ABŞ dünyanın ən qüdrətli dövlətidir. Güc, qüdrət əməldə özünü göstərir. Franklin Ruzvelt demişdir: "Qüdrətli olmaq üçün millət mütləq deyil ki, ədalətsiz olsun". Qüdrətli dövlətin ədaləti olmalıdır.1992-ci ildə ABŞ Konqresi "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişiqəbul etdi. Bu düzəliş ABŞ hökumətinin Azərbaycana birbaşa yardımını qadağan edir. Səbəb kimi Azərbaycanın Dağlıq Qarabağı və Ermənistanı blokadada saxlaması göstərilir. Qəribəsi odur ki, bu bədnam düzəliş Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi vaxtlarda qəbul edilib. Konqresmenlər, əslində, heç nəyi düzəltməyiblər, ədalətə xidmət etməyiblər, əksinə, "həqiqəti əyiblər". "Qaynar nöqtəyə" "soyuq başla" yanaşmaq əvəzinə, odun üzərinə yanacaq atıblar. Franklin Ruzvelt haqlıdır: "Həqiqət insanların onu axtarmaq azadlığı olanda tapılır". ABŞ Konqresində kimsə (məsələn, senator Riçard Luqar kimi) həqiqət axtarışına çıxsa, dərhal erməni lobbisi "sandıqdan tullanır". Və F.Ruzveltin dediyi reallaşır: "Mənə 10 milyon dollar verin, Konstitusiyaya istənilən dəyişikliyin qarşısını alım".Azərbaycan əsgərləri dünyanın müxtəlif bölgələrində terrora qarşı mübarizədə amerikan əsgərləri ilə bir yerdə savaşırlar. Ancaq nədənsə ABŞ Azərbaycanın erməni terroruna qarşı mübarizə aparmaqda beynəlxalq cəbhə yaratmasına dəstək vermir.Azərbaycan ABŞ-ın antiterror koalisiyasına qoşulub. Azərbaycan Prezidenti ABŞ Prezidenti Barak Obamaya yazdığı məktubda terrorla mübarizədə bundan sonra da yanlarında olacağını ifadə edib. Lakin Azərbaycan xalqı hələlik ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısına erməni terroru ilə mübarizədə dəstək olacağı haqqında məktub yazdığını eşitməyib.20 ilə yaxındır ki, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edir. O, Fransa və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunda həmsədrdir. Ancaq ABŞ indiyə qədər yalnız vasitəçi olub, problemi həll edən yox. Ola bilsin ki, onların vasitəçilikdən xoşları gəlir. Lakin "bacarıqlı usta iz buraxmır". ABŞ da öz tarixində "Dağlıq Qarabağ münaqişəsini həll edə bilmədi" ləkəsini saxlamalı deyil. Paulo Koelonun bir fikrini yadda saxlamaq faydalı olardı: "onlar mübarizədən, həyat da onlardan imtina etdi". Əgər münaqişəni ədalətlə həll etməkdən imtina etsələr, həyat da onlardan imtina edər.Azərbaycan müstəqilliyini əldə etdikdən sonra onun enerji ehtiyatlarından istifadə etməyə ilk can atanlar sırasında Amerika şirkətləri də vardı. Onlar Azərbaycanın neft və qaz layihələrində iştirak etdilər. ABŞ regionda beynəlxalq enerji layihələrinə aktiv dəstək verməkdə davam edir. Bu prosesdə Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. "Nabukko", "Cənub axını", "Transxəzər"... bu enerji layihələrini ABŞ Azərbaycansız təsəvvür etmir.ABŞ Konqresi isə Ticarət Aktına 1974-cü ildə etdiyi Cekson-Venik düzəlişi ilə Birləşmiş Ştatların normal ticarət münasibətlərini Azərbaycansız təsəvvür edir. Bu, ümumiyyətlə, absurd bir addımdır. Həmin düzəliş mühacirət azadlığına məhdudiyyət qoyulmasına görə daxil edilib. Özü də sovet dövründə yəhudilərin mühacirətinə qoyulan məhdudiyyətlərlə bağlı qəbul olunmuşdu. Azərbaycanda isə mühacirətə heç bir məhdudiyyət yoxdur.Hətta ermənilər Azərbaycanda yaşayırlar, istədikləri vaxt mühacirət də edə bilirlər. Ümumiyyətlə, qəribədir – lazım gələndə bizi kimlərisə ölkədən "qovmaqda" ittiham edirlər, yenə özlərinə lazım olanda həmin kimlərinsə ölkədən getməsinə "əngəl törətməkdə" günahlandırırlar. Bernard Şou deyirdi ki, "İnsan hərdənbir düşünsə yaxşıdır. Mən bir neçə dəfə düşünməklə dünyanın məşhur yazıçısı oldum". Amerikanlar da hərdən düşünsələr çox yaxşı olardı.Cekson-Venik düzəlişi ABŞ-Azərbaycan münasibətlərinin inkişafı yolunda əngəldir. Həyat daimi təşəkküldə olan prosesdir. O heç zaman özünü bir naxışla məhdudlaşdıra bilməz. Dəyişmək, yeniləşmək gərəkdir. Barak Obama Türkiyəyə səfəri zamanı Baş nazir R.T.Ərdoğana "biz dəyişdik, sizlər də dəyişin" demişdi. Azərbaycan dəyişib. O artıq 1992-ci ildəki Azərbaycan deyil. Lakin nədənsə nə "907-ci", nə də Cekson-Venik düzəlişi dəyişdi. Bu da strateji tərəfdaşlığın ruhuna uyğun gəlməyən haldır.1992-ci ildən dəyişməyən başqa bir məqam da var. ABŞ Konqresi Dağlıq Qarabağdakı qanunsuz rejimə hər il milyonlarla yardım ayırır. Bu il həmin yardımı 2 milyondan 5 milyona qədər artırmaq haqqında düşünürlər. ABŞ-da "Dağlıq Qarabağ Respublikasının ofisi" açılıb. "Ofis" Ədliyyə Nazirliyində lobbiçilik qanunu çərçivəsində qeydiyyata alınıb. Birləşmiş Ştatlar "DQR" nümayəndələrinə Ermənistan pasportu vasitəsi ilə vizalar da verir. Onlar da ABŞ-a rahat səfər edir və oradan əliboş dönmürlər.Amerika alimləri müasir dünyada proseslərin çox sürətlə getdiyini yazırlar. Onları dərk etmək işi xeyli çətinləşmişdir. Ona görə də bu gün həll edilməli məsələni sabaha saxlamaq olmaz. Qədimdə 7 müdrik adamdan birgə tələb olunanı, indi bir alimdən tələb edirlər. Teodor Ruzvelt deyirdi ki, "bir bu gün iki sabahdan yaxşıdır". Yəni bu gün ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirən məqamlar aradan qaldırılmalıdır. Bu, əslində, ABŞ-Azərbaycan münasibətlərinin məntiqi nəticəsi olmalıdır. Lakin nədənsə ABŞ heç kimdə öz məntiqi və ya məntiqsizliyi ilə şübhə doğurmayan belə məqamları asanlıqla həzm etməkdə davam edir.
Newtimes.az