PDF Oxu

Araşdırma

  • 880

Ermənistan mətbuatı ölkənin uçuruma doğru sürükləndiyini yazır

Ermənistan mətbuatı ölkənin uçuruma doğru sürükləndiyini yazır

"Joxovurd" qəzeti: "Hakimiyyətə yaxınlığı ilə seçilən "Çiçəklənən Ermənistan" partiyası parlament seçkilərində yalnız "öz adamlarını" videokameralara çəkib"


Erməni qəzetinin yazdığına görə, hələ parlament seçkilərindən öncə "Çiçəklənən Ermənistan" partiyası bir kamera quraşdırma şirkətinə 2000 ədəd gizli videokamera sifariş verib. Partiyanın məqsədi ondan ibarət olub ki, həmin videokameralar "öz adamlarının" səsvermə anlarını yaddaşlara həkk etsin: "Əldə edilən məlumatlara görə, səsvermə günü kabinələrə daxil olan vətəndaşlardan yalnız "Çiçəklənən Ermənistan"a səs verənlər lentə alınıb. Nəticədə, bəlli olub ki, partiya səlahiyyətliləri rüşvət verdikləri seçicilərin onlara xəyanət etməmələrini öyrənmək istəyibmişlər. Məsələ ilə bağlı müxalifət partiyaları tərəfindən müvafiq orqanlara şikayətlər olunub."


"Aykakan Jamanak" ("AJ") qəzeti: "Ermənistanda qənd və şəkər tozu növbəti dəfə bahalaşıb"


"AJ"-ın yazdığına görə, artıq bir neçə gündür ki, ölkədə qənd və şəkər tozunun qiymətləri bahalaşmaqda davam edir: " 50 kq-lıq qənd kisəsinin qiyməti 400 dram, yəni 8 dram artmaqla bahalaşmışdır".

Qəzet xəbər verir ki, bunun arxasında monopolist qüvvələrin dayanması şübhə doğurmur. Belə ki, hələ iki il öncə, iqtidara yaxınlığı ilə seçilən Samvel Aleksanyan şəkər zavodunu açarkən, bildirmişdi ki, həmin zavod nəinki Ermənistan əhalisinin ehtiyacını ödəyəcək, hətta istehsal etdiyi qənd və şəkər tozlarını xaricə belə, ixrac edəcək: "Ermənistanda istehsal olunacaq şəkər bu ölkədə istehsal olunduğuna görə, dramın devalvasiyasından asılı olmayaraq, qiymətlər artmamalıdır".

Lakin maraqlısı da odur ki, S.Aleksanyan ixrac etdiyi məhsullarını başqa ölkələrin birində açdığı zavoduna satır.


"Yerkir" qəzeti: "İçməli su od qiymətinə satılır"


Artıq iyunun 1-dən etibarən, Ermənistanda satılan içməli suların qiymətləri durmadan artmağa başlayıb: "Belə ki, "Yerkir" qəzetinin araşdırmasına görə, "Cermux" adlı mineral suyun qiyməti 165 dramdan başlayaraq, gündə 1 dram artmış, iyunun 10-da isə 175 drama satılmışdır. Digər firmaların da içməli su satışlarının qiymətlərində artım müşahidə olunur. Məlum olmuşdur ki, "Cermux Qrup" kampaniyası qiymətləri özbaşına qaldırmaqla, digər kampaniyalara da bunu etməyə vadar etmişdir".


"Qraparak" qəzeti : "Armine Qriqoryan ölkəni tərk etdi"


Erməni qəzetinin yazdığına görə, ölkənin tanımış mədəniyyət nümayəndəsi müğənni Armine Qriqoryan ölkəsini tərk edib: "Onu bunu etməyə vadar edən, ilk olaraq, ölkə müxalifətinə yaxınlığı ilə seçilməsi, eləcə də, televiziya proqramlarında hakimiyyət əleyhinə ifadələr işlətməsi olub. Eyni zamanda, birdən-birə A.Qriqoryanın dörd verilişinin bütün televiziya kanallarından çıxarılması da müğənninin ciddi etirazı ilə nəticələnib. Müğənninin yaxınlarının bildirdiyinə görə, o, təyyarə limanında vidalaşarkən, bildirib ki, artıq iqtidarın rəzil idarəçiliyindən bezib və maraqlarının tapdanması onun Ermənistanı tərk etməsi ilə sona çatıb".

Göründüyü kimi, Ermənistan mətbuatı ölkədəki xaosu öz dili ilə etiraf etməyə məcbur olub. Bu, həm də ölkədə parlament seçkilərindən sonra xalqın daha çox əziləcəyi haqqında verilən proqnozların ilk işartılarıdır.


QİSMƏT ZƏNGİBASARLI

Digər xəbərlər