Müxalifət düşərgəsində indidən 2013-cü ildə respublikada keçiriləcək prezident seçkilərilə əlaqədar namizədlik mübahisələri başlayıb. Bu prosesdə isə İsa Qəmbərov, Əli Kərimov, Rəsul Quliyev, Arif Hacıyev və digərləri aktiv şəkildə iştirak edirlər. Məhz bu şəxslərin ortaya atılması isə, onu göstərir ki, radikal müxalifət düşərgəsində vəziyyət heç də birmənalı deyil və maraqlı tərəflər bir-birinə güzəştə getməyəcək. Lakin ayrı-ayrılıqda təhlil apararkən, bəlli olur ki, prezidentliyə namizəd olmaq istəyənlərin toz-duman qaldırmaq məqsədi heç də 2013-cü il deyil. Onlar indiki halda partiya və siyasi qüvvələr daxilində suyu bulandırıb müəyyən dividendlər əldə etmək və prezident seçkiləri ərəfəsində anti-Azərbaycan dairələrin dəstəyini almaq niyyətindədirlər.
İsa Qəmbərov başqan kimi qalmaq üçün çabalayır...
Belə ki, Müsavat partiyasının başqanı İsa Qəmbərov artıq partiya daxilində narazılıqların baş qaldırdığını və ona qarşı, hətta qruplaşmaların da yarandığını gördüyündən, çalışır ki, prezidentliyə namizədlik məsələsilə bu durumu düzəltsin. İsa Qəmbərov aydın şəkildə başa düşür ki, əgər Müsavat partiyasının növbəti qurultayı keçirilsə, o, mütləq şəkildə başqanlıqdan getməli olacaq. Çünki artıq uzun müddətdir ki, partiyanı diktatura qanunları ilə idarə edən İsa Qəmbərovun başqanlığı nəinki onun yaxınlarının, hətta gənc nəslin də maraqlarına uyğun deyil. Partiyanın tanınmış funksionerlərinin belə İsa Qəmbərovun əməllərinə etiraz olaraq, istefa vermələri söylənilənlərə aydınlıq gətirir. Eyni zamanda, İsa Qəmbərovun rəhbərliyi dönəmində partiya daxilində hər hansı irəliləyiş, gənclərin irəli çəkilməsi, seçkilərdə onların iştirakı, həmçinin, cəmiyyətin sosial-siyasi həyatındakı rolu görünməz olduğundan, artıq vəziyyət partlayış həddinə çatıb. İş o yerə çatıb ki, artıq Arif Hacıyev də başqanlığa namizədliyini irəli sürə biləcəyilə bağlı iddialar ortaya qoyur. Bütün bu faktlar, bir daha onu göstərir ki, Müsavat partiyasının daxilində ciddi parçalanmalar müşahidə olunur. Bu səbəbdən də, İsa Qəmbərov çalışır ki, mediada 2013-cü il prezident seçkilərinə namizədlik məsələsi ətrafında aparılan diskussiyalara qoşularaq, diqqəti yayındırsın. Bəzi hallarda İsa Qəmbərov nəzarətində olan mətbuat orqanına yalançı informasiyalar ötürməklə, özünün təklənməsi və qəhrəman kimi mübarizə aparması haqqında təsəvvür formalaşdırmağa da cəhdlər göstərir. Lakin düşünürük ki, İsa Qəmbərovun bu cəhdləri boşa çıxacaq. Çünki artıq partiya daxilində İsa Qəmbərovun nüfuzu qalmayıb və ictimai dəstəyi olmayan birisinin də partiya rəhbərliyində qalması qeyri-mümkündür.
Əli Kərimov itirdiyi maliyyə mənbələrini qaytarmaq istəyir
AXCP sədri Əli Kərimovun davası isə pul məsələsidir. Onsuz da partiyada sədrdən və müavinlərdən başqa heç kəs olmadığından, Əli Kərimovun başı yalnız xarici anti-Azərbaycan dairələrin qrantlarına və maliyyələrinə qarışıb. Etiraf etmək lazımdır ki, Azərbaycanın hərtərəfli şəkildə nüfuzunu artıran, onun beynəlxalq mövqeyini daha da möhkəmləndirən, ölkəmizi dünyaya sivil və demokratik dövlət kimi tanıdan "Eurovision-2012" mahnı yarışmasının keçirildiyi zaman Əli Kərimov xarici ölkələrin səfirlərindən və əcnəbi dairələrdən ictimai-siyasi sabitliyin pozulması vədi ilə külli miqdarda vəsait almışdı. Lakin Əli Kərimov, elə İsa Qəmbərovun da üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmədilər. Onların bacarıqsızlıqlarının səbəbləri haqqında dəfələrlə yazmışıq və bu, hər kəsə bəllidir. Lakin nə Əli Kərimov, nə də İsa Qəmbərov hesablaya, sonra baş verəcək hadisələri görə bilmişdi. Onları yalnız şəxsi maraqları düşündürdüyünü və prinsipsiz, iradəsiz olduqlarını görən xarici dairələr artıq radikal müxalifətin xidmətlərindən istifadə etməkdən imtina etməyə başlayıb. Hətta vəziyyət o yerə çatıb ki, xarici dövlətlərin nümayəndələri Azərbaycana səfərə gələndə, müxalifətlə görüşməkdən imtina edirlər. Elə ABŞ-ın dövlət katibi Hillari Klinton, Avropa Birliyi Şurasının prezidenti H.V.Romvuy ölkəmizə rəsmi səfərləri çərçivəsində vaxtlarının çox olmasına baxmayaraq, nə Əli Kərimov, nə də İsa Qəmbərovla görüşdülər.
Bununla yanaşı, ötən ay Azərbaycana gəlmiş avropalı həmməruzəçilər də Əli Kərimovu və İsa Qəmbərovu sərt tənqid etdilər və onların düz yolda olmadıqlarını diqqətə çatdırdılar. Bütün bu faktlar isə, bir daha sübut edir ki, radikal müxalifətin sədrləri Əli Kərimov və İsa Qəmbərov artıq nüfuzsuz, ictimai dəstəksiz sıravi vətəndaşa çevriliblər. Bununla da, onların xaricdəki dəstəkləri, maliyyə mənbələri kəsilmiş oldu.
Qeyd edək ki, Əli Kərimovun maliyyələşməsi qrantlarla baş tutsa da, kriminal vasitələrlə də həyata keçirilirdi. Lakin dövlət hüquq-mühafizə orqanlarının səyi nəticəsində Əli Kərimovun kriminal vasitələrlə əldə etdiyi maliyyə mənbəyinin qarşısı alındığından, AXCP (i) sədri xarici qrantların da itirilməsilə barışa bilmir. Ona görə də, son dərəcədə aktivlik göstərərək, yenidən xarici anti-Azərbaycan dairələrinin maliyyəsini əldə etməyə çalışır.
Autsayder Rəsul Quliyev isə öz aləmində aktivlik göstərir
Namizədlik oyununda gülünc mövqe tutmuş autsayder Rəsul Quliyev isə öz aləmində aktivlik göstərir və guya Azərbaycandakı siyasi-ictimai proseslərə təsir göstərir. Lakin Rəsul Quliyevin nəinki Azərbaycandakı hadisələrə təsiri hiss olunmur, hətta sosioloji sorğu belə aparılsa, Azərbaycan cəmiyyətinin 99 faizi Rəsul Quliyevdən xəbərsiz olması üzə çıxacaq. Məhz bu dərəcədə ictimai nüfuzsuz olan Rəsul Quliyev yalnız Əli Kərimov yolunu tutmaqla şəxsi maddi maraqlarını təmin etməyə çalışır. Əlbəttə ki, demək olmaz ki, Rəsul Quliyevlə Əli Kərimov və İsa Qəmbərov arasında trio formalaşdırıla bilər. Çünki öz aləmində lider olan bu üçün nəfər şəxzsi ambisiyalarına qalib gələ bilməyən uğursuz siyasətçilərdir. Onlar yalnız cılız məqsədləri naminə hərəkət etmək iqtidarındadırlar. Məhz səbəbdəndir ki, bir neçə ay öncə, Rəsul Quliyev - Əli Kərimov - İsa Qəmbərov triosu yaratmağa çalışanların cəhdləri boşa çıxmışdı.
Beləliklə də, əminliklə demək olar ki, Rəsul Quliyevin namizədlik oyununda özünü göstərməsi yalnız reklam xarakteri daşıyır. Onun şəxsi keyfiyyətləri imkan vermir ki, həqiqətən, lider kimi ortaya çıxsın.
Bir sözlə, demək olar ki, müxalifət düşərgəsindəki 2013-cü ildə respublikada keçiriləcək prezident seçkilərilə əlaqədar namizədlik mübahisələri yalnız şəxsi maraqların təminatı hesablanıb. Real olaraq, siyasi proseslərdə iştirak etmək və uğur qazanmaq nə Əli Kərimov, nə İsa Qəmbərov, nə də Rəsul Quliyevlikdir...
"Səs" Analitik Qrupu