Azərbaycandan Qərbdə yerləşən istənilən dövlətin təmsilçisi ölkəmizə səfər edəndə destruktiv müxalifətin "demokratiya dərdi" yada düşür. Bu zaman müxaliflər Qərb dövlətlərinin səfirliklərinin qarşısında vurnuxur, qəbula düşmək, saxta məlumatlar ötürmək üçün növbə gözləyirlər. Xüsusən, ölkəyə rəsmi, işgüzar səfərə gələnlər ABŞ-ın, Fransanın, Böyük Britaniyanın, Almaniyanın, bir sıra digər Avropa ölkələrinin nümayəndələri olanda, müxalifət yönümlü media əməlli-başlı "çiçək açır".
Saman çöpündən yapışmaq adəti...
Və ya yalana, dezinformasiyaya bəslənən ümidlər
Ağıllarına və ağızlarına gələni yazırlar, insan haqlarının pozulması barədə müxtəlif balladalar uydururlar, şər-şəbədə, böhtan yazmaqdan çəkinmirlər. Suda boğulan saman çöpündən yapışdığı kimi, bunlar da ümidlərini yalana, dezinformasiyaya, antimilli qüvvələrə xidmətə, dezinformasiyaya bağlayırlar.
Bu mənada, ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz regionuna səfəri çərçivəsində destruktiv müxalifətin müvafiq reaksiyası diqqətdən yayınmayıb. Bəlli olduğu kimi, Hillari Klinton iyunun 4-də Ermənistanda, 5-də Gürcüstanda, 6-da isə Azərbaycanda olub. Dövlət katibi Yerevanda daha çox demokratiyanın acınacaqlı durumunu önə çəkib, bu ölkəni iqtisadi çətinliklərə salan səbəblər barədə xüsusi danışıb, parlament seçkilərində pozuntulardan narazı qaldığını dilə gətirib, Tbilisidə Rusiyanın Gürcüstana artan təsirlərini və ərazi bütövlüyü prinsipinə riayət edilməsi zərurətini vurğulayıb, Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni perspektivlərin açılmasının və strateji əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Hər üç ölkədə Hillari Klinton həm dövlət rəsmiləri, həm də cəmiyyətin, siyasi dairələrin fəal nümayəndələri ilə görüşüb. Diqqəti çəkən odur ki, o, Yerevanda və Tbilisidə müxalifət təmsilçiləri ilə görüşsə də, Azərbaycanda buna ehtiyac duymayıb.
Hillari Klinton müxalifətlə görüşmək istəməyib
Destruktiv düşərgə məyusdur
Müxalifət mənsubları bunu qabartmaq istəməsələr də, onların həddən artıq məyus olduğu aşkar sezilir. Əslində, ABŞ-ın dövlət katibinin müxalifətin destruktiv qanadı ilə görüşdən imtina etməsi, bu barədə hər hansı təşəbbüsün göstərilməməsi heç də təsadüfi deyil. Azərbaycan müxalifətinin dağıdıcı qanadı, həmçinin, vətəndaş cəmiyyəti pərdəsi arxasında gizlənən iftiraçı dairələr, xüsusən də, "hüquq müdafiəçisi" adı altında anti-Azərbaycan kampaniyası aparan bəzi şəxslərin ona nə söyləmək, nə çatdırmaq istədikləri əvvəlcədən bəlli idi. Əslində, onlar istədiklərini söyləyir, çatdırmalı olduqlarını özlərinə maksimum sərf edən bir tərzdə - qərəzli, mərəzli şəkildə çatdırırlar.
Sözsüz ki, ABŞ-ın rəsmi və ictimai dairlərində müvafiq məlumatların, əslində, reallığı əks etdirmədiyini, daha çox spekulyativ maraqlara söykəndiyini yaxşı bilirlər. ABŞ-ın dövlət katibi isə Azərbaycana destruktiv müxalifətin cəfəng iddialarını dinləmək üçün deyil, qlobal və regional müstəvidə həddən ciddi, strateji məsələləri müzakirə etmək üçün gəlmişdi. Bu mənada, müxalifət təmsilçilərinin Hillari Klintonla görüşə dəvət almamasında təəccüblü və qeyri-adi heç nə yoxdur. Çünki ciddi, aktual məsələlər yalnız eyni dərəcədə ciddi, səriştəli, hörməti çəkisi, nüfuzu, sanbalı olan şəxslərlə müzakirə olunur. Azərbaycan müxalifətinin destruktiv qanadı isə belə müzakirələrə nə hazır, nə də qadir deyil.
Demokratik tərəqqidən məmnunluq...
Və ya destruktiv düşərgənin alt-üst olan xülyaları
Bu səbəbdən, Azərbaycanın destruktiv müxalifət partiyaları da Hillari Klintonun səfəri ilə bağlı "böyük gözlənti"ləri heçə enib. ABŞ dövlət katibinin səfər zamanı səsləndirdiyi fikirləri, keçirdiyi görüşlər müqabilində isə müxalifətin gözləntilərini, xülyaları isə, sadəcə, alt-üst olub. Əksinə, Hillari Klinton ölkəmizdə olarkən Azərbaycanın regionda mühüm rola, malik olduğunu, ABŞ-ın Qarabağ probleminin həlli üçün ciddi səy göstərəcəyini, ölkəmizin demokratik tərəqqisindən məmnunluğunu, islahatların davam etdirilməsini və dərinləşdirilməsini dəstəklədiyini vurğulayıb. Bu, Azərbaycana, ölkəmizin hüquqi-demokratik, dünyəvi-siyasi sisteminə verilən yüksək dəyərin əyani nümunəsidir.
Maraqlı məqamlardan biri də budur ki, səfərdən əvvəl müxalifət mətbuatı Hillari Klintonun Bakıda guya gərgin demokratiya danışıqları aparacağını iddia edirdi. Belə məlumatlar müxalif medianın manşetini, köşələrini bəzəyirdi. Bu tipli xəbərlərdə amerikalı diplomatın müxalifət liderləri ilə görüşəcəyi barədə məlumatlar da yer alırdı.
Adi bir görüşə, söhbətə layiq olmayanlar
Təbii ki, destruktiv düşərgənin təmsilçiləri də arzuladıqları görüşlə bağlı "böyük xəyallar" qurur, buna ciddi hazırlıq görürdülər. Amma bunların heç biri reallaşmadı, əksinə, Hillari Klintonun səfəri, fəal, işgüzar görüşlər əsnasında səsləndirdiyi pozitiv, rasional fikirlər bəzi dairələrin yaratmağa çalışdığı illüziyaları darmadağın etdi. O, Bakıda müxalifətə qarşı sərgilədiyi münasibətlə ölkəsinin destruktiv qüvvələri dəstəkləmədiyini bir daha nümayiş etdirdi. Aydın oldu ki, özünü Qərbin ölkədəki təmsilçiləri kimi aparanlar adi bir görüşə, kiçik bir söhbətə belə layiq deyillər.
Amerikalı diplomat Bakıda olduğu müddətdə Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü. Keçirilən görüşlərdə Azərbaycan-ABŞ münasibətlərinin bütün spektri, energetika sahəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivi başlıca müzakirə obyektinə çevrildi. H.Klinton Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi və konfransında da iştirak etdi, ABŞ-ın enerji təhlükəsizliyi sahəsində Azərbaycanın mövqeyini dəstəklədiyini xüsusi vurğuladı.
"Qara piar" işə yaramadı
"İctimai Palata" adlanan qurumda birləşmiş dağıdıcı müxalifət təmsilçilərinin ötən keçirməyə çalışdıqları, lakin baş tutmayan bir neçə icazəsiz, təxribat xarakterli aksiyadan sonra, deyəsən, bir qədər "ürəklənmişdilər". Onlar "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində olduğu kimi, "qara piar", məqsədli dezinformasiyalar vasitəsi ilə ABŞ-ın rəsmi dairələrinin diqqətini çəkəcəklərini və H.Klintonla görüşə nail olağaqlarını güman edirdilər. Görünür, ölkəmizdə səfərdə olan xarici jurnalistlərlə, xarici anti-Azərbaycan dairələrin nümayəndələri ilə, habelə, bəzi ölkələrin və beynəlxalq təşkilatların 5-ci, 10-cu dərəcəli təmsilçiləri ilə keçirdiyi görüşlər onları xeyli şirnikləndirmişdi.
Bunu özləri üçün "ciddi uğur" sayan dağıdıcı müxalifət rəhbərləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduqlarını zənn edirdilər. Onlar fikirləşirdilər ki, Azərbaycana səfər edən hər bir rəsmi şəxs mütləq şəkildə müxalifət təmsilçiləri ilə də görüşməlidir, məsləhətləşməlidir, onların heç bir məzmun, mahiyyət, əhəmiyyət kəsb etməyən absurd mülahizələrini dinləməlidir.
Bunun müqabilində H.Klinton öz səfər proqramı ilə dağıdıcı müxalifət başçılarının arzusunu ürəyində qoydu. O, sağlam mövqeyi ilə seçilən, innovativ fəaliyyətə üstünlük verən şəxslərlə, QHT təmsilçiləri ilə görüşməyi üstün tutdu.
İsrarlı müraciət, yoxsa xaricdən asılılıq kompleksi?
ABŞ-ın dövlət katibi, əsasən, enerji sektorunda, mədən sənayesində şəffaflıq məsələləri üzrə ixtisaslaşan üçüncü sektor nümayəndələri ilə görüşdü. Heç də təsadüfi deyil ki, bu görüşə "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində koalisiya yaradıb. Azərbaycan əleyhinə iş aparan, beynəlxalq təşkilatlara ölkəmizdə insan hüquqlarının pozulması barədə ardıcıl məlumatlar göndərən, ölkə daxilində demokratiyanın olmaması barədə ictimai rəy formalaşdırmağa çalışan QHT təmsilçilərindən, hüquq müdafiəçilərindən heç kim dəvət olunmadı. Onların bir qismi görüşdə iştirak etmək üçün ABŞ-ın Azərbaycandakı səfirliyinə bir neçə dəfə müraciət etsələr də, buna nail ola bilmədilər.
Başqa sözlə, ABŞ rəsmiləri ikibaşlı oyun oynamağa çalışan, xəyanətkarlıq mövqeyi tutan spekulyantları nə dinləmək, nə də eşitmək fikrində omadıqlarını nümayiş etdirdilər. Bununla destruktiv düşərgə özünün siyasi cılızlığını, mövqesizliyini, neqativ, dağıdıcı əhval-ruhiyyədə kökləndiyini bir daha ortaya qoydu. Destruktiv düşərgənin təmsilçiləri isə cılız niyyətlərinə, məkrli məqsədlərinə nail ola bilmədilər, əksinə, daha da hörmətdən düşdülər, "xaricdən siyasi asılılıq" komleksinə yoluxduqlarını bir daha ortaya qoydular.
Siyasi buqələmunluğun acınacaqlı aqibəti
Prinsip etibarı ilə, bu, çox ciddi faktordur, destruktiv müxalifət üçün isə acınacaqlı, xoşagəlməz bir vəziyyətdir. Belə vəziyyət həm də destruktiv düşərgənin nihilist ovqatını aşkara çıxaran amil kimi qeyd edilməlidir. Hillari Klinton isə bu addımı atmaqla birmənalı şəkildə "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində Azərbaycan əleyhinə iş aparan və özlərini demokratiya carçısı kimi qələmə verən bir çox hüquq müdafiəçilərinə, QHT təmsilçilərinə ABŞ-ın rəsmi dairələrində inamsızlıqla yanaşıldığını, etimad göstərilmədiyini bir daha əyani şəkildə nümayiş etdirdi.
Beləliklə, aydın görünür ki, Hillari Klinton Azərbaycandakı müxalifət real, ciddi qüvvə kimi qəbul etməyib, bu səbəbdən, onlara xüsusi diqqət göstərməyib. Bu, heç də təsadüfi deyil. Destruktiv, dağıdıcı mövqe tutmaqla, siyasi buqələmunluqla nə Azərbaycanda, nə ölkəmizdən kənarda tanınmaq, qəbul olunmaq, eləcə də, hörmət, sözə sahibi olmaq mümkün deyil. Hazırda heç bir ciddi siyasi fiqur Azərbaycan müxalifəti kimi dağıdıcı mövqeli, məqsədi, niyyəti, məramı bilinməyən, həddən artıq qeyri-ciddi təsir bağışlayan qüvvələrlə ünsiyyətdə, əməkdaşlıqda maraqlı deyil. Bu, o deməkdir ki, Azərbaycanın destruktiv müxalifəti nə ölkə daxilində, nə də ölkənin hüdudlarından kənarda real, ciddi siyasi qüvvə kimi qəbul edilmir.
"Səs" Analitik Qrupu