PDF Oxu

Araşdırma

  • 992

Azərbaycan multikulturalizmin və sivilizasiyaların kəsişmə nöqtəsidir

Azərbaycan multikulturalizmin və sivilizasiyaların kəsişmə nöqtəsidir

Respublikamız bu gün dünyanın 50-dən artıq ölkəsində yanacaq ehtiyatlarının təchizatçısı kimi nüfuz sahibi olmaqla yanaşı, iqtisadiyyatın diversifikasiyası sayəsində potensial sərmayəçi kimi də diqqəti cəlb edir.

İqtisadi inkişafın yeni mərhələsinə daxil olan Azərbaycan artıq dünyada zəngin neft-qaz ölkəsi kimi deyil, həm də, sivilizasiyalararası dialoqa mühüm töhfə verən, beynəlxalq humanitar forumlara ev sahibliyi edən, tolerantlığın mərkəzinə çevrilən ölkə statusunda qəbul olunur. Respublikamız bu gün dünyanın 50-dən artıq ölkəsində yanacaq ehtiyatlarının təchizatçısı kimi nüfuz sahibi olmaqla yanaşı, iqtisadiyyatın diversifikasiyası sayəsində potensial sərmayəçi kimi də diqqəti cəlb edir. Azərbaycan, həmçinin, regionda sabitləşdirici faktor rolunda çıxış edərək, bölgəninin təhlükəsizlik seqmentlərini formalaşdırır.

Hazırda Avropanın hər bir nöqtəsindən minlərlə insan Azərbaycana axışır, "Eurovision" musiqi yarışmasına gələn xaricilərin ilk təəssüratı ölkəmizlə bağlı bu cür olur. Azərbaycan neft ölkəsi kimi inkişaf etsə də, iqtisadi və sosial həyatın bütün sahələrindəki dinamika, modernləşdirmə epoxiyası, yüksək sivilizasiya ənənələrinin formalaşması və inkişafı, humantiar aksiyaların ənənə halını alması bu ölkənin hərtərəfli, dünya sivilizasiyasına mühüm töhfə verdiyini göstərir. Azərbaycan dünyanın zəngin humanitar mərkəzi, sivilizasiya məkanı hesab olunur.

Bu günlərdə "Azadlıq" radiosunun əməkdaşı Oleq Kusovun obyektiv və əsil reallığı əks etdirən bir reportajı ölkəmizlə bağlı mənzərənin bir çox cizgilərini nəzərə çarpdırdı. Jurnalist müstəqil Azərbaycanın Avropa arenasında özünü ancaq neft ölkəsi kimi deyil, həqiqətən də, zəngin mədəni ənənələrə malik ölkə kimi təqdim etdiyini xatırladır və bildirir ki, ölkədə nəhəng quruculuq işləri paytaxtın və bölgələrin simasını dəyişdirib. Azərbaycan əsil Avropa ölkəsi kimi sivilizasiya mərkəzidir, hər il burada müxtəlif beynəlxalq forumlar təşkil olunur, dünyanın ən nüfuzlu iqtisadi və siyasi təşkilatların sammitləri keçirilir. Bu faktorlar Azərbaycanın nüfuz göstəricisidir.

Hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Multikulturalizm ölkələrin qarşılıqlı hörmət və sıx əməkdaşlıq mühitinin yaranmasında vacib bir amilə çevrilib. Azərbaycan multikulturalizmə böyük önəm verir və son iyirmi il ərzində müstəqil ölkə kimi həyata keçirilən siyasətin əsas təməllərindən biri də, məhz dünya ölkələri ilə humanitar əməkdaşlığı gücləndirməkdən ibarət olub. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi multikulturalizmdən çox asılıdır. Çünki multikulturalizmin alternativi özünütəcriddir. Özünütəcrid isə mənfi fəsadlara yol açan meyillər sayıla bilər. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir.

Ötən il Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda da məhz dünya ölkələrinin əsas müzakirə mövzusu multikulturalizmlə bağlı olub. Hər bir ölkə bu formulu gələcək üçün mühüm bir siyasi-ideoloji xətt sayır, multikulturalizmlə bağlı yeni çağırışları ortaya çıxardı.

Oleq Kusovun reportajında bir məqam da diqqəti cəlb edir. Müəllif qeyd edir ki, Azərbaycandakı inkişaf insanların sosial həyat tərzində hiss olunur: "Azərbaycanda insanlar yaxşı yaşamağa başlayıblar, ölkə öz simasını dəyişir. Azərbaycanlılar rəhbərliyin mövqeyini bəyənirlər. İnsanlar öz problemlərini gizlətmirdilər, lakin onlar yekdilliklə hesab edirlər ki, yerli hökumət onlara böyük diqqət ayırır. Azərbaycan əhalisi sabiq prezident Heydər Əliyevə olduğu kimi, İlham Əliyevə də inanır". Müəllif Bakı şəhərində və ölkənin bütün regionlarında sosial infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi ilə yanaşı, ən müasir standartlara cavab verən elm, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman obyektlərinin inşası, hündürmərtəbəli yaşayış binalarının, hotel komplekslərinin tikintisi, park və istirahət komplekslərinin, xiyabanların yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilməsini inanılmaz bir möcüzə kimi qiymətləndirir. Onun fikrincə, bu cür nəhəng işləri görməyə hər bir ölkənin nə maliyyə qüdrəti, nə də real vaxt imkanları çata bilməz. Azərbaycan hökuməti dayanmadan, fasiləsiz olaraq, qurub-yaratmaq qətiyyəti ilə bütün bölgə ölkələrinə bir örnəkdir.

Həqiqətən, bu gün ölkəmizin hər bir bölgəsi başdan-başa gözəlləşir, yaşıllıqlara bürünmüş ətraf ərazilər füsunkar gözəlliyi ilə insana zövq verir. Azərbaycana ayaq basan hər bir insan ölkəmizin, əsasən də, paytaxtın simasının ildən-ilə dəyişdiyinin, Bakının ən yaraşıqlı şəhərə çevrildiyinin şahidi olur. Bakı şəhərinə gələn əcnəbi vətəndaşlarla bərabər, xaricdə yaşayan soydaşlarımız da hər dəfə paytaxtın giriş qapısına ayaq qoyanda yeni dəyişiklikləri, bir neçə ay əvvəllə müqayisədə Bakının daha da müasirləşdiyini görürlər. Bu günlərdə keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün Bakıya gələn xarici qonaqların paytaxtımızla bağlı təəssüratları yuxarıda qeyd etdiklərimizi bir daha əyani şəkildə təsdiq etdi. Xaricdən ölkəmizə təşrif buyuran qonaqlar, eləcə də, soydaşlarımız Bakının bu qədər sürətlə inkişaf etməsindən heyranlıqlarını gizlədə bilmirdilər. Onlar Azərbaycan paytaxtının simasının dəyişərək müasir sivilizasiya mərkəzinə çevrildiyini bildiriblər. Ən müasir infrastruktur obyektləri, xüsusilə də, öz əzəmətli görünüşü ilə şəhərə yaraşıq verən Dövlət Bayrağı Meydanı onlarda xoş hisslər oyadıb. Bir sözlə, Azərbaycan paytaxtının siması az qala hər gün dəyişir - gözəlləşir, müasirləşir. Köhnə binalar, obyektlər bərpa olunur, yeniləri tikilir, paytaxt sürətlə inkişaf edir. Bakı şəhərinin bütün kənd və qəsəbələrinin istirahət, mədəniyyət, turizm obyektlərinin yenidən qurulmasını daim diqqət mərkəzində saxlayan dövlət başçısı İlham Əliyev bu istiqamətdə davamlı tədbirlərin görülməsi üçün büdcə ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitlərinin ayrılmasına qərar verir. Dövlət başçısının bu diqqət və qayğısının nəticəsidir ki, son illərdə park və mədəniyyət mərkəzlərinin böyük əksəriyyəti ən müasir üslubda yenidən qurularaq. insanların istifadəsinə verilib. Paytaxtın küçə və prospektlərində, park və xiyabanlarında davam etdirilən yenidənqurma və abadlıq işlərini gücləndirmək məqsədi ilə davamlı olaraq böyük həcmdə maliyyə vəsaiti ayrılır. Bu gün paytaxtımızda ən orijinal tikinti layihələri həyata keçirilir, sosial infrastruktur obyektləri yaradılır, zövqoxşayan istirahət kompleksləri istifadəyə verilir. Bakının bütün prospekt və küçələrinin kənarında və ətrafındakı binaların, park və mədəniyyət ocaqlarının müasir, zövq oxşayan forma və üslubda bərpası, yenidən qurulması işləri davam etdirilərkən. həm milli ornamentlər və arxitektura normaları, həm də şəhərsalmanın ən modern üslubları tətbiq olunur. Binaların fasadı üzlük daşlarla üzlənir, pəncərələr yenilənir, eyvanlar milli ornamentə uyğun quraşdırılır. Həmçinin, binaların girişinə dəmir-seyf qapılar qoyulur. Binaların qarşısındakı piyada səkiləri isə metlax və qəmbər daşlarla döşənir. Görülən işlər nəticəsində paytaxtdakı bir əsrə yaxın yaşı olan binalar tarixiliyini saxlamaqla, müasir şəkildə abadlaşdırılır. Bir sözlə, quruculuq və abadlıq işləri paytaxtın hüsnünə zəngin çalarların əlavəsi kimi dəyərləndirilə bilər. Azərbaycan, xüsusilə də. paytaxt Bakı mükəmməl panoramı ilə ölkə vətəndaşlarını və turistlərin zövqünü oxşayır.


"Səs" Analitik qrupu

Digər xəbərlər