PDF Oxu

Araşdırma

  • 70 186

Qloballaşma şəraitində Azərbaycan dili

image

Dövlətin formalaşmasında, onun yaşamasında, varlığının sübut edilməsində dil önəmli faktordur. Əbəs yerə deyil ki, "bir milləti məhv etmək üçün onun dilini əlindən almaq lazımdır" deyilib. Bu gün Azərbaycan dili dövlət dili olaraq qorunur. Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir. Milyonlarla azərbaycanlının mədəni inkişaf vasitəsi olan dil tarixən nəinki Qafqazda yayılıb, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif dilli xalqların da istifadə etdikləri ümumi dil olub. Tarixdən bizə bəllidir ki, Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonrakı mərhələlərdə yüz illər boyunca mürəkkəb yol keçib.

Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına dəyərli töhfələr verib. Zaman keçdikcə, dövrün tələbinə uyğun olaraq, Azərbaycan dilinin istifadə dairəsi də genişlənib, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxıb. Müstəqilliyimiz əldə olunduqdan sonra dövlət rəmzlərindən biri sayılan - dilin Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısı artırıldı. Ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilməyə başlandı. Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı əsasında "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun layihəsinin hazırlanması dilimizə olan diqqətdən irəli gəldi. "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Heydər Əliyevin 9 avqust 2001-ci il Fərmanı dilimizin inkişafına öz töhfələrini verdi.

Dəyişən dünyamızda dilin qoruması nə qədər çətin olsa da buna qeyd-şərtsiz əməl edilməlidir. Ulu Öndər Heydər Əliyevin müdrikliyi, demokratik prinsipləri əsasında 123 ildən sonra 6 avqust 1998-ci ildə Azərbaycanda mətbuata senzura nəzarətinin ləğv edilməsi artıq milli mətbuatımıza - azad sözə, azad fikirə meydan verdi. Amma publisist dildən istifadədə, senzuranın ləvği hər kəsin danışıq dilinin mətbuata gəlməsinə əsaslanmır. Məişət üslubunun publisistikaya gətirilməsi artıq loru bir dilin milli mətbuatımıza gəlməsinə səbəb ola bilər. Azərbaycan dilində təmiz danışmaq, sözün leksik mənasından yerli-yerində və düzgün istifadə dilin inkişafına təkandır. Etiraf edək ki, bu gün cəmiyyət daha çox publisistik üslubda yazılan materiallar əsasında məlumat əld edir. Əgər onilliklər əvvəl bədii əsərlərə müraciət edənlərin sayı çoxluq təşkil edirdisə, bu gün bu miqyası müqayisədə milli mətbuatımız əvəzləyib. Zamanın sürətinin artması, informasiya əsri və s. amillər insanları daha çox mətbuata bağlayıb. Məlumatların yığcam, aydın, anlaşıqlı şəkildə mətbuat vasitəsi ilə çatdırılması, dilin səlistliyinin, təmizliyin qorunması vacib məsələdir. Unutmaq olmaz ki, dil cəmiyyətin təqdimidir. Azərbaycanın varlığıdır.

Azərbaycan mətbuatının Həsən bəy Zərdabidən, "Əkinçi"dən qalan zəngin ənənələri vardır. Bu ənənələr "Əkinçi" ətrafına toplaşanlar, habelə, sonrakı nəsil qələm sahibləri tərəfindən daha da zənginləşdirilib. Yetmiş illik sovet dövründə mətbuatımız kommunist ideologiyasına xidmət göstərsə də, yenə inkişafdan qalmayıb, böyük peşəkar jurnalistlər dəstəsi yetişib. Müstəqillik dövründə, mətbuat və söz azadlığının tam bərqərar olduğu bir zamanda peşəkarlığın itməsinə, qəzetlərimizin səviyyəsinin aşağı düşməsinə səbəb heç nə ola bilməz. Dilin sayflığı, səlistliyi uğrunda mübarizəyə qoşulan Zərdabi və onun silahdaşlarının ənənəsi milli mətbuatda qorunmalıdır. Xalqın danışıq dilinə əsaslanaraq, ənənəni qorumaq və yeni dövrün reallıqlarına uyğun şəkildə daha da zənginləşdirmək, mətbuatımızı daha da inkişaf etdirmək həm mənəvi, həm də vətəndaşlıq borcumuzdur.

Təbii ki, dilin qorunmasının, təmizlənməsinin, saflaşmasının və zənginləşməsinin dilçi alimlərimizin birbaşa işi olmuş olsa da, hər bir vətəndaş, xüsusilə, media sahəsində çalışanlar bu mübarizəni fəal işləri ilə aparmalıdırlar.

NƏZAKƏT

Digər xəbərlər