Son bir neçə həftə ərzində baş vermiş hadisələri əsas götürməklə, belə bir nəticəni hasil etmək olar ki, Azərbaycandakı dağıdıcılar "müxalifətçiliklə" məşğul olurlar. Onlar korporativ maraqları naminə bütün anti-Azərbaycan dairələrilə əməkdaşlığa girir, çirkin planların reallaşması üçün əllərindən gələni edirlər. Dağıdıcılar bu fəaliyyətlərini müxalifət maskası altında həyata keçirirlər. Lakin ABŞ dövlət katibinin səfərindən sonra radikallara olan həm yerli, həm də qlobal münasibət aydın oldu. Bu münasibət isə faktların analizinin yekunu olaraq, ortaya çıxdı.
Milli maraqların satılması məqsədə haqq qazandırmır
Başında Əli Kərimlinin və İsa Qəmbərin durduğu dağıdıcı müxalifətçilər mövcud olduqları müddət ərzində Azərbaycanın maraqlarını və mənafelərini satmaq şərtilə şəxsi çıxarlarını reallaşdırmağa cəhd göstəriblər. Biz bunu 2003, 2005, 2008 və digər illərdə də müşahidə etmişik. Hətta dağıdıcıların aqressiv və radikallığının kulminasiya nöqtəsini "Eurovision-2012" yarışması ərəfəsində gördük.
Azərbaycanın mahnı müsabiqəsinə ev sahibliyini ələ almasından sonra ölkəmizə qarşı başlanmış total qarayaxma kampaniyasında dağıdıcılar xüsusi rol oynadılar. Onlar Azərbaycana qarşı başlanmış çirkin kampaniyanın istənilən mərhələsində anti-Azərbaycan dairələrinin direktivlərini həyata keçirirdilər. Əvvəlcə, mətbuat orqanlarında Azərbaycanda sistemli narazılığın olduğu görüntüsü yaradılmağa çalışıldı, sonra mitinqlər, icazəsiz aksiyalar və aclıq əməliyyatları başladıldı. Lakin bunların heç birinin effekti olmadı. Çünki xalqın və dövlətin maraqlarının satılması əvəzinə, şəxsi mənafelərin həyata keçirilməsi tarix boyu heç kəsə nəsib olmayıb. Ona görə də, milli maraqların satılması heç bir halda məqsədə haqq qazandırmır.
Dağıdıcılar siyasi opponentlik mədəniyyətindən uzaqdır
Dəfələrlə istər siyasi kampaniyalar, istərsə də, mühüm tədbirlər zamanı ölkədə ictimai-siyasi sabitliyi pozmaq məqsədilə ancaq destruktiv metodlara əl atan dağıdıcılar müxalifətçiliyin fəlsəfəsini məhz bunda görürlər. 2003-cü ildə məhz Əli Kərimlinin və İsa Qəmbərin səyilə Bakı şəhərində böyük dağıntılar törədildi. Eyni psixologiya ilə yaşayan və fəaliyyət göstərən dağıdıcı müxalifət ötən ilin aprel ayında keçirilmiş icazəsiz aksiyalar zamanı da ayrı-ayrı sahibkarların obyektlərinə zərər vurdular, şüşələri, qapıları sındırdılar.
Yəni sındırıb-dağıtmağı özünə əsas mübarizə vasitəsi seçən radikal müxalifət siyasi opponentlik mədəniyyətindən uzaqdır. İqtidara siyasi opponentlik etmək üçünsə mütləq xalqla bir yerdə olmaq və onun dəstəyini almaq lazımdır.
Siyasi mübarizənin nümunəsi haqqında...
Siyasət meydanında sivil mübarizənin yolu həmişə legitimlikdən keçib. Əgər hansısa siyasi qüvvə xalqın dəstəyini alıb hakimiyyətə gələ bilmirsə, demək ki, onun insanlar arasında nüfuzu yoxdur. Hakimiyyətdə olan qüvvələr üçün də bu tezis keçərlidir. Məsələn, 1992-ci ildə yaradılmış Yeni Azərbaycan Partiyası bütün Azərbaycan xalqının dəstəyini qazanaraq, hakim siyasi təşkilata çevrilmişdi. Ölkə ziyalılarının müraciəti nəticəsində yaradılan bu partiya cəmi 6 ay siyasi opponentlik etdi. Bununla da, siyasi partiyaların üzərinə düşən funksiyaları yerinə yetirməklə, hakimiyyətə gəldi. Əlbəttə ki, YAP-ın hakim partiyaya çevrilməsi də xalqın birbaşa dəstəyilə baş tutdu. Belə ki, 1993-cü ilin iyun ayınadək Azərbaycanda hakimiyyət böhranı yaranmışdı, idarəçilik aparatında səriştəsiz insanlar əyləşmişdi, torpaqlarımızın işğal edilməsinə şərait yaradılmışdı. Beləliklə də, o zamankı hakimiyyət artıq legitimliyini itirmişdi. Belə olan şəraitdə xalq Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Məhz siyasi mübarizənin sivil forması və nümunəsi olan bu misal tarix boyu hər bir siyasətçi və siyasi təşkilat üçün təcrübə olacaq.
Xəyanət bahasına hakimiyyəti ələ keçirmək siyasi mübarizə yolu deyil
Yuxarıda söylənilən fikirlər, təəssüflər olsun ki, Azərbaycanın radikal müxalifətinə aid deyil. Çünki onlar nəinki sivil mübarizə metodunu seçməyib, hətta hakimiyyətə gəlmək üçün xəyanət yolunu da tuturlar. Bunu isə dağıdıcıların hər bir addımlarında sezmək mümkündür. Çox uzağa getməsə də elə "Eurovision-2012" dönəmində radikalların sistemli xəyanətkar fəaliyyətinə diqqət yetirmək kifayətdir. Radikal müxalifət hər bir cəhdlə çalışırdı ki, Azərbaycanın demokratik imicinə zərər vursun. Bunun üçün isə həm nəzarətində olan mətbuat orqanlarında çirkin kampaniya aparır, həm də bir qrup təxribatçının dəstəyilə şəhərdə icazəsiz mitinqlər təşkil edirdilər. Bununla yanaşı, saxta şəkildə aclıq aksiyası keçirirlər. Bütün bunlarla radikallar, əlbəttə ki, "Eurovision" ilə bağlı Azərbaycana gəlmiş xarici jurnalistlərin diqqətini "guya ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması faktı olduğuna" yönəltmək istəyirdilər. Bu mənada, xarici qərəzli dairələrlə sinxron fəaliyyət göstərən radikal müxalifət, xüsusilə də, "Eurovision"un keçirildiyi ərəfədə ardıcıl olaraq, icazəsiz piketlər təyin etdilər. İTV-nin qarşısında və Milli Parkda "gəzinti" adı altında ictimai-siyasi sabitliyi pozmağa yönəlik addımlar atdılar. Radikal müxalifətin burada məqsədi Azərbaycana "Eurovision" mahnı müsabiqəsini işıqlandırmağa gəlmiş jurnalistlər qarşısında özlərini göstərmək, mövcudluqlarını nümayiş etdirmək idi. Lakin Azərbaycanda siyasi mədəniyyət və siyasi şüur səviyyəsi elə bir həddədir ki, radikalların bu cür hərəkətləri ictimai reaksiyasız qalır, kütləvi qınaqla qarşılaşdı. Ona görə də, onlar belə fəaliyyətlə heç zaman Azərbaycan seçicisinin səsinə ümid edə, onun etimadını qazana bilməzlər.
Dağıdıcı müxalifət bu cür provokasiyalar təşkil etməklə, diqqəti özünə cəlb etməklə yanaşı, "Eurovision"a ev sahibi kimi Azərbaycanın nüfuzuna da xələl gətirmək niyyətini güdürdü. Dağıdıcı müxalifət xaricdən idarə olunan təhlükəli anti-Azərbaycan oyunlarının iştirakçısına çevrildi. Bakıda "Eurovision" ərəfəsində və müsabiqə gedişində razılaşdırılmamış mitinq keçirənlərlə Təbrizdə Azərbaycan Konsulluğu qarşısında Azərbaycan əleyhinə şüar səsləndirənlər arasında heç bir fərq yoxdur. Hüquq- mühafizə orqanları "Eurovision"la bağlı təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə məşğul olduqları bir zamanda onların həm də qeyri-qanuni aksiyaların keçirilməsi ilə əlaqədar hüquq qaydasının təmin olunmasına cəlb edilməsi artıq gərginliyi artıra bilərdi. Məhz dağıdıcı müxalifətin məqsədi o idi ki, mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda gərginlik maksimum həddə çatsın.
Siyasi reneqatlıq xülyanı reallığa çevirməyəcək
Təəssüflər olsun ki, bu gün Azərbaycanda hələ də öz soykökündən, milliliyindən uzaqlaşmış və xalqının, dövlətinin düşmənilərinə işləyənlər var. Onların sırasında AXCP (i) sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və onların ətrafındakılar, həmçinin, "İP"-in üzvləri var. Bunların məqsədi erməni lobbisindən və xarici qərəzli dairələrdən daxil olan göstərişlərə uyğun olaraq, üzərilərinə götürdükləri vəzifələri yerinə yetirməkdir. Bu vəzifələr isə aşağıdakılardır:
- cəmiyyət daxilində təxribatlar, qarşıdurmalar və çaşqınlıq yaratmaq;
- həyata keçirilən sosial-iqtisadi, siyasi-hüquqi islahatları gözdən salma kampaniyası həyata keçirmək;
- müxtəlif bəhanələrdən, təbii fəlakətlərdən istifadə edərək, insanlar arasında siyasi elitaya qarşı inamsızlıq və ümidsizlik yaratmaq;
- şayiələr yaymaqla, mətbuat orqanlarında əsassız materiallar dərc etməklə, vətəndaş-hakimiyyət münasibətlərinə zərbə vurmaq;
- icazəsiz aksiyalarda, xüsusi öyrədilmiş insanların döyülməsini təşkil etmək;
- polis zorakılığı səhnələri quraşdırmaq, qəzet səhifələrində möhtəşəm mitinqlər düzənləmək;
- yalançı hesabatlar hazırlamaq, onların xarici mətbuat orqanlarına ötürülməsini təmin etmək;
- Azərbaycanın demokratik imicinə xələl gətirmək, insan hüquqlarının pozulması haqqında qeyri-obyektiv rəy yaratmaq;
- müxtəlif adlar altında xarici kəşfiyyat orqanlarının əməkdaşlarına sığınacaq vermək;
- dünya miqyasında Azərbaycana olan münasibəti və ictimai rəyi mənfi istiqamətdə formalaşdırılmasına şərait yaratmaq və s.
Sadalanan "vəzifələri" əsasən, "İP"-in, "Azadlıq", "Yeni Müsavat" qəzetlərinin və Turan İA-nın, həmçinin, Leyla Yunus, Emin Hüseynov kimilərinin rəhbəri olduqları QHT-lərin daxil olduğu "beşinci kolon" həyata keçirir. Burada adı keçən hər kəs məhz "beşinci kolon"u maliyyələşdirən xarici qüvvələrin göstərişləri əsasında hərəkət edirlər. "Beşinci kolon"un bir strukturu olan və ətrafında yalnız anti-milli düşüncəli şəxsləri birləşdirən Eldar Namazovun reneqat ziyalılar dəstəsi də eyni vəzifələri daşıyır və xarici qüvvələrin məqsədlərinə xidmət edirlər.
Lakin onlar birdəfəlik yadda saxlamalıdır ki, tarixin bütün dövrlərinə nəzərən aparılmış təhlillər bir daha sübut edir ki, siyasi reneqatlıq xülyanı reallığa çevirməyəcək. Əli Kərimli, İsa Qəmbər və digərləri 1992-ci ildə bir dəfə reneqatlıq yolu ilə hakimiyyətə gəldilər, amma heç bir ildə idarəçilikdə qala bilmədilər.
Müxalifətə keçilən bu dərs nəticəsində, yəqin ki, onlar üçün faydalı olacaq. Çünki səhvlərindən nəticə çıxarıb, xalqdan üzr istəyib siyasətdən kənarlaşmaq dağıdıcılar üçün xalqın gilyotindən qurtulmağa bərabər ola bilər.
"Səs" Analitik Qrupu