PDF Oxu

Araşdırma

  • 1 028

Müsəlman dünyasının  xəyanət “nümunəsi”

Müsəlman dünyasının xəyanət “nümunəsi”
İranın rəsmi və siyasi dairələri atdıqları hər bir addımlarında müqəddəs Quranın hökmlərinə əsaslandıqlarını, guya bununla da müsəlmançılığı ən yüksək tərzdə inkişaf etdirdiklərini iddia edirlər. Və bu məqamda istər-istəməz hər bir azərbaycanlıda sual yaranır ki, əgər İran dövləti hər addımbaşı özünü islam dünyasının liderlərindən hesab edirsə, bu zaman "müsəlmanların hamisi" olan ölkə Qarabağda baş verən qanlı hadisələr zamanı, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım, Xocavənd qətliamlarında müsəlman soydaşlarımızın fəryadları ərşə qalxan vaxt harada idi? Bu məntiqlə yanaşdıqda, belə bir nəticəyə gəlmək mümkündür ki, bütün bunların şahidi olan müsəlman qonşumuz, "imanlı ruhanilər" terrorçu və işğalçı Ermənistanla əlaqələrin dərhal kəsilməsi üçün rəsmi hakimiyyətə qarşı kəskin etirazlar bildirməli idilər. Hansı ki, bu gün İranın dini liderləri fələstinliləri siyasi alətə çevirərək, onlara heç bir aidiyyəti olmayan başqa müsəlman dövlətlərinin daxili işlərinə və xarici siyasətlərinə davamlı, əsassız müdaxilələrlə yadda qalırlar. Onda növbəti nəticəyə gəlmək mümkündür ki, fələstinli şəhidlərlə azərbaycanlı şəhidlər arasında İran tərəfindən ayrıseçkilik fərqi qoyulur və məntiqə görə, ayətullah rejimi həmin ayrıseçkilikdə şəxsi siyasətini yeritməyə cəhd göstərir. Çünki eyni zamanda, Ermənistan-İran münasibətlərinin daim yüksələn xətt üzrə inkişafının şahidi olmağımız da bu kimi məntiqi nəticəyə gəlməyimizə imkan yaradır. Həmçinin, tarix də bunu deyir.
Maraqlar naminə "qriqoriyan xaçı"na sitayiş
Ermənistanın Azərbaycan ərazilərinin işğalı zamanı terrorçu dövlətin müsəlman ölkəsi olan qonşu İran tərəfindən maddi və mənəvi dəstəyi kifayət qədər olub. Sanki islam respublikası olan İran müsəlman deyil, xristian qardaşlığı funksiyasını həyata keçirir, bir növ ermənilərin "qriqorian xaçı"na sitayiş etdiyini sərgiləyirdi. Çünki burada da İranın siyasi və iqtisadi maraqları mövcud olub. Ermənistana isə sadəcə "nəfəs borusu" lazım idi ki, İran həmin funksiyanı canla-başla yerinə yetirirdi və bu gün də yetirməkdədir. İran və Ermənistanın dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin, iqtisadi sahədə reallaşdırılması nəzərdə tutulmuş yeni layihələrin icrasının, Ermənistandakı infrastrukturun dirçəldilməsi məqsədilə İİR tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də, qeyri - hökumət təşkilatları səviyyəsində mütəmadi olaraq həm İİR, həm də Ermənistanda müştərək iş birliklərinin həyata keçirilməsinin ildən-ilə daha intensiv xarakter alması İranın nəinki əzilən müsəlmanların hamisi olmadığı, hətta öz maraqları naminə minlərlə müsəlmanı qurban verməyə hazır olduğu hamı üçün aşkar oldu. Son illərdə İranın Ermənistanla siyasi, hərbi, iqtisadi, enerji, turizm, rabitə, yeraltı sərvətlərin istismarı sahələrində və ticarət dövriyyəsi üzrə əməkdaşlığına dair çoxsaylı faktlar toplanmışdır.
Eləcə də, Ermənistan prezidenti Serj Sarkisyanın İrana etdiyi mütəmadi səfərləri iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq məqsədi daşıdığını sübut edir. İran prezidenti Mahmud Əhmədinejatın da həmin sferada erməni-fars xalqlarının tarixi qohumluğu barədə səsləndirdiyi bəyanatı vurğulanan fikirlər toplusuna aiddir. İki ölkənin qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün birgə əməkdaşlığa dair İrandan Ermənistana birbaşa dəmir yolu xəttinin çəkilməsi, Araz su-elektrik stansiyasının tikintisi üçün kapital qoyuluşu, azad ticarət zonasının yaradılması, enerji sahəsində əməkdaşlıq, bank və maliyyə fəaliyyətinə birgə nəzarət, neft məhsullarının nəqli üçün boru kəmərinin çəkilişi, sığorta sahəsində əməkdaşlıq və ixracatın genişlənməsi sahələrində son illərdə nə az, nə çox, düz 8 adda rəsmi sənədlərə imzalar atılmışdır. Belə ki, İran tərəfi təkcə enerji sahəsində imzalanan müqavilələrdən olan və 20 il ərzində Ermənistana 36 milyard kubmetrə qədər qaz ixracını nəzərdə tutan layihənin reallaşması üçün tələb olunan 250 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitini ödəməyi öz üzərinə götürmüşdür. Bundan əlavə, Ermənistandakı 9200 kilometrlik qaz kəməri xəttinin 60%-nin yararsız olması səbəbindən İran tərəfi bu şəbəkəni bərpa etməyi öhdəsinə götürmüşdür. İran Araz çayı üzərində tikilməsi planlaşdırılan elektrik stansiyasının maliyyələşdirilməsinin də böyük bir hissəsini özünün həyata keçirəcəyini bəyan etmişdir. Bundan əlavə, Ermənistanın Mehri rayonunda tikilməsi nəzərdə tutulmuş və dəyəri 2 milyard ABŞ dolları olan "Nairiti" neft emalı zavodunun tikintisi İran tərəfindən maliyyələşdiriləcəkdir. İl ərzində 7,5 milyon ton neft emal edəcək sözügedən zavod üçün xammal İİR-dən gətiriləcəkdir. Bir sıra müsəlman ölkələrində ciddi-iqtisadi problemlərin yaşanması fonunda İranın işğalçı Ermənistana həyati əhəmiyyətli köməklikləri özünün yaymağa çalışdığı islam ölkələrinin hamisi missiyası ilə dərin bir ziddiyyət təşkil etməkdədir.
Edilən hər bir səfərdə xüsusi olaraq diqqətçəkən məqam isə S.Sarkisyanla M.Əhmədinejadın çoxmüddətli qapalı görüşləri və pərdəarxası görüşlərdən sonra brifinq-açıqlamalardakı bəzi nüanslar olub. Ermənistan prezidenti açıqlamasında İran hakimiyyətinə təşəkkür edərək, "İranın həmişə Ermənistana "dar günlərdə" kömək etdiyini, 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı və 2008-ci ilin avqustunda Gürcüstanda baş verən hadisələr zamanı Ermənistandan dəstəyini əsirgəmədiyini" xüsusi vurğulayıb və "Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qaytarılmayacağını" açıq şəkildə bəyan edib.
Hərbi sahədə əlaqələrin inkişaf etdirilməsi məqsədilə iki ölkənin güc nazirliklərinin 15-dən çox qarşılıqlı səfərləri olmuşdur. Səfərlər çərçivəsində döyüş silahı və hərbi sursatların istehsalı üçün müştərək müəssisələrin yaradılması, Ermənistandan İrana pərdələnmiş şəkildə hərbi xarakterli yüklərin daşınması üzrə 20-dən çox məxfi əməkdaşlıq sazişləri imzalanmışdır. Bu sazişlərin əsas məqsədlərindən biri də İİR-in beynəlxalq sanksiyaların təsirindən maksimum yayınmasına köməklik göstərmək olmuşdur. Belə ki, Ermənistan tərəfi İİR-in hərbi-sənaye kompleksinin inkişafı üçün tələb olunan bəzi materialları müxtəlif ad altında (kitab, müxtəlif mədəniyyət nümunələri və s.) İİR-in Tehran şəhərindəki ermənilərə məxsus və qapalı fəaliyyət göstərən "Ararat" idman cəmiyyətinə gətirir, İranın müvafiq orqanları isə sonradan həmin avadanlıqları lazımi ünvanlara çatdırırlar. Qeyd etmək lazımdır ki, Tehran şəhəri, Məntəqə 3, Vənək meydanında yerləşən həmin cəmiyyətə yalnız milliyyətcə erməni olan şəxslərin və Ermənistan vətəndaşlarının girişi mümkündür. İİR-in Təbriz, Şiraz və İsfahan şəhərlərində də ermənilərin buna bənzər qapalı cəmiyyətləri vardır.
İranın turizm şirkətləri Dağlıq Qarabağ ərazisinə turist səyahətləri təşkil etməklə Qarabağı Ermənistan ərazisi kimi tanıdırlar
Ticarət və turizm sahəsi üzrə isə fəaliyyəti əsasən "İran-Ermənistan Dostluq Cəmiyyəti" həyata keçirir. Sözügedən cəmiyyət tərəfindən mütəmadi olaraq iranlı iş adamlarının Dağlıq Qarabağa və Azərbaycanın işğal olunmuş digər ərazilərinə sərmayə qoymaq üçün (inşaat, heyvandarlıq və s. bu kimi sahələrə) cəlbedici təkliflər irəli sürülür və nəticədə, müxtəlif İran şirkətlərinin sözügedən ərazilərdə yaşayış məntəqələrinin infrastrukturunun bərpa edilməsində, xüsusən də, yol çəkilişlərində yaxından iştiraklarına nail olurlar. Bununla yanaşı, İranda fəaliyyət göstərən "Təktaz", "Didare Seyre Giti", "Vahid Air Company", "Mottahed ol Seyr Co." və "Azparez" şirkətləri Dağlıq Qarabağ ərazisinə turist səyahətləri təşkil etməklə, Qarabağı Ermənistan ərazisi kimi tanıtmağa çalışırlar.

Qismət ZƏNGİBASARLI

Digər xəbərlər