Azərbaycanla İran ortaq tarixi dövlətçilik ənənələrinə söykənən, eyni dini-mənəvi dəyərləri bölüşən, sıx, ayrılmaz qardaşlıq telləri ilə bir-birinə bağlı olan yaxın, qonşu dövlətlər sayılır. Bəlli olduğu kimi, bu gün İranda 10 milyonlarla azərbaycanlı yaşayır, bu ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edirlər. İran rəsmilərinin dəfələrlə etiraf etdiyi kimi, bu ölkənin əhalisinin azı 40 faizi məhz Azərbaycan türkcəsində danışır. Bu, o deməkdir ki, bu ölkədə özünü bilavəsitə azərbaycanlı hesab edən 35 milyondan artıq insan yaşayır.
İranda soydaşlarımızın təbii gözləntiləriAzərbaycanlıların bu ölkədə dil, mədəniyyət sahəsində bərabər hüquqlara sahib olmağa tam haqqı çatır
Ərəbləri, kürdləri, giləkləri, bəlucları, türkmənləri, digər milli topluluqları da nəzərə aldıqda, azərbaycanlıların bu ölkədə nisbi çoxluq təşkil etdiyi aydın görünür. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanın tarixi coğrafiyasının böyük hissəsi məhz İran ərazisini əhatə edir. Eyni zamanda, Azərbaycan türkləri tarix boyu İranda həlledici söz sahibi olublar, bu ölkədə aparıcı, birləşdirici, bütün xalqların, o cümlədən, farsların hüquqlarını müdafiə edən başlıca qüvvə kimi çıxış ediblər. Bu səbəbdən, soydaşlarımızın İranda dil, mədəniyyət sahəsində, ən azı, bərabər hüquqlara sahib olmağa tam haqları çatır.
Lakin təəssüf ki, son 70-80 il ərzində, İranda Azərbaycan türklərinə, eləcə də, bir sıra digər xalqlara münasibətdə bir ayrı-seçkilik münasibəti duyulur. Təəssüf ki, Pəhləvi rejiminin çökməsinə, islam inqilabından 33 keçməsinə baxmayaraq, bu münasibət çox da dəyişməyib. İran İslam Respublikasının Konstitusiyasının 15-ci maddəsində xalqların hüquq bərabərliyi, bir millətin digərindən üstün tutulmaması ciddi şəkildə təsbit olunsa da, bu maddənin tətbiqinə, əslində, qeyri-rəsmi şəkildə qadağa qoyulub. Dəfələrlə bu maddənin tətbiqi ilə bağlı real addımlar atılacağı vəd edilsə də, İran parlamentində bu məsələ səsvermə həddinə qədər gedib çıxsa da, ortada konkret nəticə yoxdur.
Azərbaycan İrana hər zaman səmimi qardaşlıq mövqeyindən yanaşır
Bütün bunların müqabilində, Azərbaycanın quzeyində qurulan Azərbaycan Respublikası hər zaman İrana bir dövlət kimi xüsusi sayğı, prinsipial məsələlərdə qardaşlıq mövqeyindən yanaşıb, İranın beynəlxalq səviyyədə tanınmış sərhədlərini, suveren hüquqlarını birmənalı şəkildə müdafiə edib. Ölkəmiz qardaşlıq əlaqələrinə sadiqlik nümayiş etdirərək, İranın daxili işlərinə qarışmamaq xəttini seçib, bu ölkədə baş verənlərə, ilk növbədə, beynəlxalq hüquq normaları mövqeyindən yanaşıb.
Bəlli olduğu kimi, bir müddət əvvəl, İranla Azərbaycan arasında bu ölkələrin birinin ərazisindən digərinə qarşı hərbi məqsədlərlə istifadə etməməklə bağlı xüsusi müqavilə imzalanıb və Azərbaycan müxtəlif təhriklərə baxmayaraq, bu müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir. İranda isə Azərbaycanın dil, mədəniyyət, qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi ilə bağlı gözləmələri, təəssüf ki, nəzərə alınmır. Əksinə, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistanın rəhbərlərinə çox isti münasibət göstərilir. Digər tərəfdən, İran işğalçı ölkəni blokadadan çıxarmaq üçün konkret addımlar atır. Hətta bunu İranda "ermənilərin İran əsilli xalq olması" iddiası ilə izah etməyə çalışanlar da tapılır.
Azərbaycana qarşı təzyiqlər, təhdidlər yolverilməzdir
Azərbaycana münasibətdə isə təhdidlər, təzyiqlər yolu seçilir, hətta güneyli soydaşlarımızın quzeydəki qardaşlarının əleyhinə yönəltmək üçün uğursuz çağırışlar səsləndirilir. Xüsusən, Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal etməsi səbəbindən blokada vəziyyətinə düşən Naxçıvan Muxtar Respublikasına qarşı müəyyən məhdudiyyətlərin qoyulması, Azərbaycanla İran ərazisindən keçməklə əlaqə saxlamağa məcbur olan Naxçıvan sakinlərinə qarşı xoşagəlməz rəftar, ayrı-seçkilik nə ortaq daşıyıcısı olduğumuz islam dininə, mədəniyyətinə, nə də iki ölkə arasındakı qardaşlıq əlaqələrinə sığır.
Müvəffəqiyyətlə gerçəkləşən "Eurovision-2012" müsabiqəsi ərəfəsində Azərbaycana qarşı məqsədli şəkildə bir sıra etirazların təşkil edilməsi, İranın bəzi din xadimlərinin verdiyi fətvalar, bəyanatlar, əslində, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirilməlidir. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun vurğuladığı kimi, bu gün Azərbaycan dövləti yalnız öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür: Azərbaycan öz ərazisindən başqa bir ölkəyə qarşı istifadə olunmasına imkan verməyəcəkdir. İran ruhaniyyətinin bəzi nümayəndələri Azərbaycan dövlətinə, onun konstitusiya quruluşuna, Azərbaycan xalqına, Prezidentinə qarşı hörmətsizlik nümunəsi olan açıqlamalar verir, çağırışlar edir, şüarlar səsləndirirlər. İranın rəsmi dairələri bu çağırışları pisləyən bəyanatlar verməli, iki ölkə arasında münasibətlərə mənfi təsir göstərən belə hallarla mübarizə aparmalıdırlar. Azərbaycanı təhdidlərlə qorxutmaq, haqq yolundan döndərmək mümkün deyil".
Fəal vətəndaşlıq mövqeyi
Azərbaycanda bəzi İran ruhanilərinin çağırışlarına qarşı açıq etirazlar tam təbii və qanunauyğundur
Göründüyü kimi, burada İranı narahat edən bir sıra məqamlara bir daha aydınlıq gətirilir. Prezident Administrasiyasının rəsmisi açıq şəkildə vurğulayır ki, Azərbaycan ərazisindən nə İrana, nə də hər hansı digər dövlətə qarşı istifadə edilməsinə qəti şəkildə yol verilməyəcək. Başqa sözlə, bu, o deməkdir ki, Azərbaycan müstəqil dövlət kimi öz daxili və xarici siyasətinin hədəflərini məhz özü müəyyənləşdirir və üzərinə götürdüyü qarşılıqlı öhdəliklərə də tam sadiqdir.
Doğrudur, bəzi İran ruhanilərinin xoşagəlməz çağırışlarına əks-cavab reaksiyası olaraq, Azərbaycanda da müəyyən etiraz təbirləri keçirilib, İran ruhanilərinin ölkəmiz əleyhinə çağırışlarına qarşı fəal vətəndaşlıq mövqeyi bildirilib. Lakin Azərbaycanda İranın hər hansı din xadimi və ya dövlət rəsmisi hər hansı formada təhqir olunmayıb. İranda minlərlə soydaşımızın Azərbaycanın quzeyinə qarşı aparılan "qara piar"a açıq etiraz etməsinə gəldikdə, bu, tam təbii və qanunauyğundur. Çünki cənubdakı soydaşlarımız İranın bəzi din və dövlət xadimlərinin Azərbaycana qarşı qeyri-səmimi, qərəzli, bir sıra hallarda, hətta düşmənçilik mövqeyində olduqlarını çox yaxşı bilirlər.
Azərbaycan İranın dini rəhbərlərinə hər zaman sayğı ilə yanaşıb
Bu məqamı Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mediada verdiyi müvafiq açıqlamada xüsusi olaraq qeyd edib. Əli Həsənov deyib ki, Azərbaycanda heç bir İran dini rəhbəri, yaxud dini lideri təhqir olunmayıb: "Azərbaycan hakimiyyəti və ictimaiyyəti İranın dini rəhbərlərinə, ruhaniyyətinə daim sayğı ilə yanaşıb. Lakin eyni zamanda, ruhaniyyətin anti-Azərbaycan fəaliyyətini də açıq şəkildə, çəkinmədən onlara bildirib".
İranda isə vəziyyət tamam fərqlidir, bu ölkənin dini-teokratik liderləri heç bir real səbəb olmadan, Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin ünvanına xoşagəlməz ifadələr işlədir, yolverilməz fikirlər səsləndirirlər. Halbuki İran Azərbaycana münasibətdə dilə gətirdiyi iddiaların heç yüzdə birini Ermənistana qarşı səsləndirmir, əksinə, rəsmi Yerevana açıq şəkildə himayədarlıq edir: "Son zamanlar İranın bəzi ruhani dairələri heç bir əsası olmayan anti-Azərbaycan fəaliyyətinə, təbliğatına qoşulublar və bu işin başında dayanıblar, Azərbaycanda keçirilən beynəlxalq tədbiri "gey-parad" adı ilə ləkələmək istəyirlər. Azərbaycan xalqına beynəlxalq aləmdə, o cümlədən, İran səviyyəsində böhtan atmaq istəyirlər. Biz bu böhtana etirazımızı bildirmişik".
Avropa ilə İranın kəsişən mövqeyi
Bu, oxşar motivlərə söykənir
Beləliklə, Əli Həsənovun vurğuladığı kimi, Azərbaycanda İrandan fərqli olaraq, heç kəsə zəruri çərçivədən kənara çıxmayıb, əksinə, ölkəmizə qarşı səsləndirilən həqiqətəuyğun olmayan, böhtan xarakterli fikirlərə haqlı etiraz bildirilib. Maraqlı və təzadlı məqamlardan biri də budur ki, İranda müəyyən dairələrin Azərbaycan əleyhinə çıxışları bir sıra Avropa ölkələrində ölkəmizə qarşı aparılan "qara piar"la eyni vaxta düşür.
Təbii ki, baş verənlər heç də təsadüf adlandırmaq mümkün deyil və hər iki tərəfdən səslənən qərəzli iddialar da, əslində, oxşar motivlərə söykənir. Yeganə fərq ondan ibarətdir ki, İrandan eşidilən etirazlarda dini motivlər məqsədli şəkildə qabardılır. Avropa, xüsusən, Almaniya KİV-i isə vaxtaşırı süni şəkildə insan haqları məsələsini gündəmə gətirməyə səy göstərir.
Ayrı-seçkilik və ikili münasibət tam aradan qaldırılmalıdır
Azərbaycanda keçirilən etiraz aksiyalarından İranın dövlət rəsmilərinə və dini rəhbərlərinə qarşı irəli sürülən tələblər tam real, gözlənilən və qanunidir. Əgər İranın ruhaniləri və dövlət rəsmiləri Azərbaycanda hörmət, sayğı, qardaşlıq, dindaşlıq sevgisi görmək istəyirlərsə, bunu gerçəkdən haqqın, ədalətin tərəfdarı olmaları ilə qazanmalıdırlar. Bundan ötrü, təkcə formal şəkildə Azərbaycan Respublikasının maraqlarını tanımaq, zahiri səmimiyyət, ötəri bəyanatlar kifayət deyil. Əksinə, münasibətlərin yaxşılamasına, inkişafına ciddi, həqiqətən, səmimi səy göstərilməli, eyni zamanda, indi İranın tərkib hissəsi hesab edilən Güney Azərbaycana, eləcə də, bu ölkədə çoxluq təşkil edən Azərbaycan türklərinə ikili münasibət və ayrı-seçkilik tam aradan qaldırılmalıdır.
Azərbaycanda keçirilən müvafiq piketlərdə İran rəsmilərindən məhz soydaşlarımızı narahat edən bu kimi problemlərin həlli tələb edilib. Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri, bu mənada, haqlı olaraq bildirir ki, İran səfirliyi qarşısında keçirilən piketlərdə İranın dini rəhbərinin portretinin qaldırılaraq müvafiq tələblərin səsləndirilməsində qeyri-adi heç nə yoxdur: "Ermənistana dəstək verməkdən imtina et!", "Anti-Azərbaycan fəaliyyətinin qarşısını alın!" - bu, çağırışdır. Burada böhtan - təhqir yoxdur".
Naib NİFTƏLİYEV