşısına toplaşıblar.
Onu da qeyd edək ki, irqçilərin də qatıldığı nümayişlərdə bir qrup neonasist yəhudi muzeyini və şəhər ətrafında yerləşən müsəlman məscidini talamaq istəyiblər. Nəticədə, onlarla nümayişçi həbs edilərək, naməlum istiqamətlərə aparılıb. Nümayişçilərin qarşısını kəsmək üçün 7 mindən çox polis səfərbər olunub.

Hamburqda "İnqilabın alternativi yoxdur"

Hamburqda da analoji hadisələr qeydə alınıb. "İnqilabın alternativi yoxdur" adlı nümayişi dağıtmaq üçün polis təzyiqli su şırnaqlarından istifadə edib. Nümayişçilərə əlavə olaraq 1400 nəfər qoşulub. Onlar maliyyə böhranının səbəblərindən birinin bank əməliyyatlarındakı korrupsiya olayları ilə əlaqələndirərək, Hambuqradkı bank binalarından birinə ciddi ziyan vurublar. Həmçinin, nümayişçilər bir patrul avtomobilini yandırıblar. Qarşıdurmalarda 5 polisin yaralandığı bildirilir. Nümayişçilər arasında da xəsarət alanlar var. Polis 23 nəfəri saxlayıb. Onlardan 12 nəfəri qarşıdurmalar yaratdığı üçün həbs olunublar. 1 may günü Almaniyanın bir çox şəhərlərində, həmçinin, neofaşistlərin yürüşləri keçirilib. Onlar bu yolla antifaşistlərin nümayişlərinə cavaba vermək istəyiblər.
Noymyunster şəhərində əvvəlcədən təyin olunmayan marşrut üzrə hərəkət etdikləri üçün neonasist nümayişinin 100 iştirakçısı polis tərəfindən həbs olunub. Bonnda isə polis neonasistlərin nümayişinə etiraz edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Onlar polislərin cərgələrini yararaq, irəliləməyə çalışıblar. İğtişaşlarda bir nümayişçinin yaralandığı bildirilir.

R.Rəsulov

Digər xəbərlər