PDF Oxu

Araşdırma

  • 1 055

Xəzərdə fırtına yaratmaq cəhdi...

Xəzərdə fırtına yaratmaq cəhdi...

Son günlər Türkmənistan hökumətinin Xəzər dənizində Azərbaycana məxsus ərazilərdə, dənizin sektorial kəsişməsində yerləşən "Kəpəz" yatağında seysmik və geoloji işlərin aparılması əsas aparıcı mövzuya çevrilib. Bir sıra qüvvələr bunu ölkələr arasında əlaqələrin kəskinləşməsinə səbəb olacağı, yaxın qonşuluq və qardaşlıq münasibətlərinin sona yetəcəyi və digər gülünc arqumentlərlə şərh etməyə çalışırlar. Əlaqələrin ötən əsrin sonlarında yaranmış soyuq və ətalətli səviyyəyə enəcəyi barədə arqumentlər irəli sürənlər sanki bundan sevinirmiş kimi reaksiya verirlər. Xüsusilə də, bəzi KİV-lərdə bunu az qala toy-bayram kimi qeyd edənlərə də rast gəlmək olar.

Əslində, bu cür yanaşmaları təbii qarşılamaq olar və Türkmənistan- Azərbaycan münasibətlərinin inkişafını istəməyən məkrli, maraqlı kənar qüvvələrin oyuncağına çevrilən şəxslərin açıq-aşkar real sifətinin təzahürü saymaq mümkündür. Hər iki qardaş ölkənin son 5 ildə ən yüksək səviyyədə yaxın təmaslara malik olması regionda maraqlı qüvvələri narahat edir və onlar açıq-aşkar bu dövlətlərin birgə faydalı əməkdaşlığının perspektivdə güclü siyasi-iqtisadi ittifaq səviyyəsinə çatmasından qorxurlar. Ona görə əlaqələrin Saparmurad Niyazov dövründəki soyuqluğa qayıtmasını istəyən qüvvələr hər cür vasitələrə əl atır. Türkmənbaşının dövründəki əsassız iddialar, əməkdaşlığa qarşı mənasız və məntiqsiz siyasət, Xəzərdəki Azərbaycana aid yataqlarla bağlı kəşfiyyat işlərinə cəhdlər və digər arqumentsiz addımlar qardaş öləkəlar arasında əməkdaşlığın 13-14 il geri düşməsinə səbəb olmuşdu.

Kifayət qədər rasional düşüncəyə malik, praqmatik, Qərb yönümlü siyasət yürüdən, Qurbanqulu Berdiməhəmmədov isə ikitərəfli siyasi əlaqələrdə Azərbaycanla əməkdaşlığa başlıca yer verdiyini bəyan etməklə diqqəti cəlb edir. Məhz son 5 ildə Türkmənistanın siyasi lideri tərəfindən siyasi iradə nümayiş etdirilməsi sayəsində Xəzər bölgəsində güclü əməkdaşlıq platforması yaranıb. Cənab Berdiməhəmmədov dəfələrlə bəyan edib ki, Asiya ilə Avropanın qovuşduğu məkanda yerləşən Türkmənistanın və Azərbaycanın əlverişli geosiyasi mövqeyi hər iki ölkənin dünyanın yanacaqla təminatında həlledici rol oynamasına səbəb olmaqdadır. Ötən dövr ərzində Azərbaycana bir neçə dəfə səfər edən Türkmənistan prezidenti dövlətlər arasında 7 sənədin imzalanmasına nail olub. Əlaqələrin yüksək səviyyədə inkişaf etməsində Türkmənistan və Azərbaycanın dövlət başçıları Qurbanqulu Berdiməhəmmədovla İlham Əliyev arasındakı qarşılıqlı etimad və dost münasibətləri böyük rol oynamaqdadır. Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına yeni impuls verib. Məsələ ondadır ki, Azərbaycan və Türkmənistan Xəzərin hüquqi statusunun həllində ortaq mövqe nümayiş etdirərək, status problemi həll olunanadək Xəzərdə birgə əməkdaşlığın inkişaf etdirilməsinin gələcək yollarını razılaşdırıblar. Yəni hər iki tərəf bu istiqamətdə səmərəli qarşılıqlı fəaliyyəti məqul sayırlar. Qurbanqulu Berdiməhəmmədov bildirib ki, Xəzər təhlükəsizlik və sülh dənizidir, bu gün Xəzər dənizi ölkələri ayırmır, əksinə, birləşdirir. Hər bir ölkə burada geniş əməkdaşlıq üçün fikirləşməlidir.

Göründüyü kimi, çoxəsrlik tarixə malik olan Türkmənistan-Azərbaycan əlaqələrinin bünövrəsi möhkəm təməllər üzərində qurulub. Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq siyasi, iqtisadi-ticarət, elm və texnika, sosial və mədəni sahədə intensiv şəkildə inkişaf etməkdədir. Türkmənistanla Azərbaycanın enerji siyasətinin başlıca hədəflərinin çoxşəbəkəli marşrutlar vasitəsilə yanacağın dünya bazarlarına çıxarılmasından ibarət olması Qərbi tam qane edir. Daha dəqiq desək, hazırda dünyanın enerji ehtiyatları ilə təminatında Xəzər-Şimal dənizi və Yaxın Şərq regionu başlıca rol oynayır. Bu gün dünyanın yanacaqla təminatında Xəzər dənizinin karbohidrogen ehtiyatlarının payı ən azı 15 faizə yaxındır. Qaz ehtiyatlarının isə 25-30 faizi bu regionun payına düşür. Yaxın illər ərzində Xəzər akvatoriyasına aid qaz hasilatı ildə 100 milyard kubmetrdən çox olacaq. Nəzərə alaq ki, həmin ehtiyatların ən çox tədarükçüsü Türkmənistan hesab olunur və bu ölkənin qaz hasilatı 45 faiz artaraq, illik 90 milyard kubmetrə çatacaq. Bu isə Avropanın enerji təminatında başlıca rol oynaya bilər.

Və bu siyasi və iqtisadi amillər, təbii ki, bir sıra region ölkələrinin marağına uyğun deyil və iki qardaş ölkə arasında yüksək əməkdaşlığın pozitivliyini əngəlləmək üçün müxtəlif vasitələrdən istifadə cəhdlərindən istifadə olunur. Məlum olduğu kimi, yaxın vaxtlarda "Şahdəniz" yatağının ikinci fazası üzrə işlərə sanksiya verilməsi nəzərdə tutlur və bu addım böyük bir siyasi-iqtisadi məna kəsb etmiş olur. Proqnozlara görə, Azərbaycan "Şahdəniz" yatağından 18 milyard kubmetr qaz çıxaracaq ki, bunun da böyük hissəsi Avropaya nəql olunacaq. Ölkəmiz Yunanıstana ildə 3,6 milyard, İtaliyaya isə 8 milyard kubmetr qaz nəql edə biləcək. Sonrakı 15 il ərzində bu rəqəm 22 milyard kubmetrə çatacaq. Azərbaycan 2015-2020-ci illərdə qaz kəmərləri vasitəsilə Avropaya ildə ən azı 20 milyard kubmetrdən çox qaz nəql edəcək. Azərbaycan təkcə "Şahdəniz" yatağından 1 trilyon 300 milyard kubmetr qaz hasil etmək gücündədir. Yəni yeni qaz bumunun başlaması ilə Azərbaycan Xəzər regionunda üstülüyünü artırmaqla bölgə üçün möhkəm trans-kontinental dəhlizlər şəbəkəsində söz sahibinə çevrilmiş olur. Təbii ki, bu şəbəkədə əsas yer alan ölkələrdən biri Türkəmnistan nəzərdə tutulur. Xəzər -Qara -Baltik dənizi enerji dəhlizinin əsas seqmentlərindən biri Türkmənistandır. Bundan başqa, Xəzərdə yeni böyükhəcmli qaz yataqlarının ("Ümid", "Abşeron" ) kəşfi, ümumiyyətlə, dünya iqtisadiyyatında öz mövqeyini möhkəmləndirən Azərbaycanın enerji siyasətində qaz faktorunun xüsusi ön plana keçməsi bir sıra yeni meyarları ortaya çıxarıb. Qardaş Türkiyə ilə yeni qaz sazişinin imzalanması respublikamızın diversifikasiya siyasətinin genişlənməsi və yeni ixrac marşrutlarının yaranması üçün əlverişli zəmin yaradıb. Bu faktorlar qaz resurslarının Avropa bazarlarına ixracı üçün "Cənub dəhlizi" və digər boru kəmərlərinin çəkilişinin sürətləndirilməsi, digər qaz kəmərlərinin çəkilməsi və Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında liderliyi ələ alması baxımından mühüm geoiqtisadi əhəmiyyət kəsb etmiş olur. Bütün bu resurslar Qərb dəhlizi üçün əsas karbohidrogenlərdir və yanacağın nəqlində Azərbaycanla Türkmənistanın birgə tranzit tərəfdaşı olması şübhəsizdir. Yəni Şərqdə iki ölkə qazın ixracında Qərb dəhlizlərindən birgə istifadə etmək niyyətindədir.

Qeyd etdiyimiz kimi, məhz bu amillər regionda Azərbaycanın güc mərkəzinə çevrilməsini qəbul etməyən qüvvələrin rahasızlığını daha da artırır. İki qardaş ölkə arasında soyuqluq yaratmaq üçün hər cür iqtisadi və siyasi təxribatlara əl atan bölgədəki bəzi ölkələrin niyyəti perspektivdə Azərbaycanla Türkmənistanın birgə dəhlizlərə qoşulmasına mane olmaqdır. Təbbi ki, bu cür cəhdlərin əsası yoxdur və hər iki ölkənin mövqeyi aydındır. Azərbaycan və Türkmənistan, birmənalı şəkildə, Qərbə inteqrasiya edən ölkələr kimi yanacaq ehtiyatlarının diversifikasiyasında eyni mövqedə olduqların bəyan ediblər. Hansısa təhriklər, əməkdaşlığı pozmağa yönələn addımlar Xəzəryanı iki qardaş ölkənin güclü əlaqələrinə kölgə sala bilməz, Xəzər regionundakı strateji kommunikasiya dəhlizlərinin perspektivinə mane ola bilməz.


"Səs" Analitik Qrupu

Digər xəbərlər