Söz və mətbuat azadlığı demokratik inkişafın ən başlıca istiqamətidir. Azad söz və mətbuat cəmiyyətdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında aparıcı rol oynamaqla yanaşı, demokratiyanı səciyyələndirən əsas amillərdəndir. Məhz bu səbəbdən, bir çox hallarda ölkələrdə demokratiyanın səviyyəsini dəyərləndirərkən, bu iki kriteriya hökmən nəzərə alınır. Çünki mətbuatın azadlığı elə o cəmiyyətin azadlığının göstəricilərindəndir. Bu, bütün dünyada olduğu kimi, Azərbaycanda da belədir.
Azad mətbuatı bəxş edən lider
Azərbaycan mətbuatı gerçəkdən öz müstəqilliyinə 1993-cü ildə, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə nail oldu. Müstəqil mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə - bütün bunlar Ümummilli Lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. 1998-ci il avqustun 6-da Ulu Öndər Heydər Əliyev "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman imzaladı. Bu Fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi. Həmin vaxtdan etibarən Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələ başlandı. Ümummilli Lider, eyni zamanda, özü haqqında yazılanlara dözümlə yanaşmağı bacarırdı. Məhz bu səbəbdən Heydər Əliyev "Jurnalistlərin dostu", "Azərbaycanda azad mətbuatın keşikçisi" ola bildi.
Uğurlu yolun davamı
Ulu Öndər Heydər Əliyevin başladığı həqiqi söz və mətbuat azadlığının bərqərar olması prosesi Ümummilli Liderin siyasi varisi ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Dövlət başçısı bu postda fəaliyyətə başladığı ilk gündən mətbuatın inkişafını dövlət siyasətinin başlıca prioriteti elan etdi və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırdı. Prezident İlham Əliyev böyük humanistlik göstərərək, qəzetlərin "Azərbaycan" Nəşriyyatına borclarının dövlət büdcəsi hesabına ödənilməsi qərarını qəbul etdi. Azərbaycan milli mətbuatının bütün yubileylərində, eləcə də, hər ilki ildönümündə ölkənin onlarla jurnalistini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. Bütün bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə gedən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmaqdadır.
Konsepsiya nələri həll edir?
Bu gün Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də addımlar atılması vacib olan amillərdəndir. Prezident İlham Əliyevin 2011-ci il iyulun 31-də imzaladığı "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası" bu problemlərin həlli üçün yetərli hüquqi sənəddir. Bu sənəd mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini özündə ehtiva və dövlətin mətbuat siyasətini tam mənada ifadə edir.
Ümumiyyətlə, Konsepsiyanı geniş təhlil etdikdə, bu qənaətə gəlmək olar ki, sənədi yalnız "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə müqayisə etmək olar. Eynilə, o sənəddə olduğu kimi, burada da bütün problemlər geniş və əhatəli şəkildə təhlil olunur, onların həlli üçün lazımi və zəruri olan tədbirlər müəyyənləşdirilir, dövlət orqanları qarşısında konkret vəzifələr qoyulur. Bu tədbirlərin icrası isə həmin sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin artırılması, konstitusiyaya və qanunlara, dövlət rəmzlərinə hörmətin dərinləşməsinə, jurnalistikanın keyfiyyətcə yeni texnoloji səviyyəyə yüksəlməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artmasına, kütləvi informasiya vasitələrinin xarici təcrübədən faydalanmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların həyata keçirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə və müstəqil mətbuatın inkişafına şərait yaradacaq. Bu isə müstəqil mətbuatımızın inkişafında yeni mərhələnin başlanğıcı deməkdir.
RƏFİQƏ KAMALQIZI