Ermənilərin 2008-ci ildən tikintisinə başladıqları Xankəndində yeni aeroportun əsas binasının açılışı ötən il mayın 9-a planlaşdırılsa da, texniki səbəblər bəhanə gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salındı. Hətta Ermənistan prezidenti Serj Sarkisyan yeni hava limanına enəcək təyyarə reysinin ilk sərnişininin özü olacağını bəyan etsə də, vədinə xilaf çıxdı.
Növbəti həvəs də qursaqda qalıb
Həmin ərəfələrdə rəsmi Bakı bəyan etdi ki, işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və Azərbaycanın icazəsi olmadan Xankəndinə digər ölkələrdən təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Əks halda rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, beynəlxalq hüquq normalarına əsasən sərt tədbirlər görəcəyini bildirib. Beynəlxalq Mülki Aviasiya Təşkilatı da bu məsələdə Azərbaycanın mövqeyini rəsmən müdafiə edir.
Bir ay bundan öncə Xankəndi hava limanını işə salmaq məqsədilə Fransanın "Tales" firmasının Almaniya filialı aeronaviqasiya avadanlığını Ermənistana satıb, Ermənistan isə bunu Xankəndinə ötürüb. Bunun ardınca Azərbaycanın Fransadakı səfirliyi "Tales" şirkətinin rəhbərliyi ilə görüşərək izahat tələb edib.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası da, öz növbəsində, Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentinə, Avropa və Şimali Atlantika bürosuna və Avropa Mülki Aviasiya konfransının prezidentinə etiraz məktubu ilə müraciət edib və onların qarşısında avadanlığın Xankəndi aeroportunda quraşdırılmasının qadağan edilməsi tələbini qoyub. "Tales" şirkəti isə bu halın baş verməsinin Almaniya filialının səhvi olduğunu və avadanlığın işlək vəziyyətə gətirilmədiyini bildirib.
Xankəndi aeroportunda reyslər təxirə salınıb. Bununla da, ermənilərin Xankəndi aeroportundan hava reyslərinə başlamaq planları növbəti dəfə təxirə salınıb.
Bütövlükdə bölgədəki proseslərə mənfi təsir göstərəcək
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın İcra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Yerevanla Xankəndi arasında uçuş zolağı yaradılması, bütövlükdə, bölgədəki proseslərə, o cümlədən, aparılan danışıqlara mənfi təsir göstərəcək. Belə olan təqdirdə, Azərbaycanın atacağı adekvat addımlar mövcud vəziyyəti başqa müstəviyə daşıya bilər.
Qondarma Dağlıq Qarabağ respublikasının mülki aviasiya idarəsinin rəhbəri Dmitri Adbaşyan isə uydurma məlumat yayaraq, bildirib ki, Xankəndi aeroportu üçün alınmış təyyarənin artıq Yerevanın "Zvartnots" aeroportundadır. Onun sözlərinə görə, aeroport uçuşları təşkil etməyə tam hazırdır, təyyarə heyəti də seçilib və hazırlıq keçib.
Öz yalanlarına özləri də inanmır
Ekspertlərin sözlərinə görə, təyyarənin Yerevandan Xankəndinə uçacağı ilə bağlı informasiya ermənilərin növbəti cəfəngiyyatdır.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən Dağlıq Qarabağda yerləşən aviasiya obyektlərini tanımaması ilə bağlı bəyanat var, bu baxımdan Xankəndinə erməni təyyarəsinin uçması da real deyil: "Bu uçuşların nə gələcəkdə, nə də indi reallaşması imkansızdır. Tamamilə əsassız, reallığa söykənməyən bəyanatlardır. Hətta ermənilər özləri də Yerevandan Xankəndinə uçmaq planlarının qeyri-real olduğunu anlayırlar".
Cabir