PDF Oxu

Araşdırma

  • 11 304

Kadr hazırlığı günün əsas tələbidir

Kadr hazırlığı günün əsas tələbidir

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər bir bayram tədbiri, müxtəlif sahələrin inkişafına xidmət edən Dövlət Proqramlarının icrasına həsr olunan konfranslar keçmiş illərdə görülən işlərin təhlili, qarşıdakı vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 28 may-Respublika Günü münasibətilə rəsmi qəbulda ölkəmizin əldə etdiyi uğurlara bir daha diqqət yönəldən Prezident İlham Əliyev bildirmişdir ki, növbəti illərdə prioritetlər arasında ilk növbədə informasiya-kommunikasiya texnologiyalarını görürəm: "Çünki ümumiyyətlə, dünyanın inkişafı bu istiqamətdə gedir. Gələcəkdə bilik, savad ölkələrin dünyadakı yerini daha da böyük dərəcədə müəyyən edəcəkdir. Ona görə bu sahəyə xüsusi diqqət göstərilməlidir. Elm və təhsil sahəsinə xüsusi diqqət göstərilməlidir, bu sahə ön plana çıxmalıdır. Son illər elmin inkişafı və gənclərin təhsili ilə bağlı qəbul edilmiş proqramlar bu məqsədi güdür." Azərbaycanın başqa ölkələrdə yaradılan elmi dəyərlərdən istifadə etdiyini önə çəkən dövlət başçısı bunun təbii olduğunu qeyd edir. Çünki Azərbaycan dünya birliyinin bir hissəsidir: "Yəni Azərbaycanda çox güclü gənc elmi elita yaradılmalıdır ki, bu elita Azərbacanı 20 il, 30 il, 50 il bundan sonra uğurla idarə etsin. Ona görə informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil sahələri növbəti illər üçün prioritet olmalıdır."

Dövlət başçısı İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq cari ilin sonuna qədər hazırlanması nəzərdə tutulan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas istiqamətlərindən biri də məhz iqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi, ölkədə təhsilin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunmasıdır. Bu günlərdə Yeni Azərbaycan Partiyasının qeyd olunan sərəncama uyğun olaraq təşkil etdiyi dəyirmi masalar çərçivəsində bu sahəyə xüsusi diqqət yetirərək, sənədin rabitə və informasiya texnologiyaları bölümünün hazırlanması ilə bağlı müzakirələr təşkil etməsi də bu diqqətin bariz nümunəsidir.

Bu günün tələblərindən biri kadr hazırlığını iqtisadi inkişafa uyğunlaşdırmaqdır. Ölkə iqtisadiyyatının tərəqqisində neft-qaz amilinin rolunu xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev bildirir ki, qeyri-neft sektorunun inkişafı da uğurlu neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilməlidir. İqtisadiyyatın çoxşaxəliliyi hərtərəfli inkişaf üçün başlıca amillərdəndir. Neft kapitalı insan kapitalına çevrilməlidir. Dövlət başçısı İlham Əliyev bildirdirir ki, qarşımızda duran vəzifələri icra etmək üçün ilk növbədə hazırda peşəkar kadrlar lazımdır. "Çünki bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda yaradılmış və yaranmaqda olan, müasir dünya standartlarına cavab verən sənaye müəssisələri iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin edəcəkdir."

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq yüzlərlə gənc Dövlət Neft Fondunun vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərində təhsil alır. Cari ilin aprel ayının 1-ə olan məlumata əsasən aktivlərinin həcmi 32 milyard dollardan artıq olan Fond bu Proqramın maliyyələşdirilməsinə 38, 5 milyon manat yönəldib. Xarici ölkələrə tələbə göndərilməsi məqsədilə ixtisaslar seçilərkən ölkə iqtisadiyyatının davamlı inkişaf strategiyası, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin güclənməsi, kadrların idarə edilməsi, bu və ya digər sahələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması kimi prioritet istiqamətlər nəzərə alınır. Xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə, onların ümumi sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi Dövlət Proqramının əsas hədəfləridir. Nəzərdə tutulan müddətdə 5 min gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsillərini davam etdirməsi, əldə etdikləri təcrübəni ölkəmizin daha da inkişafına, tərəqqisinə yönəltmələri təbii ki, müsbət hal kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir: "Ümidə edirəm ki, onların böyük əksəriyyəti Vətənə qayıdacaq və öz biliklərini Vətənin inkişafına sərf edəcəklər." Bir vacib məqamı da diqqətə çatdırdı ki, əsas kadr hazırlığı ölkə daxilində həll olunmalıdır. "Peşəkar kadrların hazırlanması nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq." İnkişaf, tərəqqi yolunda inamla irəliləyən Azərbaycan dövləti ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə maraq göstərir. Bu avadanlıqlardan istifadə üçün lazımi təcrübənin öyrənilməsi vacibdir.

Prezident İlham Əliyevin göstərişinə əsasən, ARDNŞ ölkənin neft-qaz sənayesində ehtiyac duyulan yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlanmasını daim diqqətdə saxlayır. Bu məqsədlə Şirkətdə xüsusi Təqaüd Proqramı həyata keçirilir, Azərbaycan gənclərinin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alması, müasir biliklərə malik yüksək səviyyəli mütəxəssislərin hazırlanması təmin edilir. Şirkət respublikanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu nəzərə alaraq, ölkə daxilində və xaricdə təhsil alan tələbə və gənc mütəxxəsislərin neft-qaz sənayesinə marağını artırmaq məqsədi ilə Yay Məktəbi təşkil edirək, layihənin iştirakçıları üçün praktik məşğələlər keçirir. Onlar ARDNŞ-in idarə və müəssisələrinə ekskursiya edərək istehsalat prosesləri ilə yaxından tanış olurlar. Şirkət həmçinin "Yay təcrübəsi" proqramını icra edir. Azərbaycanın və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan tələbələr yay tətili müddətində istehsalat təcrübəsi keçirlər. Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin iş keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədi ilə gerçəkləşir. Söszüz ki, bu kimi tədbirlər ölkə daxilində yüksək ixtisaslı kadrların hazırlanmasına öz müsbət təsirini göstərir.

Təcrübə mübadiləsinin hər bir ölkənin iqtisadi inkişafında oynadığı rolu Azərbaycanın bugünkü reallıqlarında aydın görmək olur. Ulu öndər Heydər Əliyevin bu fikrini xatırlatmaq istərdik: "Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər, ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz." Neft-qaz sənayesinin dünyanın ən çox inkişaf edən və yeniləşən sahələrindən biri olduğunu nəzərə alsaq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, yeni üsulların axtarışına böyük ehtiyacın olduğunu görərik. Mütəmadi olaraq yeni-yeni üsul və texnologiyalar işlənib hazırlanır, müasir tələblərə uyğunlaşdırılır. Yeni texnologiyaların tətbiqinin genişləndirilməsi dünya iqtisadi məkanına inteqrasiya siyasəti həyata keçirən Azərbaycanda rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşmasına və davamlı inkişafın təmin edilməsinə böyuk imkanlar açır.

Zəngin təbii resurslara malik olan, əlverişli coğrafi məkanda yerləşən Azərbaycan daim dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyev bu reallığı da hər zaman diqqətə çatırır ki, dünyada təbii resurslarla zəngin çox ölkələr var. Lakin həmin dövlətlərdə bu ehtiyatlar heç də hər zaman uğur gətirmir. Azərbaycan dövləti isə neft strategiyasını və iqtisadi prioritetləri müəyyənləşdirərkən həm mənfi, həm də müsbət təcrübəni öyrənib. İqtisadiyyat düzgün əsaslar üzərində qurularsa, inkişaf, tərəqqi qaçılmazdır. Azərbaycan bu gün siyasi, iqtisadi cəhətdən müstəqil, azad, öz resurslarına güvənən ölkədir. Azərbaycanın iqtisadi imkanlarının dünyaya təqdimatı kimi dəyərləndirilən, "Əsrin müqaviləsi"nin imzalanmasından əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə keçirilən və artıq ənənə halını alan Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neftkimyası" sərgi-konfransının iştirakçılarının sayının ilbəil artması da ölkəmizlə əməkdaşlığa önəm verildiyini, Azərbaycan haqqında daha dolğun məlumatların əldə olunmasına xüsusi maraq göstərildiyini təsdiqləyir. Hələ qədim dövrlərdən bütün dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın dünya neft tarixinə biri-birindən əhəmiyyətli imzalar atıb. Dünyada sənaye üsulu ilə ilk neft Bakıda hasil edilib. Neftin boru kəməri ilə nəqlinə, tankerlərlə daşınmasına məhz Azərbaycanda başlanılıb. Açıq dənizdə neft hasilatı haqqında ideya ölkəmizdə reallığa çevrilib. Əfsanəvi Neft Daşlarının fəth olunması Azərbaycan neftçilərinin quruda və dəniz sahillərində qazandıqları zəngin təcrubənin nəticəsidir. 1994-cü ilin sentyabrın 20-də dünyanın 11 transmilli neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənilməsi və pay bölgüsü haqqında imzalanan saziş digər yataqlar və strukturlar üzrə irimiqyaslı layihələrin həyata keçirilməsinə yol açıb.

Dövlət başçısı bildirir ki, bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran çağırışlar elmin inkişafı ilə bilavasitə bağlı olmalıdır. Elmi araşdırmalar nəticəsində əldə olunan yeniliklərin təcrübədən keçirilməsi zamanı sözsüz ki, kadr problemi ortaya çıxır. Təcrübə mübadiləsini genişləndirməklə qarşıya qoyulan məqsədlərə nail olmaq mümkündür.

Ölkəmizin neft-qaz sektorunda qazandığı uğurlar sırasında olan "Ümid" qaz yatağının açılması da iqtisadi imkanlarımızın təsdiqidir. Dövlət başçısı İlham Əliyev bildirmişdir: "Uzun fasilədən sonra biz böyük neft-qaz yatağında bütün qazma və kəşfiyyat işlərini öz hesabımıza, öz gücümüzlə aparmışıq. Xəzər dənizinin bütün yataqlarını Azərbaycan neftçiləri kəşf etmişlər. Xəzərdə 1950-ci illərdən başlayaraq bu günə qədər Azərbaycan neftçiləri, mütəxəssisləri müstəsna rola malikdirlər. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün ölkəmiz aparıcı rol oynamışdır." Ölkə Prezidenti bunu da bildirmişdir ki, Dövlət Neft Şirkətinin "Ümid" yatağında öz hesabına, öz gücü ilə kəşfiyyat işləri aparmaq barədə təklifi və təşəbbüsü həm riskli idi, eyni zamanda, onu göstərirdi ki, biz artıq bunu etməyə qadirik. "Biz Xəzərin bütün imkanlarını yaxşı bilirik. Geoloqlarımızın təcrübəsi və bilikləri heç də ən aparıcı neft şirkətlərinin geoloqlarının təcrübəsindən geri qalmır, hətta dəqiq deyirəm, onları üstələyir."

Hər sahənin inkişafında, tərəqqisində yeni texnologiyaların rolu inkaredilməzdir. Dövlət başçısı İlham Əliyev ilk dəfə İKT sektorunun prioritet sahə olduğunu elan edərkən Azərbaycan iqtisadiyyatının gələcəyinin bilavasitə bu sahə ilə bağlı olacağını vurğulamışdır. Bu gün tarixən təbii ehtiyatlara əsaslanan Azərbaycan iqtisadiyyatının texnoloji və innovasiya tutumlu iqtisadiyyata keçid məsələsi aktualdır. Təbii ehtiyatlardan əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi uzunmüddətli inkişafa hesablanmış uzaqgörən siyasətin tərkib hissəsidir. İqtisadiyyatın bir çox sahələri arasından məhz İKT sektorunun ön plana çəkilməsi bilavasitə onunla əlaqədardır ki, İKT müasir həyatımızın ən gəlirli fəaliyyət sahəsinə çevrilmişdir. Prezident İlham Əliyev bildirir ki, Azərbaycanda informasiya texnologiyalarının gələcəyini neft və qazı öz zamanında əvəz edə biləcək bir sektor kimi görür.

Qeyd olunanlardan ümumi qənaət budur ki, daim müasirliyə, yeniliyə maraq göstərən dövlətimizin bilik iqtisadiyyatının yaradılmasında yeni texnologiyaların rolunu önə çəkərək atdığı biri-birindən əhəmiyətli addımlar öz müsbət nəticəsini verir və beynəlxalq səviyyədə təqdir olunur.


"İki sahil"in Analitik Qrupu

Digər xəbərlər