Beynəlxalq münasibətlər sistemində ən ziddiyyətli xarakterə malik olanı İran-Ermənistan münasibətləridir. Bu iki ölkənin strateji maraqları çoxşaxəli əməkdaşlıq konteksində birinin digərinə güzəşt metoduna söykənir. Paradoksal dövlətlərarası münasibətləri xatırladan İran-Ermənistan əlaqələri öz aralarında heç bir ərazi iddialarına işarə etmir. Xüsusilə, demək olar ki, İran bölgədə yeganə dövlətlərdəndir ki, Ermənistanın bu dövlətə qarşı ərazi iddiaları olmayıb.
Amma ikili münasibətlərdə İran-Ermənistan bir növ Azərbaycan-Türkiyə sayağı "qarşılıqlı maraqlar üzərində köklənmiş qardaş əlaqələri" prinsipindən çıxış edir. Lakin zaman-zaman maraqların toqquşduğunun şahidi oluruq. Ermənistanın İranla əlaqələrinin möhkəmlənməsində marağı aydındır. Sirr deyil ki, yürütdüyü "siyasət" nəticəsində regiondan tamamən təcrid olunan, içdən dağılmağa məhkum olan Ermənistan dövləti üçün İran enerjidaşıyıcılarının təminatı mənbəyi, xüsusilə, ərzaq və tikinti materialları alınan yaxın və ucuz bazardır.
İran Ermənistanı tranzit ölkə sayır
Nüvə proqramı baxımından Ermənistan İran üçün mühüm bir ölkə statusuna malikdir. Təsadüfi deyil ki, İran öz nüvə proqramını inkişaf etdirərkən, Ermənistandan və Ermənistan vasitəsilə Rusiyadan elmi-texniki dəstək aldığı danılmazdır. Digər tərəfdən, rəsmi Tehranın ABŞ-dakı erməni lobbisinin bu ölkə ilə münasibətlərinin normallaşdırılması prosesində mühüm bir müttəfiq kimi gördüyü qeyd olunur. Bu siyasət bölgədə Ermənistanın və İranın maraqları ilə uzlaşır.
Ermənistan və İran arasındakı münasibətlərdə diqqəti cəlb edən mövzular arasında Qarabağ məsələsi xüsusi önəm kəsb edir. Rəsmi İran Qarabağa dair dəfələrlə etdiyi rəsmi açıqlamalarında Azərbaycanın ərazi bötövlüyünü dəstəklədiyini desə də, digər yandan təcavüzkar Ermənistana qarşı tətbiq edilən iqtisadi embarqonun zəiflədilməsində və bu ölkənin beynəlxalq münasibətlərdə mühasirəyə alınmasının əngəllənməsində çox fəal rol oynayır. Faktdır ki, İran qondarma "erməni soyqırımı" idialarını rəsmən tanımasa da, öz ölkəsində mövcud vəziyyəti də diqqətdən kənarda qoymur. Dəfələrlə İranda ermənipərəstliyə etiraz olaraq Azərbaycan türklərinin fəaliyyətinin sıxışdırılması elə məhz bu qarşılıqlı maraqlara xüsusi bir töhfə verir.
Qarabağ məsələsinə
bölgədəki əngəl
Yürütdüyü məqsədyönlü daxili və xarici siyasəti ilə artıq bölgədə önəmli bir dövlətə çevrilən Azərbaycanın mövqeyi imkan verir ki, qonşuluqdakı dövlətlər onunla hesablaşsınlar. Bölgədə sülhün, təhlükəsizliyin təminatçısına çevrilən Azərbaycan qonşuları ilə qarşılıqlı əməkdaşlıqda sadiq tərəfdaş imicini qazanıb. Lakin bu reallığı qəbul etməyən tərəflər Qarabağ məsələsinin həllinə maneçilik törətməklə bölgədəki mövcud vəziyyəti dəyişmək fikrindədir. Ümumuyyətlə, Dağlıq Qarabağ probleminin həllində vacib faktorlardan biri kimi qonşu İranın bu məsələdə tutduğu qərəzli mövqedir. Əlindəki "imkanlardan" yararlanan İran Ermənistanla da münasibətlərini normal saxlayır. Çünki Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistanın regionda geosiyasi vəziyyəti onun dünya okeanına çıxışını məhdudlaşdırır, quru sərhədləri isə Azərbaycan, Türkiyə, Gürcüstan və İranladır. Ermənistanın Azərbaycanla müharibə vəziyyətində olması, Türkiyəyə isə torpaq və əsassız tarix iddiası onun bu ölkə ilə münasibətlərinə ziyan vurur, münasibətlərinə kölgə salır. Digər tərəfdən Gürcüstanla normal münasibətləri olsa da, bu ölkənin imkanları Ermənistanı qane etmir. Yeganə vasitə kimi İranla əməkdaşlığa üstünlük verir.
Yaranmış vəziyyəti dərk edən İran Ermənistanın işğalçı siyasətinə, qonşu dövlətlərə torpaq iddialarına görə bu ölkəyə qarşı sərt mövqe tutsaydı, Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməkdən başqa çıxış yolu olmazdı. Yanacaqsız, hərbi dəstəksiz, dünyaya birbaşa çıxışı olmadan isə, o öz xarici siyasətini sivil qaydada düşünmək məcburiyyətində qalacaqdı.
İran-Ermənistan əlaqələri yüksələn xətlə inkişaf edir. Hər iki tərəf yürütdükləri siyasətin Azərbaycan dövlətini və xalqını narahat etdiyini yaxşı bilir. Rəsmi Tehran Qarabağ məsələsində işğalçı Ermənistanla praqmatik siyasət yürüdür, qəti şəkildə regoinda sülhün bərqərar olunmasına öz töhfələrini verə bilmir. Çünki şəxsi maraqları onun bu mərkli siyasəti ilə mütənasibdir.
BABƏK HACIYEV