Azərbaycanın bölgədə güclü sərmayədar ölkə statusuna malik olması artıq dünyanın ən nüfuzlu analitik tədqiqat mərkəzlərinin son illər apardığı əsas təhlil mövzularından birinə çevrilib. Respublikamızın dünyada potensial investor olmasını öz hesabatında xüsusi qeyd edən "Moody's beynəlxalq reytinq agentliyi hesab edir ki, Azərbaycan regionda xalis kreditor mövqeyi çox güclü olan dövlətdir. "Moody's" ölkəmizdəki investisiya mühitini ciddi şəkildə təhlil edərək, şəffaf biznes mühitini və xarici sərmayədarların fəaliyyəti üçün təmin edilmiş cəlbedici sərmayə atmosferasını təqdir edir. Agentliyin analitiklərinin fikrincə, Azərbaycanın investisiya imkanları çox cəlbedicidir. Bu, xarici sərmayə qoyuluşlarının artım dinamikası üçün əlverişli imkanlar yaradır. Eyni zamanda, xaricə sərmayə qoyuluşları üçün əlverişli zəmin yaradır.
"Moody's"un analitik qrupu Azərbaycanın güclü investor olmasını müəyyən edərkən, bir neçə mühüm prinsipləri əsas götürüb. Yəni respublikamızın investor statusunun müəyyən olunmasında hər bir ölkənin maliyyə rezervlərinin həcmi, xarici kreditor netto indeksi, rəqabətqabiliyyətlilik əmsalı, xarici borc amili, iri şirkətlərin aktivlərinin həcmi, şəffaflıq göstəriciləri və digər komponentlər əsas götürülüb. Həmin seqmentlərə diqqət edəndə, Azərbaycanın hər bir indikator üzrə çox mühüm pozitiv göstəricilərə malik olmasını görə bilərik.
Azərbaycan hazırda regionda irihəcmli valyuta ehtiyatlarına malik ölkədir. 45 milyard dollara yaxın kapital resurslarının olması ölkəmizin maliyyə qüdrətinin artmasında başlıca faktora çevrilib. Bu həcmdə strateji valyuta portfeli və digər xarici aktivlər, eyni zamanda, bunun müqabilində 4,8 milyard dollarlıq xarici borc Azərbaycanın xalis kreditor mövqeyini gücləndirir. "Moody's"un ekspert qrupunun da qeyd etdiyi kimi, ölkəmizin 90 faizdən çox birbaşa dövlət borcu ən yaxın beş il ərzində ödəmə müddəti ilə borc olmadan ən azı 10 il müddət üçün hesablanıb. Bütün bu parametrlər Azərbaycan hökumətinin maliyyə davamlılığının çox aşağı borc yükü və 1,1 faiz səviyyəsində çox sərfəli faiz dərəcəsi ilə xarakterizə olunan xarici aktivlərin əhəmiyyətli ehtiyatları və hökumətin güclü balansı sayəsində yüksək səviyyədə olmasını şərtləndirir.
Göründüyü kimi, Azərbaycan bölgə dövlətlərinin iqtisadiyyatının real sektoruna sərmayə yatıran və iri infrastruktur layihələrini maliyyələşdirən əsas investor kimi özünü təsdiq etməkdədir. Azərbaycan Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya və digər dövlətlərin sərmayə bazarlarında aktiv iştirak edən investor sayılır. Ölkəmiz region ölkələrinin neft-qaz, neft-kimya, yanacaq-energetika,sənaye, emal, infrastruktur bölmələrinə irihəcmli maliyyə vəsaitləri yönəldərək iqtisadiyyatın inkişafına töhfəsini verir.
Bu gün Azərbaycan dünyanın ən modern və potensial investorlarından biri kimi qəbul edilməkdədir və ölkəmizin sərmayəsini istəyən xarici dövlətlərin sayı artmaqdadır. Azərbaycan Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya və digər dövlətlərin sərmayə bazarlarında aktiv iştirak edən investor kimi mövqeyini möhkəmləndirməkdədir. Ölkəmizin xarici dövlətlərin iqtisadiyyatına yönəltdiyi sərmayələrin həcmi 10 milyard dollardan çoxdur. Xaricə yatırılan investisiyalar Azərbaycanın iqtisadiyyatını gücləndirməklə yanaşı, onun ümumi maraqlarının təmin edilməsində əhəmiyyətli rol oynayır. Hər bir xarici sərmayə Azərbaycanın gələcəyi, sabahın etibarlı maliyyə təminatı deməkdir. Xarici dövlətlərə yatırılan sərmayələr Azərbaycan üçün böyük əhəmiyyətə malikdir və dəyəri milyard dollarlarla ölçülən investisiyalar Azərbaycanın gələcək güclü maliyyə rezervləri deməkdir.
Respublikamızın regionda güclü potensial sərmayədar ölkəyə çevrilməsi, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə təkan verən əsas amillərdən biridir. Hazırda qlobal meyillərin dərinləşdiyi bir dövrdə hər bir ölkənin milli maraqlarının və mövqeyinin möhkəmlənməsinə təsir göstərən faktorlardan biri fəal investisiya siyasətidir. Bu gün Azərbaycan dünyanın ən modern və potensial investorlarından biri kimi qəbul edilməkdədir və ölkəmizin sərmayəsini istəyən xarici dövlətlərin sayı artmaqdadır. Nəhəng maliyyə resurslarına malik olan ölkəmiz iqtisadi maraqlarının təmin olunması çərçivəsində son illərdə xarici ölkələrə dəyəri milyardlarla dollar həcmində olan sərmayələr yatırır. Həmin investisiyalar Azərbaycanın iqtisadiyyatını gücləndirməklə yanaşı, onun ümumi maraqlarının təmin edilməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, xarici ölkələrə qoyulan investisiyalar mövqelərimizi möhkəmləndirir, regiondakı rolumuzu artırır.
Dünya investisiya bazarında öz potensial gücünü dünyaya nümayiş etdirən Azərbaycanın iri şirkətlərinin fəaliyyətinin təhlili isə göstərir ki, respublikamızın xaricə sərmayə yatıran investorları yalnız bir məqsədi- azad bazar prinsiplərini və ədalətli rəqabət mühitinin təmin olunmasını, eyni zamanda, şəffaflığı başlıca meyar hesab edirlər. Dünyada inkişaf etmiş potensial investor dövlətin investisiya reytinqinin formalaşmasında şəffaflıq elementi xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi beynəlxalq maliyyə institutları və "Transparency International" beynəlxalq antikorrupsiya təşkilatı xarici investor ölkələrin şirkətlərinin xaricdə fəaliyyəti üzrə rüşvətxorluq indeksi ilə bağlı siyahı açıqlayırlar. Sonuncu hesabatda bir sıra ölkələrin iri investorlarının və transmilli investisiya şirkətlərinin xarici fəaliyyətinin şəffaflıq indeksləri müəyyən olunur.
Qeyd olunan hesabatda iri şirkətlərin rüşvətxorluq və korrupsiya kimi xoşagəlməz hallarla rastlaşması vurğuladığımız kimi investisiya bazarlarında haqsız rəqabətə imkan vermələri, bir çox hallarda layihələri hansısa maraqlar və güclü rüşvət müqabilində qazanmaları, bazarın qanunlarını pozaraq, sərmayə proqramlarının dəyərini böyütməklə digər investorları bazardan uzaqlaşdırmaq cəhdləri ilə səciyyələndirilə bilər. Hazırda qloballaşmanın dərin xarakter aldığı və transmilli şirkətlərin maliyyə rezervlərinin sürətlə azaldığı bir dövrdə iri şirkətlərin çoxu cəlbedici layihələri ələ keçirmək üçün hər bir üsullardan istifadə etməyə çalışırlar. Onlar digər sərmayəçiləri bazardan kənara çıxarmaq üçün həmin ölkənin investisiya sektorunda müxtəlif manipulyasiyalar edir, investisiya müsabiqələrində qalib gəlməyə nail olurlar. Eyni zamanda, qalib gələn şirkət öz sərmayə portfelini müxtəlif xərclər istiqamətləri üzrə düzgün realizə etmir, yatırdığı milyardlarla dollar sərmayənin bir hissəsini müxtəlif kənar proqramlar adı ilə mənimsəyir. Nəticədə, bu şirkətlər azad rəqabəti pozur və korrupsiyaya yol verir. Yuxarıda qeyd olunan rüşvətxorluq indeksləri də məhz bu kimi halların nəticəsi olaraq müəyyənləşir.
Azərbaycanın xarici dövlətlərin iqtisadiyyatına sərmayə yönəldən şirkətləri fəaliyyətlərini şəffaf şəkildə quraraq, nüfuz və etimad qazanıblar. Bunun nəticəsidir ki, bölgədə son illər elan olunan iri investisiya müsabiqələrində Azərbaycan şirkətləri qalib gəlir. Bu, şəffaflıq, antikorrupsiya, azad rəqabətlə bağlı Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Respublikamızın korrupsiya ilə mübarizə strategiyası, göründüyü kimi, xarici iqtisadi fəaliyyət sahələrində də öz mühüm nəticələrini göstərməkdədir.
"Səs" Analitik qrupu