Dünya həmin dünyadır, amma Avropa həmin Avropa deyil. Keçən əsrlərdəki Avropa ilə müqayisədə XXl əsrin ikinci onilliyinə qədəm qoymuş Avropa arasında böyük fərq yaranmışdır. Bu, ilk növbədə avropalıların insanlığa baxışlarında özünü büruzə verir.Demokratiya, qeyri-avropalılara hörmət və ehtiram kimi dəyərlər həmişə yüksək tutulan Avropada insanlıq ləyaqəti tapdalanır, rasizm, separatizm və şovinizm kimi meyllər güclənir. Bu vəziyyət, xüsusilə yeni yetişməkdə olan gənclərin qeyri millətlərə baxışlarında bariz şəkildə özünü büruzə verir. Qitə ölkələrinin əksəriyyətində milli mənsubçuluq əhval-ruhiyyəsinin açıq formada təzahürü Avropanın gələcəyini təhlükə altına alır. Avropanın daha inkişaf etmiş İngiltərə, Fransa, Belçika, Hollandiya, Danimarka, İsveç kimi ölkələrində baş qaldıran millətçilik hissləri bəşəriyyətin ümumu bəlasından, üzləşdiyi fəlakətdən xəbər verir.Bu gün Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı və Avropa Təhlükəsizliyi və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi nüfuzlu beynəlxalq təşkilatların demokratiyanın, insan haqlarının və qanunun aliliyinin özlərinin fəaliyyət prioritetləri olması barədə səsləndirdikləri fikrə baxmayaraq, Avropada xristanlığın islama qarşı qoyulması, qeyri avropalıların təhqir edilməsi, insanlıq ləyaqətlərinin alçaldılması, hüquqlarının tapdanılması tək meyllər güclənir.Faşizmin, irqi ayrıseçkilik meyllərinin gücləndiyi Avropada fəaliyyət göstərən millətçi təşkilatların sayı son 10 ildə 4 dəfə artmışdır. Bu təşkilatlar başqa xalqlara nifrət hissi aşılamaqla məşğuldurlar.Aşağıda toxunacağımız bəzi məqamlar dediklərimizi sübuta yetirir və müasir Avropanın əsl simasını açıb göstərir.Fransanın Milli Cəbhə Partiyasının əsasını qoyan, uzun müddət ona rəhbərlik edən və 2002-ci ildə keçirilən prezident seçkilərində sədr olduğu partiyadan prezidentliyə namizədliyini irəli sürən Jan-Mari Le Pən prezident seçildiyi təqdirdə "Fransa fransızlar üçün" ideyasını özünün proqram müddəalarından biri kimi həyata keçirəcəyini, ölkəni qeyri fransızlardan, xüsusilə, ərəblərdən təmizləyəcəyini çəkinmədən, açıq-aydın şəkildə bəyan etmişdir.Bu yaxınlarda Fransanın ikinci böyük şəhəri Lionda baş verən hadisə Jan-Mari Le Pən arzusunun təcəssümü olmuşdur. Etnik qruplara, qeyri fransızlara qarşı köklənmiş millətçi əhval-ruhiyyəli sağ ekstremistlər icazəsiz nümayiş keçirməyə cəhd göstərmişlər. Əksəriyyəti soyuq silah və dəmir parçaları ilə silahlanmış millətçi gənclər şəhərin mərkəzinə doğru hərəkət etmək istərkən qanun keşikçiləri onların qarşısını almışlar. Sağ ekstremistlər "Fransa fransızlar üçündür!", "Fransızlara öz ölkəsində danışmaq qadağan edilir!", "Qanunlarımız xaricilər tərəfindən yaradılır" və digər antisemitizm şüarlar səsləndirmişlər.Bu və buna oxşar hadisələr dünyanın mədəniyyət beşiyi hesab olunan Fransada baş verirsə, onda digər ölkələrdə qeyri-millətlərə qarşı tolerantsızlığı təsəvvür etmək heç də çətin olmaz.Hollandiya parlamentində təmsil olunan Yaşıllar Partiyasının lideri də qeyri-millətlərə nifrət hissini gizlətmir, onların ünvanlarına təhqiramiz ifadələr işlətməkdən çəkinmir. İngiltərə hökuməti bu üzdəniraq millətçi "lideri" ölkə üçün arzuedilməz şəxs hesab etmiş və onun İngiltərəyə gəlişinə yasaq qoymuşdur.Belçikada millətçilik əhval-ruhiyyəsi baş qaldırdığından yerli flamandlar keçən əsrlərdən bu ölkədə məskunlaşmış fransızlarla bir araya gəlmədiyindən uzun müddət hökuməti təşkil etmək mümkün olmamışdır.Qeyri-avropalılara münasibət yalnız yuxarı təbəqələrdə deyil, əhalinin ayrı-ayrı ünsürləri arasında da özünü büruzə verir. Son illər Fransada müsəlmanlara və yəhudilərə məxsus qəbiristanlıqlar dəfələrlə dağıdılmış, qəbirlər təhqirlərə məruz qalmış, məscidlər və sneqoqlar yandırılmışdır. Bütün bunlar ölkədə rasizm, seperatizm və şovinizm meyllərinin güclənməsindən xəbər verir. Artıq Fransanın bəzi siyasi dairələri bunu etiraf etməyə məcbur olmuşlar.Danimarka və İsveç mətbuatı müsəlmanların hisslərinə toxunan materiallar dərc etməkdən belə çəkinmir, müsəlman dünyasının sitayiş etdiyi müqəddəs Məhəmməd peyğəmbərin karikaturasını verməklə onları təhqir edir.Bəzi siyasətçilər Avropada qeyri-avropalılara qarşı belə meyllərin meydana gəlməsinin əsas səbəbi kimi qlobal problemlərlə - dünyanı təhdid edən iqtisadi böhran, həyat səviyyəsinin getdikcə aşağı düşməsi və işsizliyin durmadan artması ilə əlaqələndirirlər. Onların fikirləri Avropada rasizm, seperatizm və şovinizm meyllərinin "çiçəklənməsinə" heç də əsas vermir. Vaxtilə Avropa dəfələrlə iqtisadi böhranla, işsizliklə üzləşmişdir. Amma həmin dövrlərdə qeyri-millətlərə hörmət və ehtiramla yanaşılmış, onların ləyaqəti, hissləri tapdalanmamışdır. Başqa xalqlara münasibət Avropanın ictimai mühitindən irəli gəlir. Bir sözlə Avropa öz simasını başqa istiqamətdə dəyişir. Bu isə özlüyündə bəşəriyyət üçün ciddi təhlükə yaradır.
Newtimes.az