PDF Oxu

Araşdırma

  • 2 042

Subyektivlikdən doğan qərəz

Subyektivlikdən doğan qərəz

Bu gün Azərbaycan gənc, müstəqil dövlət kimi, sivil, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində inamla irəliləyir. Ölkəmizdə insan haqlarının yüksək səviyyədə təmin olunması ali məqsəd kimi dəyərləndirilir, söz, fikir azadlığına böyük sayğı, hörmətlə yanaşılır. Hər kəs öz fikrini, düşüncəsini maneəsiz, tam azad, sərbəst şəkildə ifadə edir.


Qanun qarşısında hər kəs bərabərdir


Eyni zamanda, qanun qarşısında hamı bərabərdir və bu mənada, qanunun tələblərinə əməl etmək, kimliyindən, tutduğu mövqeyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsin borcudur. Əgər kimsə qanunu, ictimai asayişi pozursa, hüquqa zidd tələblərlə çıxış edirsə, ictimai təhlükəli əməllərə yol verirsə, sözsüz ki, cinayət tərkibli əməllərinə görə, layiqli cəzasını almalıdır.

Burada hər hansı istisna, güzəşt mümkün deyil. Əks halda cəzasızlıq mühiti, hüquqi nihilizm yarana, qeyri-qanuni təhrikçi davranışlar kütləviləşə bilər ki, bu da dövlətin və cəmiyyətin təbii maraqlarına tamamilə ziddir. Belə olan halda, ən doğru, səmərəli yol hüquqi sistemin, islahatların daha da təkmilləşməsi, qanunların tam gücü gücü ilə işləməsi, real, praktik qüvvəyə malik olmasıdır.

Ölkəmiz bu istiqamətdə ATƏT, Avropa Birliyi, Avropa Şurası kimi qurumlarla fəal əməkdaşlıq edir. Xüsusən, bir sıra mühüm qanunların hazırlanmasında beynəlxalq təşkilatların, ilk növbədə, Avropa Şurasının Venesiya Komissiyasının rəyi ciddi şəkildə nəzərə alınır, edilən müvafiq təkliflər fəal şəkildə müzakirə olunur, AŞ PA-nın müvafiq strukturları ilə sıx əməkdaşlıq həyata keçirilir. Bununla yanaşı, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin ölkəmizlə bağlı mövqeyi, hesabatları heç də həmişə obyektiv olmur. Diqqəti çəkən odur ki, Azərbaycan AŞPA qarşısında öhdəliklərini vaxtında və ciddi şəkildə yerinə yetirməsinə baxmayaraq, həmməruzəçilər vaxtaşırı Azərbaycanda siyasi məhbusların olduğunu iddia edirlər. Təəssüf ki, həmməruzəçilər dəyişsə də, onların bu məsələdə subyektiv, bir sıra hallarda kifayət qədər qərəzli görünən mövqeyi dəyişmir.


"Siyasi məhbus" oyunu davam edir


Vaxtilə keçmiş həmməruzəçilər A.Qross və A.Herkel müxalif mövqeli QHT-lərin uydurma siyahılarına istinad edərək, Azərbaycanda yüzlərlə siyasi məhbusun olduğunu iddia edirdilər. Belə siyahılarda oğurluğa, quldurluğa, adam öldürməyə, terrorçuluğa görə həbs olunanlar çox vaxt öndə gedirdi. Bəzi QHT-lər müəyyən şəxslərin "siyasi məhbus" elan edilməsi müqabilində xüsusi məzənnə də müəyyənləşdirmişdilər. O vaxtdan bəri illər keçib, lakin indiyədək nə Avropada, nə də dünyada heç kəs "siyasi məhbus" anlayışının dəqiq meyarlarını müəyyənləşdirə bilməyib. Buna baxmayaraq, AŞPA həmməruzəçilərinin Azərbaycanda siyasi məhbus axtarışları davam edir. Belə ki, bu günlərdə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Kristofer Ştrasser söyləyib ki, hazırda Azərbaycanda 90 siyasi məhbus var.

Məsələyə münasibət bildirən Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi fərqlidir və Azərbaycanda siyasi əqidəsinə görə, həbs olunanlar yoxdur: "Kristofer Ştrasserin hesabatı ilə bağlı hazırda müvafiq qurumlar təhlil aparır. Azərbaycanın bu məsələdə Avropa Şurasından fərqli mövqeyi var. Biz hesab edirik ki, Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycanda konkret əməllərinə görə həbs olunmuş insanlar var. Baxmayaraq ki, bu insanların bəziləri siyasətlə, bəziləri fəal siyasətlə məşğuldur, amma siyasətlə məşğul olmaq onları öz əməllərinə görə məhkum olmaqdan sığortalamamalıdır. Bu, Azərbaycanın mövqeyidir".


Həmməruzəçi tərəfsiz, qərəzsiz, obyektiv olmalıdır


Göründüyü kimi, ölkəmizin bu məsələdə mövqeyi tam şəffaf, aydındır. Başqa sözlə, ölkəmizdə siyasi mənsubiyyətinə, mövqeyinə, düşüncəsinə görə, kimsə təqib edilmir, təzyiqə, təsirə, həbsə məruz qalmır. Bir çox hallarda müxalif mövqeli şəxslərin, müvafiq medianın səsləndirdiyi fikirlər, nümayiş etdirdiyi destruktiv davranış qərəzli, sağlam tənqiddən uzaq, iftira, böhtan xarakterli, cinayət tərkibli olsa da, dövlət strukturları, hüquq-mühafizə orqanları onlara münasibətdə maksimum humanist mövqedən davranırlar. Yalnız o şəxslərə qarşı həbs qəti-imkan tədbiri seçilir ki, onların əməlində ciddi ictimai təhlükəlilik, cinayət tərkibi var.

Əli Həsənovun vurğuladığı kimi, Azərbaycan dəfələrlə Avropa Şurasına (AŞ) və siyasi məhbus məsələsi ilə əlaqədar tövsiyyələr irəli sürən qurumlara bəyan edib ki, siyasi məhbus anlayışının dəqiq meyarı olmalıdır: "Bu meyar bütün dünya ölkələrində eyni qaydada tətbiq olunmalıdır. Bundan əvvəl biz Ştrasserin səfəri ilə əlaqədar narazılığımızı bildirmiş və müvafiq tədbirlər görmüşdük. Xüsusən, onun Azərbaycan üzrə məruzəçi təyin olunmasına etiraz etmişdik. Hazırda da bu danışıqlar gedir. Komitədə bu məsələ qaldırılıb və sentyabr ayında bu məsələnin AŞPA-nın gündəminə gətirilməsi qərara alınıb. Azərbaycanın müvafiq qurumları bu məsələni öyrənir və buna münasibət bildirəcəklər".

Bu baxımdan, Azərbaycan tərəfinin irəli sürdüyü təkliflər tam ədalətli, qəbuledilən və bütün iştirakçı dövlətlər üçün məqbuldur. Aydındır ki, "siyasi məhbus" anlayışının dəqiq meyarları müəyyən edilmədən bununla bağlı irəli sürülən hər hansı iradlar nə hüquqi, nə də siyasi əhəmiyyət kəsb etmir, ən yaxşı halda subyektiv, birtərəfli yanaşmanın təzahürü kimi görünür. Digər tərəfdən, həmməruzəçilik missiyasını üzərinə götürən şəxs, ilk növbədə, tərəfsiz, qərəzsiz olmalı bu və ya digər ölkəyə münasibətdə obyektiv mövqedən çıxış etməli, dolğun, əsaslandırılmış faktlara istinad etməli, vəziyyəti hərtərəfli qiymətlədirməli, müsbət, pozitiv olanı vurğulamağı yaddan çıxarmamalıdır. Eyni zamanda, Azərbaycana qarşı elə də yaxşı münasibəti olmayan bu və ya digər şəxsin həmməruzəçi təyin edilməsi də, əslində, nə AŞPA, nə də Azərbaycan üçün məqsədəuyğun deyil. Çünki həmin şəxsin subyektiv, birtərəfli yanaşması istər-istəməz Avropa Şurasının nüfuzuna müəyyən xələl gətirir və AŞPA çərçivəsində çoxtərəfli, ikitərəfli əlaqələrin daha intensiv, dinamik və mütərəqqi xarakter almasına kölgə salır.


"90 nəfərlik siyahı" necə yaranıb?


K.Ştrasserin Azərbaycanda 90 nəfəri siyasi məhbus kriteriyasına aid etməsinə gəldikdə, bu şəxslərin necə, hansı meyarlar, şərtlər daxilində bu kateqoriyaya aid olunması bəlli deyil. Bəlli olan odur ki, yenə də bir sıra qeyri-ciddi, qeyri-sağlam mövqeli QHT-lərin təqdimatları əsas götürülüb. Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bununla bağlı bildirib ki, K.Ştrasserin yanaşması subyektiv mövqelidir: "Azərbaycanın bu məsələdə öz yanaşması və metodikası var. Ştrasserin yanaşması subyektiv mahiyyət daşıyır. Onun neçə nəfəri həmin siyahıya aid etməsi də ziddiyyətlidir. Çünki Azərbaycanda uzun müddətdir, bu məsələ ətrafında fərqli fikirlər irəli sürülür. Azərbaycanın və Avropanın hüquq-müdafiə təşkilatları bu məsələdə yekdil rəyə gələ bilməyib. Kimi siyasi məhbus kateqoriyasına aid etmək, yaxud onun kriteriyasını necə müəyyən etmək məsələsində uyğunsuzluq var. Biz Ştrasserin hesabatı ilə razı deyilik. Öz münasibətimizi yazılı şəkildə Avropa Şurasına və onun müvafiq qurumlarına çatdıracağıq".

Öncə qeyd edildiyi kimi, bütün bunlara baxmayaraq, dövlət bu və ya digər cinayət əməlinə görə həbs olunan, cəza çəkən vətəndaşlara münasibətdə maksimum anlayışlı, humanist davranır. Belə insanların sağlam həyata qayıtmasına, sosial reabilitasiyasına maksimum şərait yaradılır, onların cəzaçəkmə müddəti qısaldılır, cinayət əməlləri bağışlanır. Prezident İlham Əliyev bununla bağlı müstəsna səlahiyyətindən istifadə edərək, vaxtaşırı belə insanları əhv edir, onların doğru yola qayıtmasına, sağlam vətəndaşlıq mövqeyi tutmasına, cəmiyyətə inteqrasiyasına şərait yaradır. Dövlət başçısının müvafiq Əfv Sərəncamı ilə "İctimai Palata"nın aksiyalarına saxlanılmış 9 nəfərin azadlığa buraxılması buna əyani misaldır: "Prezident bir daha həmin insanlara doğru yola qayıtmaq imkanı yaratdı. Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması, ictimai davranış qaydalarına hamının əməl etməsi, hüquq-mühafizə orqanlarının tələblərinə hamının tabe olması qanunun tələbidir. Qanunun tələblərini pozanlar da müvafiq olaraq cəzalara məruz qalırlar. Bu insanlara ölkə Prezidenti bir daha şərait yaratdı ki, bundan sonra Azərbaycan cəmiyyətində özlərini qanunlara müvafiq aparsınlar".

"Səs" Analitik Qrupu

Digər xəbərlər