PDF Oxu

Araşdırma

  • 935

Antiazərbaycançı şəbəkənin sifarişi ilə hazırlanan qətnamə

Antiazərbaycançı şəbəkənin sifarişi ilə hazırlanan qətnamə

Antiazərbaycançı şəbəkə bir çox hallarda öz xülyasını sapı özümüzdən olanlar və ya \"beşinci kolon\" adlandırılanlar vasitəsilə gerçəkləşdirməyə cəhd göstərir. Belələri öz şəxsi iddialarını, korporativ maraqlarını adətən hər şeydən üstün tuturlar. Doğrudur, xoşbəxtlikdən belərlərinin sayı elə də çox deyil. Lakin istənilən halda öz məhdud, cılız maraqlarını güdən bu qruplaşmalar təəssüf ki, bəzən kimlərisə doğru yoldan sapdıra, yanlış hərəkətlərə təhrik edə bilirlər.


Vəzifə, hakimiyyət hərisliyinin qurbanları

Və ya \"demokratiya barədə serenada\"ların təsirinə düşənlər


Bunun nəticəsində kimlərsə vəzifə və hakimiyyət hərisliyinin qurbanı olur, digərləri \"demokratiya barədə serenada\"ların təsirinə düşərək, vətənə xəyanəti adi hal, norma kimi qəbul edirlər. Müəyyən qism şəxslər üçün isə siyasi intriqantlıq, sadəcə, dəbə və başlıca fəaliyyət prinsipinə çevrilib. Belələrinin əsas hədəfi ölkəmiz barədə yanlış, qərəzli, birtərəfli məlumatlar ötürməklə öz xarici havadarlarından daha çox ianələr qoparmaqdır. Onlar antiazərbaycançı dairələrin təsirinə düşərək, Azərbaycan əleyhinə riyakar siyasətin və təbliğatın ruporuna çevrilirlər. Sözsüz ki, belələrini kimlərsə öz daxilimizdən, kimisi Amerikadan və Avropadan, müəyyən dairələr isə Cənubdan və Şimaldan şirnikləndirir.


Yanlış, qərəzli informasiyalar əsasında formalaşan münasibət


Əslində, Avropa Parlamentinin Azərbaycana qarşı iftira ilə dolu qətnaməsi də məhz belələrinin yanlış, qərəzli, birtərəfli informasiyaları əsasında formalaşıb. Heç kəsə sirr deyil ki, Azərbaycan həm demokratik tərəqqi, həm də davamlı sosial-iqtisadi inkişaf baxımından, son illərə böyük uğurlar əldə edən azsaylı dövlətlərdən sayılır. Ölkəmiz bu gün Avropaya inteqrasiya yolunu tutub, qlobal və regional təhlükəsizliyə öz mühüm töhfələrini verir, bütün bəşəriyyətə qarşı təhlükə olan terrorizmə qarşı beynəlxalq koalisiya ilə birlikdə fəal mübarizə aparır.

Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən strateji tərəfdaşı hesab edilir. Azərbaycan bütün bu uğurları torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalının davam etdiyi bir şəraitdə əldə edir. Başqa sözlə, bütün maneələrə, problemlərə, çətinliklərə baxmayaraq, Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir, qlobal sivilizasiyanı öz pozitiv dəyərləri, unikal inkişaf və tərəqqi modeli ilə zənginləşdirir. Bununla yanaşı, Azərbaycan cəmiyyəti xalqımıza xas olan dərin tolerantlıq ənənələrini qoruyub saxlayır, möhkəmləndirir və inkişaf etdirir.


Avropa Parlamentinin iki ziddiyyətli qətnaməsi

Bu, kifayət qədər absurd görünür


Avropa Parlamentinin bütün bunların fonunda qəbul etdiyi son qərar isə böyük təəccüb doğurur və kifayət qədər absurd görünür. Xatırladaq ki, bir müddət öncə, Avropa Parlamenti Azərbaycanla assosiativ tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı qərar qəbul etmişdi. Bu qərar kifayət qədər pozitiv xarakter daşıyırdı və hər iki tərəf ümumi anlaşmaya, inteqrasiyaya yönələn strateji maraqlarını ifadə edirdi. Qısa zaman ərzində heç bir real, ciddi səbəb olmadan kəskin mövqe dəyişikliyi və aşkar anti-Azərbaycan ruhlu bir qətnamənin qəbul olunması burada fərqli motivlərin olmasını söyləməyə əsas verir.

Qeyd edək ki, Avropa Birliyinin Azərbaycanla bağlı belə ikili yanaşması və ziddiyyətli mövqe nümayiş etdirməsi əvvəllər də müşahidə edilib. Məsələn, bir neçə il əvvəl Azərbaycanla bağlı müvafiq qətnamədə Ermənistandan işğal etdiyi rayonlardan ilkin mərhələdə beşini azad etmək və bunun müqabilində kommunikasiyaların bərpası tələb edilirdi, lakin az keçməmiş həmin müddəa müvafiq sənəddən çıxarılmışdı. Bu baxımdan, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyona yaxın soydaşımızın hüquqlarının pozulmasına münasibət bildirmək əvəzinə, AP-nin antiazərbaycançı şəbəkənin sifarişi ilə iftira dolu qətnamə ortaya qoyması heç də xoşagələn hal deyil və birtərəfli, qərəzli, qeyri-obyektiv yanaşmanın nümunəsi kimi özünü göstərir.


Kənar təsirlər nəticəsində qəbul edilən sifarişli qərar


Bəlli olduğu kimi, AP-nin 2012-ci il 24 may tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisi müvafiq qərar qəbul edilib və burada belə bir qərarın kənar təsirlər nəticəsində məqsədli şəkildə qəbul edildiyi açıq şəkildə vurğulanır: \"Qərbdə, o cümlədən, Avropa Birliyində və onun parlament məclisində erməni lobbisinin təsiri altında olan kifayət qədər qruplar mövcuddur. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğundan, bu məsələdə heç bir nəticə əldə edə bilməyən həmin qruplar münaqişənin həllini uzatmaq, ədalətli qərarın qəbuluna mane olmaq üçün dünya birliyinin gözündə Azərbaycanı qeyri-demokratik dövlət kimi göstərməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Əslində, bu qüvvələri insan hüquqları və azadlıqları məsələsi az narahat edir. Belə olmasaydı, Avropa Parlamentində insan hüquqları və azadlıqları sahəsində vəziyyətin son dərəcə gərgin olduğu Ermənistan barəsində məsələ qaldırılardı. Avropa Parlamenti Azərbaycan əleyhinə işləyən qüvvələrin yedəyində getdiyinin, onların təsiri altında hərəkət etdiyinin və nəticə etibarilə məsələlərə birtərəfli yanaşdığının fərqində olmalıdır\".


İkili yanaşma yolverilməzdir


Göründüyü kimi, əlavə nəyisə söyləməyə və ya izah etməyə ehtiyac qalmır. Reallıq ondan ibarətdir ki, Avropa Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini soyuqanlılıqla seyr edir. Ermənistana münasibətdə isə, heç də işğalçı kimi davranılmır. Bu ölkədə baş verən total seçki saxtakarlıqları, insan hüquqlarının kütləvi şəkildə pozulması da heç vaxt Avropa Parlamentində müzakirə mövzusu olmayıb.

Milli Məclisin qərarında AP-nin qətnaməsi Azərbaycana qarşı yönəlmiş ədalətsiz və qərəzli bir akt kimi qiymətləndirilir. Burada Avropa Parlamentinin nəzərinə çatdırılır ki, Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir.

\"Səs\" Analitik Qrupu

Digər xəbərlər