PDF Oxu

Araşdırma

  • 4 787

Dənizkənarı Bulvar dünyanın ən müasir dənizkənarı parklarından biridir

Dənizkənarı Bulvar dünyanın ən müasir dənizkənarı parklarından biridir

Dünyanın iri şəhərləri, xüsusilə, paytaxt şəhərlər məxsus olduqları dövlətlərin bütövlükdə siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də, şəhərsalma mədəniyyətini özündə ehtiva edir. Azərbaycanın paytaxtı da yüz illər ərzində formalaşan qədim Şərq və müasir Qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrinə malik məkandır. Bakı şəhərinin əvəzsiz incilərindən olan Dənizkənarı Bulvar maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, onun həm tarixi, həm də müasir simasını təşkil edən xüsusi təbii komplekslərdən biridir.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə baş verən sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərəçarpacaq dərəcədə dəyişib. Təbii ki, bu, Dənizkənarı Milli Parkdan da yan ötməmişdir. Şəhərsalma, istirahət və turizm infrastrukturu, gözəlləşən paytaxtımızın ekoloji təhlükəsizliyi Dənizkənarı Milli Parkla bağlı strategiyanın həyata keçirilməsi üçün daha böyük imkanlar açmışdır. Bakı şəhərindəki Dənizkənarı Bulvarın Azərbaycan tarixi, mədəniyyəti və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq, ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan Cərəncamlar Dənizkənarı Bulvarın vəziyyəti, mühafizəsi, qorunması və bərpasına yönəlmişdir. Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin məlum Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat vəsaitin ayrılması bu məkanın görkəminin tamamilə dəyişməsinə təkan oldu. Bu istiqamətdə görülən işlər bu gün Bakı sakinlərinin tam rahatlığını və istirahətin təmin edir. Belə ki, əhalinin mənəvi və estetik tələbatı ödənilir, sağlamlığının möhkəmləndirilməsi üçün şərait yaradılıb, teatrlaşdırılmış tamaşa, kütləvi bayram və şənlikləri əhatə edən ədəbi-bədii proqramları, konsertləri və s. təşkil olunur.

Bu gün Dənizkənarı Bulvar Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindən biridir. Ümummmilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildən Milli Park statusu verilən bulvar son illərdə dünyanın ən müasir dənizkənarı parklarından birinə çevrilib. Xatırladaq ki, bir əsrlik tarixi olan Bakı Dənizkənarı Bulvarının salınması 1909-cu ildə Bakı Şəhər Duması tərəfindən qərarlaşdırılıb. Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. "Eurovision-2012" mahnı yarışmasına gələn xarici qonaqların bu məkanının gözəlliyinə valeh kəsilməsi təbii haldır. "Eurovision" müsabiqəsinə qədər Dənizkənarı Bulvar ərazisi daha 2 kilometr genişləndirildi. Burada "Baku Crystal Hall"ın inşası bu ərazinin görkəminə yeni bir rəng əlavə etdi. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. "Baku Crystal Hall"ın əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. Yarışma zamanı şəhərimizə səfər edən beynəlxalq polis təşkilatı - İNTERPOL-un baş katibi Ronald Nobl Dənizkənarı Milli Parkda olarkən bu gözəlliyə biganə qala bilməmişdir: " Mən 12 ildir ki, İNTERPOL kimi mötəbər qurumun baş katibiyəm və işlədiyim müddət ərzində ictimai asayişin qorunması və təhlükəsizliyin təmin olunmasında bir çox texnologiyalar və yeniliklər görmüşəm. Amma Bakıda gördüklərim çox təsiredicidir ". Bu, Azərbaycan reallıqlarına, Dənizkənarı Bulvara olan baxışların məntiqidir.

Bəli, dövlətimizin başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması ilə bağlı tapşırıqları əsasında şəhərimizin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar salınmışdır. Aparılan quruculuq və abadlıq işləri sayəsində paytaxt Bakı tədricən öz görkəmini dəyişmiş və dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirmişdir. Bu gün Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsi mümkündür.

Bu gün sürətlə inkişaf edən müstəqil Azərbaycan mühüm nailiyyətlər qazanıb, ölkədə icra olunan nəhəng layihələr ölkəmizin beynəlxalq aləmdə özünə layiq yer tutmasına geniş imkanlar açmışdır. Ölkənin gözəl təbiətə malik olması, təbii ehtiyatlar Azərbaycanın gücünü daha da artırır.

Dənizkənarı Bulvarda gedən yaşıllaşdırma, budama, suvarma, əkilmə və qidalandırma işləri bu məkanı günü-gündən gözəlləşdirir. Milli park ərazisində xarici ölkələrdən gətirilmiş ağac və bitki kolları bu məkana xüsusi yaraşıq verir. Belə ki, Hollandiya, İtaliya və Türkiyə məhsulları olan bu nadir ağac və bitki kolları Dənizkənarı Bulvarı dünyanın ən gözəl parkına çevrən aillərdəndir.

Dənizkənarı Milli Parkda böyük tikinti və abadlıq işləri davam edir. Bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilib. "Böyük Bakının regional inkişaf planı"na əsasən, 2030-cu ilə qədər Dənizkənarı Milli Parkın uzunluğunun (Bibi Heybət məscidindən Hövsan qəsəbəsinədək) 33 kilometrə çatdırılmasını nəzərdə tutur. Meşə park ərazilərinin ümumi sahəsi 36 900 hektar təşkil edəcək ki, bu da Bakının indiki ərazisindən (44 min hektar) bir az azdır. Yaşıllıq artırılıb, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kolların sayı artacaqdır.

Bu reallıqlar və gördüklərimiz Bakı Bulvarının dünyanın seçilən və istirahət üçün nəzərdə tutulan ən möhtəşəm məkanı olduğunu təsdiqləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər