Bu gün Naxçıvan Muxtar Respublikasının müasir iqtisadiyyatı özünün çoxsahəli strukturu ilə Azərbaycanın digər regionlarının iqtisadiyyatından fərqlənir. Bu, muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid edilmiş coğrafi məkanda yerləşməsi və bununla əlaqədar yerli tələbatı müvafiq istehsal sahələri yaratmaqla daxili imkanlar hesabına təmin etmək zərurəti ilə bağlıdır. XX əsrin ikinci yarısından başlayaraq, muxtar respublikada yeni istehsal sahələri yaradılmış, zəngin təbii ehtiyatlar aşkara çıxarılaraq, istismara cəlb olunmuş, sənaye müasir texnika və texnologiya ilə təchiz edilmişdir.
Son illər ərzində muxtar respublika üzrə yüzlərlə istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır. Kapital qoyuluşuna yönəldilən investisiyalar yeni istehsal müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət, elm ocaqlarının, inzibati obyektlərin, infrastuktur sahələrinin tikilib istismara verilməsinə xidmət edir. Həyata keçirilən islahatlar əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və maddi rifah halının yaxşılaşmasına səbəb olmuşdur. Aparılan məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada yeni iş yerləri açılmışdır ki, onun da təqribən 70 faizi daimi iş yerləridir. Əlbəttə ki, bu gün Azərbaycanın və onun ayrılmaz hissəsi olan Naxçıvanın inkişafı, tərəqqisi Ulu Öndərimiz Heydər Əliyevin siyasətini, Onun siyasi kursunu layiqincə həyata keçirən Prezident İlham Əliyev qətiyyətinin, müdrikliyinin uğurlu nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Naxçıvan Muxtar Respublikasına səfərlər etmiş, respublikanın inkişaf perspektivlərini müşahidə etmiş, öz tövsiyə və təkliflərini vermişdir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Naxçıvanda ardıcıl, davamlı iqtisadiyyatın mövcudluğu bu diyarın gündən-günə çiçəklənməsinə şərait yaradır. Bu, eləcə də, Prezident İlham Əliyevin, Azərbaycanın bütün regionlarında olduğu kimi, muxtar respublikada da sosial-iqtisadi sahələrə ciddi diqqət yetirdiyini, əhalinin rifah halının daha da yaxşılaşmasına daim qayğı göstərdiyini nümayiş etdirir.
"Azərbaycan dövləti, hər zaman olduğu kimi, Naxçıvana böyük diqqət göstərir"
Ölkə Prezidentinin Naxçıvan Muxtar Respublikasına etdiyi sonuncu səfəri zamanı bir çox mühüm əhəmiyyətli obyektlərin istifadəyə verilməsi muxtar respublikanın inkişafına göstərilən dövlət qayğısının ifadəsidir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan-Culfa magistral yolunun açılış mərasimində çıxışı zamanı demişdir: "Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti, hər zaman olduğu kimi, Naxçıvana böyük diqqət göstərir".
Naxçıvanın respublika qarşısında duran vəzifələri icra etməsi üçün bütün imkanlarının olduğunu qeyd edən Prezident İlham Əliyev vurğulamışdır ki, burada hər bir sahədə gözəl inkişaf vardır: "Naxçıvan şəhəri gözəlləşir, yaşıllaşır, abadlaşır. Hər tərəf göz oxşayır, hər tərəfdə böyük zövqlə binalar tikilir. Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar".
"Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı, həmişə olduğu kimi, çox yüksək səviyyədədir", - deyən Azərbaycan Prezidenti vurğulamışdır ki, bu ideyalar, azərbaycançılıq fəlsəfəsi, dövlətçiliyə olan sədaqətimiz bizi irəliyə aparır.
Uğurlu tərəqqi yolunda
Bu gün Naxçıvan tərəqqi yolundadır. Hazırda Naxçıvan bütün ölkədə aparılan quruculuq işlərində fəal iştirak edir. Bütün bunların kökündə isə Ulu Öndər Heydər Əliyev tərəfindən hazırlanan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi mütərəqqi inkişaf proqramı dayanır.
Naxçıvan Muxtar Respublikasının, göründüyü kimi, inkişafı aydan-aya, ildən-ilə sürətlənir. Muxtar respublika blokada şəraitində bütün çətinliklərə sinə gərərək, zəfər salnaməsini yazmaqda davam edir. Çünki bu Ulu Yurdun insanları doğma vətənlərini qəlbən sevir, onu yağılardan qoruyur, daha da qüdrətlənməsi üçün var qüvvə ilə çalışırlar. Ən başlıcası isə, dövlət başçımızın dediyi kimi, Naxçıvan Azərbaycana böyük şəxsiyyətlər bəxş etmişdir. Naxçıvan Azərbaycana Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir. Bu yol əbədidir, dönməzdir.
R.KAMALQIZI