PDF Oxu

Araşdırma

  • 893

“Amnesty International”la “Human Right Watch”un qərəzli hesabatları

“Amnesty International”la “Human Right Watch”un qərəzli hesabatları

"Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatların ardıcıl olaraq, məqsədli şəkildə Azərbaycan əleyhinə əks-təbliğat aparması heç kəsə sirr deyil. Söhbət ondan gedir ki, bu kimi qurumların təmsilçiləri ölkəmizdə sivil, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində əldə edilən böyük uğurları, sosial-iqtisadi tərəqqini bilərəkdən görməzliyə vurur, bilərəkdən əks-təbliğat üçün yararlı, "qara piar" üçün faydalı hesab edilən təhrif olunmuş fikirləri qabartmağa çalışırlar. Artıq müvafiq araşdırmalar nəticəsində, bəlli olub ki, bu kimi qurumların Azərbaycanın əleyhinə hazırladığı hesabatlarda müəyyən ermənipərəst dairələrində marağı var və bu kimi hesabatlar, əslində, erməni disporunun istəkləri və maliyyəsi ilə hazırlanır.


Hər zaman qərəzli, birtərəfli mövqe

Bu məqam milli maraqlardan çıxış edən əksər yerli QHT-lərin təmsilçiləri tərəfindən xüsusi vurğulanır. Məsələyə münasibət bildirən "Zəngin Azərbaycan Uğrunda Maarifləndirmə" İctimai Birliyinin sədri İradə Əliyeva bildirir ki, onların hazırladıqları hesabatlar həmişə birtərəfli olub, maraqlı qüvvələrin mövqeyini əks etdirib: "Bu hesabatlar erməni disporunun maliyyəsi və istəkləri ilə hazırlanır. Onların hazırladıqları hesabatlarda indiyədək Azərbaycanla bağlı ürəkaçan rəy olmayıb. Bu isə, onu göstərir ki, həmin hesabatlar qərəzli hazırlanır".

Mahiyyət etibarı ilə, bu təşkilatların Azərbaycanla bağlı mövqeyi hər zaman qərəzli, birtərəfli olması ilə seçilib. Şübhəsiz ki, "Amnesty International" və "Human Right Watch"a belə qeyri-obyektiv, qərəzli hesabatların hazırlanmasında Azərbaycanda fəaliyyət göstərən və özlərini radikal adlandıran daxili hüquq-müdafiə təşkilatları kömək edirlər. Davamlı olaraq, hər il hazırlanan bənzər hesabatlarda bu mövqe, demək olar ki, dəyişmir: "Son hesabat da bu səpkidədir. Biz bu hesabatları pisləyirik. Bu hesabatları "sapı özümüzdən olan baltalar"ın köməyi ilə hər il cüzi dəyişikliklə bir az da sərtləşdirərək hazırlayırlar".

Həmin hesabatlarda guya "Eurovision"la bağlı bir sıra şəxslərin evlərinin söküldüyü və onların mülkiyyət hüquqlarının pozulduğu iddia edilir. Reallıqda isə vəziyyət tamam fərqlidir. Azərbaycanda beynəlxalq miqyaslı böyük bir tədbir keçirilir. Bir il ərzində müsabiqənin keçirilməsi üçün möhtəşəm zal inşa olunub. Həmin ərazidə evləri olan insanlara mülkiyyətləri müqabilində kompensasiya ödənilib, onlar razı salınıb və maraqları təmin olunub".


Hazırlanan hesabatlar qeyri-obyektivdir

"Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev isə qeyd edib ki, "Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatlar növbəti dəfə məsələlərə qərəzli baxış nümayiş etdiriblər: "Bir tərəfdən bunu Azərbaycan cəmiyyəti, vətəndaş cəmiyyəti strukturları, digər tərəfdən isə, hesabat hazırlayan başqa nüfuzlu təşkilatlar dəstəkləmir". Onun sözlərinə görə, qeyri-obyektiv hesabatlar hazırlayan təşkilatlar Azərbaycanda bir sıra insanların hüquqlarının pozulduğunu bildirirlər və bu, onların ən azından Azərbaycan qanunvericiliyindən xəbərsiz olduğunun göstəricisidir. İB sədri haqlı olaraq, vurğulayıb ki, həmin təşkilatlar Azərbaycan cəmiyyətini daha çox düşündürən qaçqınların vəziyyəti, məcburi köçkünlərin pozulan hüquqları, Ermənistanın danışıqlar prosesindəki qeyri-konstruktiv mövqeyi ilə bağlı heç bir hesabat hazırlamırlar.

Bəlli olduğu kimi, destruktivlik ənənəsinə sadiqlik nümayiş etdirən bir sıra müxalifət qurumları "Eurovision" kimi böyük beynəlxalq müsabiqənin keçirildiyi bir vaxtda icazəsiz aksiyalara cəhd göstərməklə diqqəti cəlb etməyə çalışırlar. Bu isə onsuz da qərəzli mövqedə olan bir sıra beynəlxalq qurumlara belə qərəzli hesbatlar üçün, sadəcə, bəhanə verir.


Bəzi beynəlxalq qurumların Azərbaycanla bağlı mövqeyi ədalətsizdir

Bu qurumlar "Eurovision" Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsinə qərar veriləndən sonra davamlı olaraq dövlətimizi, onun daxili həyatını, beynəlxalq imicini təhdid etməyə başlayıblar. Azərbaycanda insan hüquqlarının təmin olunmasında həyata keçirilən tədbirlər, görülən işlər, əldə olunan uğurlar həmin təşkilatların hesabatlarında yer almır.

"Amnesty International" və "Human Right Watch", həmişə olduğu kimi, Azərbaycanla bağlı özlərinin ədalətsiz mövqeyini nümayiş etdirir. Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilov isə bildirib ki, bu təşkilatların Azərbaycanla bağlı hesabatlarında göstərilən məqamlar həqiqəti əks etdirmir. N.Adilov hesab edir ki, bu beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlardan çıxış edir, qərəz nümayiş etdirir. Onun sözlərinə görə, həmin təşkilatlar Ermənistanda baş verən prosesləri, bu ölkənin işğalçı olduğunu bildiyi halda, öz hesabatlarında Ermənistanı bəzi aspektlərdə Cənubi Qafqazın digər ölkələrindən üstün tuturlar. Həmin beynəlxalq təşkilatların hazırladıqları həqiqətə uyğun olmayan, qərəzli hesabatlar onların nüfuzunu kölgə altına qoyur: "Hesab edirəm ki, belə davam edərsə, Azərbaycan xalqının həmin təşkilatlara və onların hesabatlarına heç vaxt inamı qalmayacaq və hər iki quruma etimadsızlıq sərgilənəcək".


"Eurovision-2012" ilə bağlı qərəzli mövqe ölkə ictimaiyyəti tərəfindən pislənilir

Bu, artıq bir tendensiya halını alıb və az qala haqqında söhbət gedən həmin qüvvələrin peşə məşğuliyyətinə çevrilib. Sanki bunların çörəyi Azərbaycanı tənqid eləməkdən, vaxtaşırı verdikləri palaz-palaz açıqlamalardan və hətta özlərinin də heyrət etdiyi hesabatlardan çıxır.

Məsələnin digər diqqətçəkən məqamı isə ondan ibarətdir ki, ölkəmiz haqqında davamlı olaraq neqativ rəy formalaşdırmaq missiyası daşıyan beynəlxalq təşkilatların sıralanması, əhatə dairələri, təsir imkanları da heç dəyişmir, daim eyni çərçivədə qalır. Elə bu səbəbdəndir ki, artıq "Human Rights Watch", Amnesty İnternational", "Norveç İnsan Haqları Evi", "Freedom House" kimi təşkilatların adı eşidilərkən ağıllara tənqiddən, qərəzdən, hikkədən, məkrdən başqa bir şey gəlmir.

Bu mənada, heç onların hesabatlarını oxumağa da ehtiyac qalmır. Çünki həmin təşkilatlar öz hesabatlarını hazırlayarkən ölkədəki real durumu dəyərləndirilməyə ehtiyac duymur, nə deyəcəklərini öncədən müəyyənləşdirirlər. Proseslərə qiymət vermək üçün istinad etdikləri mənbə də həmişə dəyişməz qalır: Azərbaycandakı "5-ci kolon"un nümayəndələri, onların sərsəm fikirləri, ölkə haqqında qərəzli və siyasi məqsəd güdən qənaətləri. Absurddur, deyilmi? Adını beynəlxalq təşkilat qoyasan, amma fəaliyyətində beynəlxalq konvensiyaların normalarından, beynəlxalq hüququn prinsiplərindən ən kiçik işartılar da olmaya. Yaxşı o zaman sual olunur: Kimdir həmin təşkilatları bu şəkildə Azərbaycanın üzərinə yönəldən? Nədir bunların Azərbaycandan istədikləri, verib-almadıqları? Niyə hesabatlar hazırlanarkən, ölkəmiz haqqında hər hansı bir fikir yürüdülürkən gerçəklik təhrif olunur, məsələlərin təfsilatına varılmır? Əvəzində isə, elektoratı olmayan, siyasi gücü sıfıra qədər tükənən birilərinin sözü mənbə rolunu oynayır!


"Human Rights Watch"u Amerikada heç tanıyan yoxdur

"Human Rights Watch"u heç sınıq-salxaq ofislərinin yerləşdiyi dar küçədə belə tanımırlar. Bu qurum təsir dairəsi yoxa bərabər olan bir təşkilatdır. Amma baxın, bütün mümkün vasitələrdən istifadə edərək dövlətə, hakimiyyətə qarşı açıq düşmənçilik nümayiş etdirən "Azadlıq" qəzeti və onun hamisi Əli Kərimli həmin təşkilatın təqdimatını elə verir ki, kənardan baxan elə bilər ki, dünyanın taleyi məhz "Human Rights Watch"ın verdiyi rəydən asılıdır. Bir təşkilatın ki, informasiya bazası "Azadlıq" qəzeti, istinad nöqtəsi isə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu ola, məncə, burada əlavə mülahizəyə ehtiyac qalmır. Azərbaycanın radikal siyasi müxalifətinin sanki bir qolu kimi fəaliyyət göstərən və adını insan haqlarının müdafiəçisi qoyan bu qurumun faktlara münasibəti, bəzən ən fantaziyalı təxəyyülə belə sığmayan iradları son dərəcə gülünc və cəfəngdir.

Diqqət edin, bir ara ABŞ Milli Demokratiya İnstitutunun fəaliyyətinin dayandırılmasını ittiham kimi öz hesabatlarına daxil etdilər. Halbuki institutun fəaliyyəti davam edirdi və hətta bölgələrdə tam sərbəst şəkildə treninqlərini həyata keçirirdi. Sonra keçdilər 2 aprel məhbuslarına. Beləcə demokratiya, insan hüquq və azadlıqlarının müdafiəsi imitasiyası bu istiqamətdə dövr etməyə başladı. Məsələyə sadəcə siyasi prizmadan yanaşdılar. Baxmayaraq ki, fəaliyyətlərinin başlıca prioritetlərindən biri məhz "hüquq" anlayışıdır-ondan da yan keçdilər. Azərbaycanın cinayət qanunvericiliyini görməməzliyə vurdular. Belə şey olarmı? Nə demək istəyir bunlar? Azərbaycanda hüquqi nihilizmi olsun? Hər kəs sadəcə siyasi mənsubiyyəti var deyə ağlına gələnimi etsin?


Məqsəd hüquqi nihilizm mühiti

yaratmaqdır

Bəzi xarici dairələrə ölkəmizdəki stabilliyi zədələmək, aranı qarışdırmaq üçün elə bu tip təşkilatlar sərf edir. Bunun üçün ən etibarlı üsul isə cəzasızlıq sindromunu yaymaq və məmləkətdə hüquqi nihilizm mühiti yaratmaqdır. Bu formatda olan və imitasiya funksiyası daşıyan təşkilatlar da dövriyyəyə məqsədyönlü şəkildə buraxılır. Bu, həm də müasir dünya siyasətində başqalarının dili ilə ən "uğurlu" söz demə üsuludur. Qarşı tərəf haqlı iradını bildirəndə isə həmin fövqəl-dövlətlərin cavabı şablon olur:" Onlar müstəqil təşkilatdır, biz necə müdaxilə edə bilərik ki?"

Tənqidə görə, heç bir siyasi təzyiq yoxdur

Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirir ki, sözügedən siyasi təşkilat müxalif siyasi mövqeyi ilə seçilməsi, daim hakimiyyəti tənqid etməsinə baxmayaraq, indiyədək heç bir təzyiqlə üzləşməyib. Onun sözlərinə görə, ölkədə xeyli sayda radikal müxalifət mətbuatı fəaliyyət göstərir və burda çalışan heç bir jurnalist həbsələrə o cümlədən, təzyiqlərə məruz qalmayıb.

Qeyd edək ki, "Amnesty International" təşkilatı Azərbaycanın ünvanına növbəti bir böhtan bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, guya Azərbaycanda yeni repressiya və zorakılıq dalğası başlayıb. Təşkilat 2012-ci ildə dünyada insan haqlarının vəziyyətinə dair hesabatında qeyd edir ki, ölkədə demokratiya, siyasi islahatlar tələb edənlərin mitinqləri zorakı üsullarla dağıdılır.

Bundan başqa, "Amnesty International" əlavə edir ki, müxalifət fəallarının zorakılığa məruz qalmaları barədə şikayətləri, bir qayda olaraq, araşdırılmır. Elçin Mirzəbəylinin sözlərinə görə, bu Azərbaycana qarşı həyata keçirilən məqsədyönlü kampaniyanın tərkib hissəsidir. Proseslərə diqqət yetirdikdə, görünür ki, aqressiya artdıqca ortaya gerçək bir mənzərə çıxır ki, bu planlaşdırılmış bir ssenaridir və ardıcıl şəkildə həyata keçirilir.

Belə bir fikir səslənir ki, guya Azərbaycanda 6 jurnalist həbs olunub. Amma nəticə etibarı ilə ortada dəqiq fakt yoxdur. Aksiya zamanı saxlanan insanlara gəldikdə isə, bu da destruktiv qüvvələrin planlaşdırdığı ssenarinin bir hissəsidir. Çünki bu gün kimsə icazəsiz bir aksiya keçirirsə, xüsusilə də, beynəlxalq tədbirlərin keçirildiyi bir anda, bunun qarşı qanunla alınmalıdır. Çünki sərbəst toplaşmaq haqqında qanunda açıq şəkildə göstərilir ki, beynəlxalq tədbirlər keçirilən zaman bu və ya digər aksiyaların keçirilməsinə icazə verilmir. Bu, hər kəsə bəlli olan bir məsələdir.

Yenə də ikili standartlar...

Müxalifət partiyasının funksineri əlavə edib ki, dünyanın ayrı-ayrı yerlərində keçirilən aksiyalara diqqət yetirdikdə, məsələn, ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Fransada və digərlər ölkələrdə icazəsiz aksiyalara qarşı ciddi tədbirlər görülür, hətta yüzlərlə insan həbs olunur. Bəs buna niyə reaksiya verilmir?

Elçin Mirzəbəylinin sözlərinə görə, erməni diasporunun maliyyəsi hesabına fəaliyyət göstərən əksər beynəlxalq təşkilatlar "Eurovision-2012" Mahnı Müsabiqəsinin təşkilindən narahatlıq keçirirlər. Bu səbəbdən də, ölkəmizə qarşı total hücumlara başlanılıb. Bundan başqa, İran Azərbaycana qarşı təxribatçı hücumları davam etdirir.


"Səs" Analitik Qrupu

Digər xəbərlər