PDF Oxu

Araşdırma

  • 1 481

Müxalifətin ümid etdiyi "Ərəb baharı"ı iflasa uğrayır...

Müxalifətin ümid etdiyi "Ərəb baharı"ı iflasa uğrayır...

Beynəlxalq münasibətlər sisteminin intensiv inkişaf etməsi, aktorlararası əlaqələrin sürətlə inteqrasiya etməsi bəzi ölkələrdə baş vermiş inqilabların xalq tərəfindən edilməsi müəyyən şübhələr doğurur. Böyük ölkələrin ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışması, təxribatlar vasitəsilə xalqlar arasında qarşıdurma yaratması sonda böyük bir sivilizasiyanın məhv olmasına gətirib çıxarır. Eyni prosesləri bu gün ərəb dünyasında görürük. Afrikanın şimalında, Yaxın və Orta Şərqdə xarici qüvvələrin dəstəyilə baş vermiş inqilablar oturuşmuş ərəb ənənələrini, islam dəyərlərini kökündən sarsıdıb. İnqilabdan sonra xalqlarda qalmış "inqilab sonrakı başağrısı" yeni tənəzzül proseslərinə yol açıb.

Belə ki, artıq bir neçə gündür Misirdə, Liviyada, Tunisdə və "Ərəb baharı" adlandırılan prosesin təsir etdiyi siyasi-coğrafi məkanlarda əks-tendensiyaların baş verdiyi müşahidə olunur. İnqilaba daha yaxşı həyat şəraitinin bərqərar olacağı şansı kimi baxan ərəblər real vəziyyətin əvvəlkindən daha da ağır olduğunu anlamağa başlayıblar. Hətta xalqın verdiyi qurbanlar bahasına hakimiyyətə gəlmiş inqilabçı qüvvələr verdikləri siyasi qərarlarda belə insanların rəyini nəzərə almırlar. Ötən gün "Evronyus" telekanalının Misirdən birbaşa yayımladığı etiraz aksiyasında aydın şəkildə yuxarıda söylənilənlər öz əksini tapırdı. İnsanlar inqilabdan sonrakı Misir məhkəməsinin Hüsnü Mübarək, onun oğlanları və keçmiş daxili işlər naziri haqqında verdiyi ədalətsiz qərara etiraz edirdilər. Bu fakt bir daha sübut edir ki, cəmiyyətin inkişafı, tərəqqisi üçün inqilab lazım deyil. Onun əvəzinə siyasi sistemin və siyasi rejimin mükəmməlləşməsinə səbəb olacaq siyasi-iqtisadi və sosial islahatlar aparılmalıdır.


İnqilab yalnız dağıdıcılıqdır...


İnqilablar tarixinə nəzər saldıqda, aydın olur ki, bu proses cəmiyyətin, bütövlükdə, sivilizasiyanın dağılmasına səbəb olub. Bəzi hallarda inqilabın yaradıcı keyfiyyətindən də danışan alimlər son nəticədə yenidən onun dağıdıcı amilləri üzərində durmağı qərarlaşdırıblar. XX əsrin əvvəllərində Rusiya inqilabının ideoloqları olmuş bir sıra alimlər məlum hadisələrin baş verməsindən sonra inqilabın mənəvi-mədəni dəyərləri necə dağıtması haqqında düşünməyə başlayıblar. Bu səbəbdən də, inkişafın yalnız təkamül yolu ilə baş tuta biləcəyi ideyasını müdafiə etməyə başlayıblar. Hələ Fransa inqilabından bu günə qədər baş vermiş inqilabların sosiologiyasını araşdırsaq, bir daha əmin olarıq ki, bu əks-tarixi proses köhnənin tamamilə aradan qaldırılması deməkdir.

Lakin yeninin qurulması üzərində köhnənin ləğv edilməsi prosesinin də - tədrici inkişafın şahidi olmuşuq. Məsələn, İspaniyada və Portuqaliyada xalqların qarşıdurma baş vermədən demokratik keçid mərhələsi yaşandı. Məhz bu gün artıq bəlli olur ki, XX əsrin 70-ci illərində ispanlar və portuqallar necə rasional qərar qəbul ediblər. Amma adları çəkilən xalqlarda fərqli olaraq, silahlı inqilab yolunu tutanlar əsrlər boyu formalaşdırılmış dəyərlərin məhvinə səbəb olublar.


Ümummilli lideri olmayan xalq "formasız kütləyə" bənzəyir


Əlbəttə ki, dağıdıcılıq yolunu tutmuş xalqların ümummilli liderlərinin olmaması onların doğru inkişaf yolu seçə bilmələrinə hər zaman mane olub. Bu tezis ola bilər ki, kimlərə yad olsun. Lakin ümummilli lider amili hələ antik Yunanıstandan, orta əsrlərdə Makiavellinin, Hegelin dönəmindən başlayaraq, aktuallıq kəsb etmiş və bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Hegel bildirirdi ki, rəhbərsiz xalq "formasız kütləyə" bənzəyir. Kütlə isə ağılsız və dağıdıcıdır. Bu "kor qüvvəni" xalqla qarışdırmamağı məsləhət bilən Hegel deyirdi ki, xalqın mütləq ruhu dövlətdə, onun rəhbərində öz əksini tapır. M.Veber isə lider amilini hər zaman əsas tutaraq, xalqların və dövlətlərin inkişafında onların əvəzsiz rolundan danışırdı. Məhz inqilablar o ölkələrdə baş verir ki, həmin xalqların öz talelərini etibar etdikləri ümummilli liderləri yoxdur. Bu cür hal Azərbaycanda da baş verib.

Məlumdur ki, hələ 1992-ci ildə yenicə müstəqillik qazanan zaman xalqın milli enerjisi ayrı-ayrı maraq qruplarının əlində alətə çevrilmişdi. Əlbəttə ki, xalq qarşısıalınmaz qüvvə kimi qabağındakı bütün maneələri məhv edirdi, lakin insanlarımız yaradılmış maddi-mənəvi dəyərləri də dağıdırdı. Bu proseslər məhz lidersizlik mühitinə görə idi. Ona görə də, 1993-cü ildə insanların yorulması, siyasi oyunların alətinə çevrilmək istəməməsi nəticəsində müstəqil Azərbaycanın tarixində ilk inqilab baş verdi. Bu inqilab isə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gətirilməsi və Azərbaycanın yeni inkişaf erasına qədəm qoyması ilə nəticələndi. Həmin dövrdən başlayaraq, Azərbaycanın stabil və yüksələn xətli inkişaf yoluna girməsi məhz lider faktorundan irəli gəldi.


Müxalifətin "özünü yandıracaq göysatan" axtarışları baş tutmadı...


Dünyada baş verən mənfi xarakterli proseslərin şəxsi mənafelərinin reallaşdırılması naminə Azərbaycana transformasiyasına maraqlı olan müxalifət 2003-cü ildən başlayaraq, ölkədə inqilabın baş verməsinə çalışdı. Gah qızılgülü, gah narıncı şarfı, gah da qərənfili əlində tutaraq, hakimiyyətə gəlmək istəyən müxalifət, 1993-cü ildə olduğu kimi, hər dəfə xalq tərəfindən rədd edildi. Ötən ildən başlayaraq, başına çalma bürüyən radikal müxalifətçilər imperialistlərin dəstəyilə Azərbaycanda da təxribatların, qarşıdurmaların baş verməsini istədi. Hətta bunun üçün "Müsavat"ın, "Azadlığ"ın əməkdaşları bazarlarda "özünü yandıracaq göysatan" axtarışlarına başlamışdılar. Lakin nəticə olmadı və Əli Kərimov, İsa Qəmbərov, eləcə də Rəsul Quliyev xalqın dəstəyini ala bilmədi.


Əli Kərimov, İsa Qəmbərov və Rəsul Quliyev Azərbaycanın maddi-mənəvi dəyərlərinin dağılmasını istəyir


Hakimiyyətə, nəyin bahasına olursa-olsun, gəlməyi düşünən radikal müxalifət bütün vasitələrdən istifadə edərək, dövlətə zərbələr vurmaq istəyirlər. Elə son hadisələr bunu bir daha təsdiqlədi. Onlar "Eurovision-2012" yarışmasından sui-istifadə edərək, həm erməni lobbisinin, həm də anti-Azərbaycan dairələrinin dəstəyilə Azərbaycana, bütövlükdə, xalqa qarşı irimiqyaslı çirkin kampaniya başlatdılar. Əli Kərimov, İsa Qəmbərov və Rəsul Quliyev xalqa qarşı nəinki qarayaxma işləri həyata keçirdilər, hətta müəyyən təxribatçıların əlilə ölkədə qarşıdurmalar yaratmağa da razılıq vermişdilər. Amma bir daha xalqla iqtidarın vahid qüvvə olması ölkəni təxribatlardan, qarşıdurmalardan xilas etdi. Beləliklə də, Əli Kərimov, İsa Qəmbərov və Rəsul Quliyevin Azərbaycanın maddi-mənəvi dəyərlərinin dağıldılması planları baş tutmadı.


Ərəblər peşmandırlar, görəsən, Əli Kərimov, İsa Qəmbərov və Rəsul Quliyev nə düşünür?


Aydındır ki, "Ərəb baharı" tendensiyası başa çatsa da, hələ də onun ağır nəticələri ayrı-ayrı ölkələrdə hiss olunmaqdadır. Liviya ağır müharibədən sonra əvvəlki düzənini qura bilmir, Misirdə inqilabdan sonrakı "nevrozluq" yeni müstəvidə fərqli subyektlər arasında qarşıdurmalara çevrilir, Tunisdə hələ də demokratiya yoxdur, Suriyada isə diktator xalqına qarşı silah işlətməkdədir. Bütün bunlar ona dəlalət edir ki, inqilab nəticəsində özlərinin uzun illər ərzində qazandıqlarını əllərilə dağıtdılar və indi də yenisini qura bilmirlər. İnqilaba xilas yolu kimi baxmış ərəblər böyük oyunların qurbanı olduqlarını artıq anlamağa başlayırlar. Məhz müxalifətin ümid etdiyi "Ərəb baharı"ı da iflasa uğradı. İndi ərəblər peşmandırlar, görəsən, Əli Kərimov, İsa Qəmbərov və Rəsul Quliyev nə düşünür?


"Səs" Analitik qrupu

Digər xəbərlər