PDF Oxu

Araşdırma

  • 1 149

Sosial intibah fəlsəfəsinin yeni formulası

Sosial intibah fəlsəfəsinin yeni formulası

Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi siyasətin əsas təməl prinsiplərindən biri milli sosial yüksəliş platformasının təmin edilməsindən ibarətdir. Hazırda sosial intibah və tərəqqi meyarlarını iqtisadi idarəetmənin əsas konseptlərindən hesab edən dövlət yaxın onillik inkişaf landşaftının dünya sosial indikadorlarına çatdırmağı hədəf seçib. İnkişaf etmiş dövlətlərin sosial indikatorları şəffaf, modern, kreativ və elektronlaşmış idarəetmə prinsiplərinə əsaslanır. Sosial yığımların və sığorta ödənişlərinin baza prinsipləri də məhz şəffaf sivil idarəetmənin təmin olunmasından ibarətdir. Müasir elektron cəmiyyətin bütün seqmentləri informasiyalaşdırılmış sistemlərin yaradılmasını ehtiva edir və sosial idarəetmədə elektron mexanizmlər də bu tələblərə uyğun identifikasiyanın təmin olunmasına əsaslanır.

Bu prinsiplərin başlıca bazasını isə elektron hökumət proqramı təşkil edir. E-hökumət sosial sferada şəffaflıq və ədalətlilik əmsalı kimi çıxış edir. Bu mənada, sosial müdafənin səmərəli təşkili və insanlara keyfiyyətli sosial xidmətlərin göstərilməsi indiki dövrdə əsas çağırışlardan hesab olunur. Sosial sektorda idarəetmənin modernləşdirilməsi və sosial sığorta sistemində şəffaflığın təmin edilməsi məqsədi ilə dövlət idarətmə sektorunda bütün proseslərin şəffaflıq əsasında həyata keçirilməsi, şəffaf prosedurların tətbiq edilməsi, daxili təhlükəsizlik və daxili nəzarət qurumlarının yaradılması və məvaciblərin mərhələli artırılması üçün zəruri olan bütün normativ-hüquqi aktlar qəbul olunmaqla təşkilati tədbirlərin həyata keçirilməsi prosesi sürətləndirilib. Bu sırada isə birbaşa insanların sosial müdafiəsinin təmin olunmasına yönəlmiş elektron mexanizmlərin tətbiqi ilə bağlıdır.

Məlum olduğu kimi, Dövlət Sosial Müdafiə Fondu pensiya və sosial sığorta yığımlarının elektron formada ödənilməsinə start verilib. Sığortaolunan və pensiyaçılara elektron xidmətlərin göstərilməsi üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən lazımi infrastruktur təminatı yaradılıb. Məcburi sosial sığorta ödənişlərinin həyata keçirilməsində elektron xidmətlərin tətbiqinə başlanılıb. Belə ki, məcburi sosial sığortası üzrə səyyar yoxlamanın keçirilməsi, bildirişlərin, xəbərdarlıqların və tələbnamənin göndərilməsi, sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi, pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün e-müraciət, pensiyaçılara bank və ya digər kredit təşkilatı üçün e-xidmətlər tamamilə elektronlaşdırılıb. Bu, o deməkdir ki, elektron idarəetmə sistemi birbaşa insan amilinin rolunun azaldılması yolu ilə çevik, operativ və innovativ bir formul üzrə tənzimlənəcək. Burada sosial sığorta yığımlarından başlamış toplanan ödənişlərin son məqsədədək, yəni vətəndaşların sosial rifahına yönəldilməsinə kimi idarə olunması ən modern kommunakisiyaların köməyi ilə həyata keçirilir ki, bu da şəffaflığın tam təmini deməkdir.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun sözlərinə görə, sosial sığorta sahəsində e-xidmətlərin tətbiqi ölkəmizdə liberal iqtisadiyyatın, sosial iqtisadiyyatın son modellərinin təmin olunması deməkdir. Sosial sektorda yeniliklər, elektron kommunikasiyalar iqtisadi fəallığın yüksəlməsinə və biznes mühitinin daha da yaxşılaşmasına da mühüm töhfə verən faktorlardan sayılır. Müasir iqtisadiyyatın sosial qanunauyğunluqlarından biri iqtisadi və sosial sektorlar arasında bərabərliyin təmin olunması və iqtisadi aktivliyə təkan verilməsindən ibarətdir. Buna görə də, elektron xidmətlər və informasiyalaşmış idarəetmə sistemi inkişafa xidmət edən sektorial bölmələr sayıla bilər.

Göründüyü kimi, sosial müdafiə sektorunun modernləşdirilməsi sahibkarlıq mühitinin yaxşılaşması, sahibkarlıq fəaliyyətinə yeni başlayan subyektlərin sayının artmasına, yeni müəssisələrin yaranmasına öz mühüm təsirini göstərəcək. Fiziki və hüquqi şəxslər tərəfindən yeni müəssisələrin yaradılması ölkəmizdə vergitutma bazasının genişləndirilməsi ilə yanaşı, sosial sığorta haqlarının yığımının artmasına səbəb olur. Bu mənada, e-xidmətlərin tətbiqi yeni müəssisələrin yaradılması fonunda sosial sığorta sahələrindən yığımların dinamikasına da müsbət təsir göstərəcək. Məlum olduğu kimi, hazırda ölkə iqtisadiyyatının inkişaf meyarlarına uyğun olaraq yeni iş yerlərinin yaradılması strategiyası başlıca hədəflərdəndir. Hər bir yeni yaradılan müəssisə, xidmət obyekti onlarla, yüzlərlə insanın iş yeri ilə təmin olunması deməkdir. Yeni müəssisələr insanların aylıq sosial sığorta ödənişlərinin həcminin artmasına, ölkə üzrə sığorta yığımlarının yüksəlməsinə səbəb olur, nəticədə, iqtisadi fəallıq və sosial rifah bərabərliyi təmin olunur.

Təbii ki, sosial sığorta yığımlarının həcminin artması 1,5 milyon insanın sosial müdafiəsinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Daha doğrusu, insanların sosial müavinət və pensiyalarının artmasına töhfə verir. Dünya sosial inkişaf meyarlarına əsasən strateji bir yeni müəssisənin yaradılması sosial müdafiə sektorunda 1 faizdən çox artımlara gətirib çıxarır. Bu isə sosial müavinətlərin əhəmiyyətli dərəcədə artımına səbəb olur. Qeyd etdiyimiz kimi, sosial sektorda davamlı yeni innovativ islahatlar birbaşa bütün sosial kateqoriyaların rifahına xidmət edir. E-xidmətlər, digər tərəfdən pensiyaçılar, sığorta olunanlar, bir sözlə, sosial sığorta ödəyən hər bir vətəndaşın rifahı baxımından da mühüm əhəmiyyət kəsb edir.

"Elektron Hökumət" layihəsinin rəhbəri Məmməd Atakişiyev bildirib ki, sosial sığorta sahəsində e-xidmətlərin tətbiqi çox mühüm əhəmiyyət daşıyır və sığorta ödənişlərinin vahid portal vasitəsilə qəbul edilməsi şəffaflıqla yanaşı, idarəetmənin keyfiyyətinin yüksəlməsinə mühüm təsir göstərəcək. Yaradılmış imkan nəticəsində yuxarıda qeyd olunan regionlarda qeydiyyatdan keçmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər ödənişlərini 41 bankın və "Azərpoçt" MMC-nin 1200-ə yaxın ödəniş məntəqəsində, eyni zamanda, Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin ödəniş kartları vasitəsilə apara biləcəklər.

Sosial sığorta sistemində həyata keçirilən islahatlar vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına kömək göstərməklə yanaşı, onların fərdi hesablarının tam şəffaf idarə olunmasına imkan verəcək. Bu vətəndaşların öz sığorta hesablarının tamamilə davamlı şəkildə nəzarət olunması işinin yaxşılaşmasını təmin edəcək. Vətəndaşların ödədikləri sığorta haqları üzrə yığım hesablarına və kapitallarına nəzarət imkanları artacaq, nəticədə, bu, sığorta sistemdə şəffaflığın

daha da artmasına gətirib çıxaracaq. Pensiyaçılar və digər sosial kateqoriyadan olan vətəndaşlar öz sığorta hesabları haqqında müfəssəl məlumat əldə etməklə vəsaitlərini sərbəst digər depozitlərə yerləşdirməsinə imkan verəcək. Beləliklə, insanların maddi rifah halının yaxşılaşması istiqamətində daha bir yenilik tətbiq olunacaq.


"Səs" Analitik Qrupu

Digər xəbərlər