PDF Oxu

Araşdırma

  • 1 380

Azərbaycanda demokratikləşmə prosesi:

Azərbaycanda demokratikləşmə prosesi:

Bundan əvvəlki məqaləmdə qeyd etdiyim kimi, Eurovision mahnı müsabiqəsi ərəfəsində Qərb mətbuatında Azərbaycan haqqında mütəmadi olaraq böhtan xarakterli yazılar yazılmağa başladı. Bu yazılarda isə əks olunan mövqe Azərbaycanda insan hüquqların kobud şəkildə pozulması məsələsi ilə bağlı idi.Budəfəki məqalənin məqsədi, Azərbaycan hökumətinin ölkədə insan hüquqlarının və vətəndaş azadlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin oxuculara təqdim edilməsidir.Təhlillər göstərir ki, son illərdə Azərbaycanda ictimai həyatın bir çox sahələrində, o cümlədən insan hüquqlarının müdafiəsi, demokratikləşdirmə və qanunun aliliyinin təmin edilməsi sahələrində bir sıra islahatlar həyata keçirilmişdir.27 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir. Konseptual və miqyaslı xarakter daşıyan həmin Proqramda Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumlar, Qaçqınlar üzrə Ali Komissarlıq, YUNESKO, YUNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi, habelə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi nəzərdə tutulur.Ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutmuşdur.Son bir neçə il ərzində Azərbaycanın Mülki, Mülki-Prosessual, Ailə, Əmək, Cinayət, Cinayət-Prosessual, Cəzaların İcra edilməsi haqqında, Gömrük və Vergi Məcəllələri, Yığıncaq azadlığı, Kütləvi informasiya vasitələri, Qeyri-hökumət təşkilatları və Vəkillik haqqında mühüm əhəmiyyətə malik olan qanunları qəbul edilmişdir.Həmçinin, Milli Məclisində müzakirədə olan "Defamasiya haqqında" və "Azadlıqdan məhrum etmə yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması haqqında" qanun layihələrinin yaxın zamanda qəbul olunması nəzərdə tutulur.Azərbaycanda söz və media azadlığı hüququ təmin olunur.Bu gün Azərbaycanda 600-dən artıq informasiya agentlikləri və qəzetlər rəsmi olaraq dövlət reyestrində qeydiyyata alınmışdır. Bunlar cəmiyyətdə plüralizmin inkişafına şərait yaradır.Siyasi partiyaların əksəriyyəti öz qəzetlərini nəşr etdirirlər, bir çoxunun isə vebsaytları da var. Nəşrlərdə müəlliflər açıq şəkildə müxtəlif, o cümlədən tənqidi və müxalif xarakterli olan fikirlərini ifadə edirlər. Heç kim bunun qarşısını almır və onları buna görə cəzalandırmır.Ölkədə 30 jurnalist birliyi mövcuddur, 9 ümumrespublika televiziya kanalı, 14 regional, 14 kabel və 14 radiokanal fəaliyyət göstərir.Azərbaycanda 30-dan çox internet provayderları var və əhalinin yarısından çoxu internetdən sərbəst istifadə edə bilir.Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan Prezidentinin Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi haqda 2007-ci il, 27 iyul tarixli və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqda 2007-ci il, 13 dekabr tarixli Fərmanları bunun əyani isbatıdır. Hər il bu qurum tərəfindən müxtəlif layihələr maliyyələşdirilir.Azərbaycanda sərbəst toplaşmaq azadlığı hüququ təmin olunur. Hakimiyyət tərəfindən qanun müddəalarına müvafiq olaraq sanksiyalaşdırılmış nümayişlərin keçirilməsinə əngəllər törədilmir. Əksinə, onların dinc keçirilməsi üçün lazımi şərait yaradılır. Misal üçün, ancaq 2012-ci ilin mart-aprel aylarında Eurovision öncəsi müxalifət partiyaları tərəfindən 3 nümayiş keçirilmişdir. Nümayişlər dinc və heç bir ciddi hadisə baş vermədən keçmişdir.Azərbaycan çoxmillətli ölkədir və burada yaşayan etnik qruplar müxtəlif din və məzhəblərə etiqad edir. Onlar qarşılıqlı anlaşma, ehtiram və bərabərlik mühitində yaşayırlar. Bu ölkədə həqiqi mənada multikulturizm mövcuddur. Burada bütün dini azlıqların hüquqlarına hörmətlə yanaşılır. Azərbaycanda məscidlərdən başqa pravoslav kilsələri, erməni apostol kilsələri, yəhudi, gürcü, malakan, protestant, krişna və bəhai dini cəmiyyətləri fəaliyyət göstərir.Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Əməkdaşlıq edilən təşkilatlar sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.Azərbaycan Avropa Şurası ilə demokratik dövlət quruculuğu, insan hüquqlarına hörmət və ölkədə qanunun aliliyinin tam təmin edilməsi sahəsində hərtərəfli əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan məhkəmə sisteminin islahatı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, ictimai televiziyanın fəaliyyətə başlaması istiqamətində mühüm tədbirlər görmüşdür.ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Bakı Ofisinin dəstəyi ilə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, fikir və ifadə azadlığının təşviqi, gender bərabərsizliyi və qadınlara qarşı zorakılıqla mübarizə, işgəncələrin qarşısının alınması, insan hüquqları üzrə maarifləndirmə, azad və ədalətli seçkilər sahələrində mühüm layihələr və tədbirlər həyata keçirilmişdir.İnsan hüquqları məsələlərinə Avropa İttifaqı ilə genişlənməkdə olan əməkdaşlıq kontekstində ayrıca diqqət yetirilir. Bu baxımdan, xüsusilə Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmin edilməsi və eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar.Azərbaycanda müstəqilliyin yeni əldə edilməsinə baxmayaraq, demokratikləşmə ənənəsinin tarixi kökləri hələ keçən əsrin əvvəllərinə qədər uzanır. Azərbaycan bəzi sahələrdə ilklərə imza ataraq tarixə düşmüş bir dövlətdir. Belə ki, Qərbin bu gün dünyaya təlqin etməyə çalışdığı universal dəyərlər Azərbaycanda hələ ö dövrlərdə bərqərar idi.Unutmamaq gərəkir ki, Qərb mədəni dəyərlərinin mənimsəməsi nəticəsində bütün Şərqdə ilk opera və ilk balet Azərbaycanda yaradılıb. Müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr sənətinin əsası XIX əsrin ikinci yarısında Azərbaycanda qoyulmuşdur.Azərbaycanda demokratiyanın liberal ənənələrinə cavab verən dövlət quruluşu hələ 1918-ci ildə yaradılmışdır. Azərbaycan Demokratik Respublikası parlament ənənələri əsasında, liberal düşüncə bazasında, hüquqi-siyasi bir qurum olaraq Şərqin ilk dünyəvi respublikası idi.Demokratik və insan hüquqlarının həmin dövr üçün geniş təşəkkül tapdığı ölkə olan Azərbaycan Demokratik Respublikasında Şərq aləmində ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verilirdi. Bu baxımdan Azərbaycan ABŞ (1920), Fransa (1944), İsveçrə (1971), Yaponiya (1945), Cənubi Koreya (1948), Portuqaliya (1931), İspaniya (1931) kimi müasir dövrün mütərəqqi dövlətlərinin əksəriyyətini qabaqlamışdı.Müstəqillik qazandıqdan sonra da demokratikləşmə və insan hüquqlarına hörmət bu ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir.Bu siyasətin sübutu olaraq ölüm hökmü hələ 1998-ci ilin fevral ayında həm Şərqdə, həm də MDB məkanında ilk dəfə olaraq Azərbaycanda ləğv edilibdir. Ölüm hökmünün icrası isə ölkənin Avropa Şurasına üzv qəbul olunmasından çox əvvəl, faktiki olaraq, 1993-cü ilin yayından etibarən dayandırılmışdır.Müqayisə üçün nəzərə almaq lazımdır ki, humanizmə zidd olan edam cəzaları hal-hazırda bir sıra şərq ölkələrində, hətta, ABŞ və Yaponiya kimi mütərəqqi ölkələrdə də tətbiq edilir.Məyusedici haldır ki, bu gün bəzi Qərb mətbuatı bütün bu qeyd edilənləri görmək, dəyərləndirmək və alqışlamaq əvəzinə Azərbaycan haqqında məkrli və qərəzli yazılar yazmağa, Azərbaycanı olduğu kimi təqdim etmək əvəzinə özlərinin təsəvvürlərində, xəyallarında canlandırdığı kimi təqdim etməyə üstünlük verir.Azərbaycana bir dəfə də olsun səfər etməyən və hətta bu ölkənin harada yerləşdiyini belə bilməyən insanların özündən razı şəkildə bu qədər "rahatlıqla" onun haqqında məqalə yazmağa "cəsarət" etməsi isə olduqca gülüncdür.

Newtimes

Digər xəbərlər