İyunun 25-dən Avropa Şurası Parlament Assambleyasının yay sessiyası öz işinə başlayıb. İyunun 29-dək davam edəcək sessiyanın ilk günü AŞPA-nın sədri rəhbərlik etdiyi təşkilatın yaz sessiyasından sonrakı fəaliyyəti barədə məlumat verib, büro və daimi komitənin hesabatları dinlənilib.
Bu, birbaşa Azərbaycana qarşı təsir formasıdır
Sessiyanın ikinci günü Bosniya və Herseqovinadan, Xorvatiyadan, Çex Respublikasından, İsveçdən, Niderlanddan, Polşadan, Rusiyadan və Böyük Britaniyadan İnsan Haqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçkisi keçirilib. Assambleyasının yay sessiyası çərçivəsində qurumun hüquqi məsələlər və insan haqları komitəsinin yığıncağı keçirilib. İclasda Almaniyadan olan deputat Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı hesabat üzrə qətnamə layihəsi qəbul olunub.
Yığıncaq barədə azərbaycanlı jurnalistlərə müsahibə verən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, komitə üzvləri Azərbaycanda "siyasi məhbus" məsələsi ilə bağlı məruzənin oktyabr ayında keçiriləcək sessiyada müzakirəyə çıxarılması ilə bağlı aparılan müzakirələrdə mövqelərini bildiriblər: "Səsvermə nəticəsində 25 deputat məruzənin müzakirəyə çıxarılmasının lehinə, 23-ü isə əleyhinə olduqlarını bildirmişlər. Əlbəttə, həmin məruzəyə biz mövqeyimizi bildirəcəyik. Bu, hələ ilkin mərhələdir. Amma komitə tərəfindən bu cür münasibətin bildirilməsi onu göstərir ki, vaxtilə bizdə bir-iki nəfər ölkəmizə qarşı sərt mövqelərdən çıxış edirdilər. İndi isə fikirlər bölündü. İki nəfərin bu tərəfə, iki nəfərin isə o tərəfə olması heç də real söhbət deyildir. Əslində, ciddi müzakirələr AŞPA-nın oktyabrda keçiriləcək sessiyasında aparılacaqdır. Həmin vaxt Azərbaycan tərəfi qəti şəkildə mövqeyini bildirəcəkdir.
Sonda bildirmək istəyirəm ki, komitənin yığıncağı bir daha Azərbaycana qarşı ikili standartlardan yanaşmanı əyani şəkildə sübuta yetirmişdir. Burada vacib fakt ondan ibarətdir ki, AŞPA-nın ən əsas hüquqi məsələlər və insan haqları komitəsi yaxşı başa düşür ki, bu ikili yanaşmadır. Mən neçə illərdir ki, AŞPA-nın sessiyalarında iştirak edirəm. İndiyə qədər belə ikili standartların şahidi olmamışam. Ona görə də komitə üzvlərinin irəli sürdükləri bir neçə bənd keçmədi. Açığını deyim ki, bu, birbaşa Azərbaycana qarşı təsir formasıdır".
Ştrasser isə Azərbaycana buraxılmadığı üçün siyasi məhbuslarla bağlı hesabatı müxtəlif mənbələrə istinad edərək hazırladığını deyib. Məruzəçi bildirib ki, onun tərtib etdiyi 89 nəfərlik siyahıdakı adamlardan kimlərin "siyasi məhbus" kriteriyasına uyğun gəlmədiyini yoxlamaq üçün Azərbaycana səfər edib araşdırma aparmağı planlaşdırsa da, ona viza verilməyib.
Minsk Qrupu daha çox və səmərəli fəallıq göstərməlidir
AŞPA-nın sədri Jan-Klod Minyon qurumun yay sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib ki, bu həftə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək: "Onlarla Dağlıq Qarabağ üzrə Alt Komitənin vəziyyətinə dair fikir mübadiləsi aparacağam. Birgə qəbul edəcəyimiz qərarların təsdiqlənməsi üçün sənəd AŞPA Bürosuna göndəriləcək".
AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Alt Komitənin fəaliyyətinə toxunan Jan-Klod Minyon, Alt Komitənin Assambleyadakı fəaliyyətinin tərəfdarı olmadığını söyləyib: "Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Minsk Qrupu məşğul olur və bu istiqamətdə müəyyən işlər aparır. Bu münaqişənin həll olunmasında mən tamamilə Minsk Qrupunun apardığı fəaliyyətə etibar edərdim. Amma fikrimcə, Minsk Qrupu da daha çox və daha səmərəli fəallıq göstərməlidir. Bununla belə, eyni məsələnin həllində fərqli-fərqli strukturların sayının artırılmasında zərurət görmürəm. Yəni belə həssas məsələnin həllində bir neçə strukturun fəaliyyəti çaşbaşlıq yarada bilər. Minsk Qrupunun fəaliyyətinə inanıb-inanmadığımızdan asılı olmayaraq, bu qurum bu gün bu münaqişənin həlli ilə məşğul olur".
Alt Komitənin mövcudluğuna hər zaman qarşı olduğunu deyən AŞPA-nın sədri indi də bu məsələ ilə bağlı fikrini dəyişdirmədiyini bildirib: "Amma bir də deyirəm, bu, mənim şəxsi fikrimdir. Bu, nə Assambleyanın Bürosunun, nə də bütövlükdə Avropa Şurası Parlament Assambleyasının mövqeyidir və büro mənim mövqeyimdən fərqli bir qərar qəbul edərsə, mən AŞPA sədri kimi bu qərara hörmətlə yanaşacaq, onun həyata keçirilməsinə çalışacağam".
Dağlıq Qarabağ üzrə Alt Komitə fəaliyyətsizdir
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyət planının müzakirəsi zamanı çıxışında deyib ki, Avropa Şurasının Suriya, Misir, İraq və digər ölkələrlə bağlı fərqli-fərqli problemlərlə yaxından maraqlanır: "Lakin bununla yanaşı, biz Avropa Şurasının öz daxilindəki başlıca problemlərə də nəzər salmalıyıq. Bizim təşkilatımızda bir çox belə problemlər mövcuddur. Bunlardan biri və ən mühümü Dağlıq Qarabağ münaqişəsidir. Biz Azərbaycan tərəfi olaraq, əlimizdən gələni edirik ki, Avropa Şurası daxilində Azərbaycan və Ermənistan nümayəndə heyətlərini bir araya gətirək. Lakin erməni tərəfinin siyasi iradəsi çatışmazlığından bu dialoqun gerçəkləşməsi mümkünsüzləşir".
Səməd Seyidov AŞPA-nın təsis etdiyi Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətsiz olduğunu bildirib: "Belə bir şəraitdə dialoq vasitəsilə qarşılıqlı etibar mühitinin yaradılması necə mümkün ola bilər ki? Biz burada bu dialoqun yaradılması üçün hazırıq və hər dəfə Avropa Şurasını, xüsusən də, AŞPA-nı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün erməni tərəfini bu dialoqa dəvət etməyə çağırırıq".
Azərbaycanın atdığı addım tərifəlayiqdir
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə əsaslanan siyasətini davam etdirərək, iyunun 22-də imzalanmış növbəti Əfv Fərmanı Avropa Birliyində, eləcə də, AŞPA-da yüksək qiymətləndirilib. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ispaniyalı deputat Pedro Aqramunt və maltalı Jozef Delbano Krex Azərbaycan Prezidentinin humanist addımını alqışlayıblar. Həmməruzəçilər Prezident İlham Əliyevin növbəti dəfə humanist mövqe nümayiş etdirərək, xoşməramlı addım atdığını xüsusi vurğulayıblar.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton da Fərmanı yüksək dəyərləndirib. K.Eşton bəyanatında bildirib ki, bu, Azərbaycanın atdığı tərifəlayiq addımdır: "Mən ümid edirəm ki, bu addım qanunun aliliyi və demokratiya sahəsində öhdəliklərinin yerinə yetirilməsi, əsas insan hüquq və azadlıqlarının tam təmin olunması istiqamətində bundan sonrakı addımlara zəmin yaradacaq".
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyət planının müzakirəsi zamanı xatırladıb ki, bu yaxınlarda Azərbaycan Prezidentinin Fərmanı ilə assambleyamızın bir neçə sənədlərində adları hallanan şəxslərin böyük bir hissəsi həbsdən azad edilib: "Hesab edirəm ki, bu addım Azərbaycanda demokratiyanın inkişafı üçün çox mühümdür və eyni zamanda, Azərbaycan-Avropa Şurası arasında gələcək inkişafındakı münasibətlərinə də çox müsbət təsir edəcək".
Cabir