İşğal olunmuş Azərbaycan torpaqlarında Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xəttində və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəs rejiminin pozulması barədə məlumatlar mütəmadi olaraq xəbər agentlikləri tərəfindən yayılır.Adətən münaqişəyə diqqət yetirən ekspertlər bu xəbərlərə istinadən münaqişənin qaynar vəziyyətdə qalmasını qeyd edib bu durumun şiddətlənəcəyini və mümkün hərbi əməliyyatların yenidən başlaya biləcəyini proqnozlaşdırırlar.Cəbhə xəttində tələfatla müşahidə olunan atəşkəsin pozulması hallarında post factum olaraq bəzən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycanı toqquşmalardan çəkindirən bəyanatlar vasitəsilə gündəmə gəlir və hər iki tərəfi xalqlarını sülhə hazırlamağa çağırırlar.Bu fonda münaqişə bölgəsinə yeganə çıxışı olan ATƏT Sədrinin münaqişəyə dair şəxsi nümayəndəsi hansı tərəfin ilk atəş açmasını göstərmir.Əslində, Ermənistan və Azərbaycan tərəfinin atəşkəsin pozulması ilə bağlı yaydıqları xəbərləri müqayisəli təhlil edərkən və əldə olunmuş nəticələri regionda hökm sürən vəziyyət kontekstində nəzərdən keçirərkən bir çox maraqlı məqamlar ilə üzləşmək mümkündür.KİV-də yayılmış məlumatlara baxdıqda məlum olur ki, atəşkəsin pozulmasına dair Azərbaycan tərəfinin məlumatları əksər hallarda aşağıdakı elementlərdən ibarət olur: erməni silahlı qüvvələri Azərbaycanın işğal etdikləri məntəqələrdən (atəşin başlanğıc nöqtəsi) Azərbaycanın işğal altında olmayan məntəqələrini atəşə tutması (atəşin hədəfi) faktı, zərər çəkmişlərin sayı və hadisənin baş verdiyi təxmini zaman kəsiyi.Atəşkəsin pozulmasına dair Ermənistan tərəfinin məlumatları aşağıdakı kimi sistemləşdirilə bilər: Azərbaycan silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərindəki erməni mövqelərinin hansının atəşə tutulduğu (atəşin son nöqtəsi), bir neçə gün, həftə və ya ay ərzində atəşkəsin pozulması hallarının konkret sayı, hadisənin baş verdiyi konkret vaxt, açılmış atəşin konkret sayı, güllələrin konkret sayı, hansı silahdan nə qədər güllə atıldığı qeyd edilir.Azərbaycan tərəfinin məlumatları ümumiliyi ilə seçilir və konkret rəqəmlər yalnız ölənlərin sayında göstərilir.Ermənistan tərəfinin xəbərləri isə təfərrüatlı rəqəmlərin göstərilməsi ilə nəzərə çarpır. Məsələn, Ermənistanın xəbər agentliklərinə görə, 2012-ci ilin 6-12 may tarixlərində guya Azərbaycan tərəfi 350 dəfə atəşkəsi pozmuş və müxtəlif silah növlərindən 1500 dəfə atəş açmışdır. Digər bir xəbər, Azadlıq radiosunun erməni dili xidmətinə əsasən, ötən ilin 16-21 may müddətində Azərbaycan tərəfi 1500 güllə atmışdır (http://rus.azatutyun.am/content/article/24182105.html).Kənar müşahidəçi üçün bu təfərrüatlı məlumat həqiqətə uyğunluq təəssüratı yarada bilər.Əgər Ermənistan tərəfinin məlumatları doğrudursa bu halda belə çıxır ki, yüz kilometrlərlə uzanan cəbhə xəttində erməni əsgərləri gecə-gündüz bütün il boyu Azərbaycan silahlı qüvvələrinin açdıqları çoxsaylı atəşi və atdıqları minlərlə güllələri sayır, onların konkret vaxtını qeydə alır və daha sonra oturub bu sursatın hansı silah növlərindən buraxılmasını müəyyənləşdirməklə məşğul olurlar. Təbii ki, bu fiziki cəhətdən mümkün olmayan bir işdir, xüsusilə də demoqrafik böhranla üzləşmiş Ermənistan kimi dövlətin ordusu üçün.İkinci variant kimi təxmin etmək olardı ki, Ermənistan yuxarıdakı statistikanı qeydə alan bir sayğac icad etmiş və bu avadanlıqlarla bütün səngərlərini təmin etmişlər. Lakin, belə bir sayğacı nəinki Ermənistan hətta digər inkişaf etmiş dövlətlər belə hazırlamamışlar.
Ermənistanın məlumatları kontekstində ciddi suallar yaradan digər bir məsələ isə "Azərbaycanın etdiyi güllə-boran" fonunda praktiki olaraq itkilərin göstərilməməsidir. Halbuki daha güclü Azərbaycan ordusunda Ermənistan tərəfinin açdığı atəş nəticəsində itkilər zaman-zaman olur və bu barədə məlumat verilir.Digər sual doğuran məqam isə erməni hərbi maşının belə sərrast saymaq və hesablamaq qabiliyyəti olduğu halda, Azərbaycan tərəfinin atəşi hansı istiqamətdə açdığını müəyyən edə bilməməsidir.Bəzən Ermənistanın məlumatları elə bir tərzdə təqdim olunur ki, hətta adi insanlar belə onun absurdluğunu görür. Məsələn, xatırlayırıq ki, bir neçə il öncə ermənilərin xəbərlərinə görə Azərbaycan tərəfi bir istiqamətdə qısa zaman kəsiyində SVD snayper tüfəngindən 20 güllə atmışdır. Halbuki, bəlli məsələdir ki, snayper saatlarla hədəfinin pusqusunda durub bir, maksimum iki güllə atır, snayperin 20 güllə atması artıq onun snayper funksiyaları yerinə yetirmədiyi deməkdir.Ermənistanın yuxarıda verdiyimiz və yüzlərlə digər məlumatlarının müqayisəli təhlili Azərbaycanın atəşkəsi pozması iddiaları ciddi şübhə altına alır.Xüsusilə qeyd etmək lazımdır ki, atəşkəsin pozulmasında Azərbaycan tərəfi heç maraqlı deyildir. Ən azından ona görə ki, təmas xəttinin işğal olunmayan hissəsində çoxsaylı azərbaycanlı mülki əhali yaşayır və Ermənistan tərəfinin güllə atması nəticəsində ən zəif bənd olaraq daha çox mülkilər zərər çəkir.Əslində, Ermənistan digər məsələlərdə olduğu kimi atəşkəsin pozulması məsələsində müxtəlif üsullardan, o cümlədən təfərrüatlı statistika verməklə doğru olmaq görüntüsü yaratmağa çalışır. Ermənistan təbliğatı bu məsələdə "yalan nə qədər dəhşətli olsa, ona daha çox inanan olar" propaqanda metodlarından istifadə etməklə dünya ictimaiyyətini çaşdırmağa çalışır.Bu metoddan vaxtı ilə faşist Jozef Qebbels geniş istifadə edirdi. Erməni tərəfinin söykəndiyi digər təbliğat metodu isə belədir: Yalanı o qədər təkrarlamaq lazımdır ki, axırda hamı onun doğru olduğuna inansın. Bu sevimli fənddən ermənilər təkcə müasir tarixdə deyil, Böyük Ermənistan mifi barədə yalan-palanlardan tutmuş, 1915-ci il hadisələri, ermənilərin Cənubi Qafqazda məskunlaşması da daxil olmaqla, son dövrlərədək sistematik şəkildə istifadə edirlər.
Ermənistanın bu siyasətinin taktiki və strateji hədəfləri
Ermənistanda iqtisadi və demoqrafik vəziyyət pisləşdiyi bir fonda Azərbaycanda əksinə əhalinin və iqtisadiyyatın artımı qeydə alınır və iki dövlət arasında bu uçurum dərinləşir. Bundan əlavə, Ermənistan daxilində əhalinin Sarkisyan klanından narazılığı kritik həddə çatmaqdadır. Türkiyə-Ermənistan yaxınlaşması prosesi erməni diasporasının S. Sarkisyan ilə münasibətlərini gərginləşdirmişdir.Azərbaycanın güclənməsindən ciddi narahat olan Ermənistan rəhbərliyi anlayır ki, danışıqlarda hazırkı işğal faktorundan yararlanmaq getdikcə çətinləşəcəkdir. Azərbaycanı inkişafdan və güclənməkdən saxlamaq, Ermənistan daxilində əhalini və xaricdə diasporanı öz ətrafında birləşdirmək üçün Ermənistan rəhbərliyi Azərbaycanı provokasiyaya sürükləyib hərbi əməliyyatlara başlamaq fikirlərindən daşınmır. Atəşkəs rejiminin mütəmadi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən pozulması məhz bu kontekstdə nəzərdən keçirilməlidir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaxınlığında yerləşən Tərtər istiqamətində ermənilərin zaman-zaman diversiya həyata keçirməsi (2010-cu ildə bu diversiyaların birinin qarşısı Azərbaycan milli qəhrəmanı Mübariz İbrahimov tərəfindən alınmışdır), 2011-ci ildə 9 yaşlı Fariz Bədəlovun təmas xətti yaxınlığında yerləşən evlərinin həyətində oynayarkən erməni snayperi tərəfindən öldürülməsi və ya bu ilin 9 mayında Şuşanın alınmasını Ermənistan rəhbərliyi tərəfindən hərbi paradla qeyd edilməsi bu qəbildən olan provokasiyalardandır. Xüsusilə son aylarda Ermənistan ordusunun ağır itkiləri ilə müşayiət olunan uğursuz təxribatçı əməliyyatları da xatırlatmaq yerinə düşərdi.
Bu provokasiyaların mənbəyini gizlətmək və Azərbaycanı dünya ictimaiyyəti qarşısında kölgələmək üçün Ermənistan tərəfi məqsədyönlü informasiya müşayiəti ilə atəşkəs rejiminin pozulması hallarını öz xeyrinə təhrif edir.Fikrimizcə, proseslərin belə bir inkişafı fonunda ATƏT Minsk qrupu regiona səfərlər edib sülh danışıqlarının davam etdirilməsi və baza prinsiplərinin tezliklə qəbul edilməsinin vacibliyinə dair ümumi sözlərdən ibarət bəyanatları sayəsində çətin ki, bu provokasiyaların, o cümlədən atəşkəsin pozulmasının qarşısının alınması reallaşa bilsin. Vasitəçilər Ermənistanın silahlı qüvvələrinin geri çəkilməsinə və bu ərazilərin demilitarizasiyasına dair birmənalı və ən əsası ictimai bəyanatlar səsləndirməzsə, Ermənistan tərəfinə təzyiqlər artırılmazsa, o zaman Cənubi Qafqaz regionunda Ermənistanın yürütdüyü bu siyasətin ağır nəticələr verəcəyi istisna olunmur.
newtimes.az