Müasir dünyada geosiyasi maraqların çərçivəsi dəyişir. Dövlətlərarası münasibətlərdə yeni xüsusiyyətlər özünü göstərir. "Geosiyasi maraq", "geosiyasi güc" və s. kimi anlayışların məzmununda baş verən dəyişiklikləri dərk etməyə böyük ehtiyac yaranır. Xüsusilə, müstəqilliyinə yaxın keçmişdə qovuşmuş ölkələrin uğurlu siyasət aparması üçün qlobal geosiyasi proseslərin arxasında duran məqamları dərk etməsi lazımdır.
Müasir amerikan politoloqu Cozef S.Nay beynəlxalq münasibətləri xarakterizə etmək üçün 1990-cı ildə "yumşaq güc" anlayışını daxil edib (1 və 2). O, "yumşaq güc" (ing. soft power) dedikdə dövlətlərin öz geosiyasi təsirini hərbi və iqtisadi gücə görə deyil, mədəniyyətə, siyasi ideala və humanitar proqramlara görə təmin etməyə çalışdığını nəzərdə tutur.
Hələ ABŞ-ın iyirmialtıncı prezidenti Teodor Ruzvelt deyirdi ki, "yumşaq danış, ancaq əlində iri dəyənək tut". Bu fikrin keçən əsrin 40-50-ci illərində deyilməsinə baxmayaraq, XXI əsrin birinci onilliyinin siyasi mühitinə də aidiyyəti vardır. Sözü "yumşaq" olan böyük geosiyasi güclərin əllərindəki dəyənəklər zaman-zaman ayrı-ayrı xalqların "başını yarır". Böyük dövlətlər və ya dövlətlər ittifaqları daha incə diplomatik gedişlərlə öz geosiyasi maraqlarını təmin etməyə cəhdlər edirlər. Bu zaman onlar məcburetmə üsullarına da əl atırlar (hərbi və iqtisadi yolla). Onlar üçün həqiqət meyarı öz geosiyasi maraqlarının çərçivəsidir.
Qərbsayağı müvəffəqiyyətdən başgicəllənmə
Hələ 1980-ci ildə Moskvada keçirilməli olan XXII yay olimpiadasını ABŞ və bir neçə Avropa dövləti boykot etməyə çalışdılar. Səbəb kimi isə SSRİ-nin Əfqanıstana qoşun yeritməsini göstərdilər. Təbii ki, başqa dövlətin ərazisinə hərbi qüvvə yeritmək zorakılıqdır, lakin Qərb boykot hərəkəti ilə ümumiyyətlə zorakılığa qarşı durduğunu nümayiş etdirmirdi. Burada iki məqam vardı. Birincisi, Qərb özünü dünyanın ağası kimi hiss etməyə başlayırdı. İkincisi, o, göstərirdi ki, özünün geosiyasi maraqlar çərçivəsinə uyğun gələn zorakılıqdan başqa heç bir aqressiyanı qəbul etmək istəmir. Konkret Əfqanıstan məsələsində başda ABŞ olmaqla Qərb dövlətlərinin indi tutduğu mövqe bunu tam təsdiq edir. Bir zamanlar SSRİ-ni Əfqanıstana qoşun yeritməkdə ittiham edənlərin əsgərləri neçə illərdir dinc əfqanların qanını tökürlər.
Qərbin özündən razılığı sosialist düşərgəsinin dağılmasından sonra daha da gücləndi. Artıq 1990-cı ildə Qərbdə ABŞ-la yanaşı Avropa İttifaqı da böyük geosiyasi gücə çevrilmişdi. Bu mənada Avropa İttifaqının genişlənməsi siyasəti diqqətləri daha çox çəkir. Çünki bu prosesdə həm Avropa İttifaqı daxilindəki, həm də ABŞ-Avropa İttifaqı münasibətlərindəki çətinliklər ifadə olunub. XXI əsrin əvvəllərində həmin ziddiyyətlər daha qabarıq forma almağa başladı. Onun üzərində bir qədər geniş dayanaq.
ABŞ 1949-cu ildə Avropaya "gizli bomba" yerləşdiribmiş. Bu haqda ciddi informasiya mənbəyi olaraq Almaniya hərbi əks-kəşfiyyat idarəsinin keçmiş başçısı Gerd-Helmut Komossanın "Alman xəritəsi" kitabını (3) göstərə bilərik. Komossa yazır ki, 1949-cu il mayın 11-də imzalanmış sənədlə Almaniya Federativ Respublikasının suverenliyi məhdudlaşdırılmışdı. Müharibədə qalib gələnlər Almaniyanın xarici siyasətinə, KİV-nə, ideologiyasına və ən əsası isə, qızıl ehtiyatlarına əl qoydular. Sənədə əsasən Almaniyanın qızıl ehtiyatlarının hamısı ABŞ banklarında saxlandı. Böhran zamanı ABŞ həmin ehtiyatı dondura bilərdi. Həmin sənəd 2099-cu ilə qədər qüvvədə qalmalıdır.
Siyasətçi, yazıçı və jurnalist Eqon Bahr həftəlik dərgi olan "Die Zeit"da dərc etdirdiyi məqalədə (4) Almaniyanın suverenrliyinə qoyulmuş məhdudiyyətlərlə bağlı konkret sübutlar gətirirdi. Yalnız 1991-ci ilin martında "iki üstəgəl dörd" adlı sənədin qüvvəyə minməsi ilə Almaniya tam suverenliyə nail oldu.
Görünür, Almaniyanın geosiyasi güc kimi yeni iddiaları da məhz o tarixdən konkret konsepsiya halını almağa başladı. Öncə bunu hiss etmək çətin idi, lakin Almaniyanın atdığı gizli addımlar üzə çıxmağa başlayanda bir çox məqamlar da aydınlaşdı. ABŞ bunları hər kəsdən yaxşı bilirdi. 1999-cu il aprelin 25-də general Uilyam Odomun dili ilə Vaşinqton Berlinə xəbərdarlıq göndərdi. General Odom müsahibələrinin birində bəyan etdi ki, "biz Koreya, Yaponiya və Almaniyada əbədi varıq".
Bu proseslər Avropa İttifaqının genişlənməsi siyasəti fonunda baş verirdi. Təbii ki, belə bir vəziyyətdə obyektiv, ədalətli və əsaslandırılmış genişlənmə siyasətindən söhbət gedə bilməzdi. Avropa İttifaqına yeni üzvlər onların bu qurumun lider dövlətlərinin geosiyasi maraqları çərçivəsinə uyğunluğu əsasında seçilirdi. Məsələn, Türkiyə hələ də qapı önündə gözlədilir. Avropa İttifaqının lider dövləti kimi Almaniya hətta bu qurumdakı "dostları"na qarşı da ekspansionist siyasət yeridir. Berlinin dünyanı bürümüş iqtisadi böhrandan əziyyət çəkən ölkələrin ərazilərini, sənaye müəssisələrini ələ keçirmək təşəbbüsü yaddan çıxmayıb. Avropa siyasətçiləri yaxşı bilirlər ki, Fransa və Almaniya fürsət düşdükcə Avropa İttifaqının digər üzvlərinə qarşı iqtisadi, geosiyasi və maliyyə təzyiqləri edirlər.
Avropa İttifaqı xarici siyasətində də yuxarıda qeyd etdiyimiz geosiyasi maraqlar çərçivəsini önə çıxarırdı. Bu səbəbdən onun xarici siyasətində ikili standart üstünlük təşkil etməyə başladı. Bir ölkəyə qarşı tətbiq edilən meyar, digər ölkədən yan keçirdi. Son vaxtlar bu mövqeni təsdiq edən iki konkret nümunə vardır.
Azərbaycan və Ukraynaya təzyiqlər
Azərbaycan "Avroviziya" mahnı müsabiqəsinin qalibi olandan sonra Almaniya KİV-i "qəribə səslər çıxarmağa" başladı. Almanlar Azərbaycanda insan hüquqları və "siyasi məhbuslar" problemini araşdırmağa başladılar. Son illərə qədər isə Almaniya çox ehtiyat və təmkinlə Azərbaycanla əlaqələr qururdu. Həm Avropa İttifaqının üzvü, həm də müstəqil olaraq Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu hər fürsətdə qeyd edirdi. O zaman Azərbaycanda insan hüquqları və "siyasi məhbuslar" məsələsi ilə bağlı Berlinin elə bir ciddi iradı yox idi. İndi isə qəfil almanların yadına bəzi "demokratik qaydalar" düşdü. Səbəbi nədir? Bizim qənaətimizə görə, səbəbi Azərbaycanın müstəqil xarici siyasət yeritməsi və öz maraqlarından çıxış etməsidir. Azərbaycan Almaniyaya görə ABŞ-la əlaqələri kəsə bilməz. Və yaxud Türkiyə və Rusiya ilə münasibətlərini alman maraqları çərçivəsinə sala bilməz.
Almanlar öncədən hesablayıblar ki, "Avroviziya" tədbirinin Azərbaycanda keçirilməsinə İranda qısqanclıqla yanaşırlar. Ona görə Almaniya Azərbaycanı "Avroviziya" məsələsində sıxışdırmaqla bir növ İranı da ölkəmiz əleyhinə qızışdırır. Bu məsələdə Azərbaycana qarşı virtual bir cəbhə formalaşdırmağa çalışırlar.
Almaniyanın Ukraynaya münasibətində öz geosiyasi maraqlarına aludəçilik meyli açıq görünür. Y.Timoşenko məsələsindən istifadə edərək rəsmi Kiyevə təzyiqlər edirlər. Almaniyanın canfəşanlığı ilə Mərkəzi və Şərqi Avropa ölkələrinin ənənəvi Yalta sammiti keçirilmədi. Tədbirdə iştiraka dəvət edilən 19 ölkə başçısından 14-ü Yaltaya getməkdən imtina edib (5). Bundan əlavə, Y.Timoşenko məsələsini bəhanə edərək Ukrayna və Polşada keçirilməli olan Avropa futbol çempionatını boykot etməyə çalışırlar. Boykot məsələsində ən çox canfəşanlıq edən Almaniyadır. Hazırda bütövlükdə Avropa İttifaqının bu tədbiri boykot etməsindən söhbət gedir. Bu kimi təzyiqlərlə avropalılar Ukraynda onların sözünə əməl edən siyasiləri hakimiyyətə gətirmək istəyirlər. Almaniya bu məqsədlə müxtəlif siyasi fondlara milyonlar xərcləyir. Həmin fondlar müxalif siyasətçilərə yardımlar edirlər. Lakin...
Avropa "sola tərəf əyilir"
Avropada sözün həqiqi mənasında sol və sağ radikal milliyyətçiliyi tüğyan edir. kabusu" dolaşır. Fransadan sonra Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində olan seçkilərdə sollar qalib gəliblər. Analitiklər bunu Almaniyada solların hakimiyyətə gəlişi kimi qiymətləndirirlər. Avropada solların hakimiyyətə gəlişi geosiyasi proseslərə də təsir edəcək. Bir sıra faktlar artıq bu dəyişikliyin əlamətlərindən xəbər verir. AŞ PA-nın prezidenti Yan Klod Minyon Avropada dəyərlərin tənəzzül etdiyni bildirib. Bunun fonunda bir sıra Avropa ölkəsində populizm və ekstremizm halları çoxalıb. İnsanlar sağların yeritdiyi siyasətə etibar etmirlər. Xüsusilə gənclərin Avropa dəyərlərinə inamı getdikcə daha çox azalır. Məsələn, Rusiyanın "Nezavisimaya qazeta" nəşri yazır ki, son 10 ildə Avropada fəaliyyət göstərən millətçi təşkilatların sayı 3 dəfədən çox artmışdır. Keçən il Finlandiya parlamentinə keçirilən seçkilərdə "Əsl finlər" millətçi partiyası ikinci yerə çıxmışdır. Onu demək lazımdır ki, avropalıların mənəvi-psixoloji vəziyyətində baş verən bu dəyişikliklər işsizliyin artması (məsələn, İspaniyada son illər işsizlik 24-25%-ə çatmışdır) və iqtisadi böhranın dərinləşməsi fonunda baş verir. Nəticədə, Avropa sol radikalçılığa daha da meyllənmiş kimi görünür.
Sollar adəti üzrə daha sərt mövqenin tərəfdarlarıdırlar. Bunun fonunda Almaniyanın yeni geosiyasi güc olmaq iddiasını daha sərt bir müstəvidə davam etdirə biləcəyi nəticəsini ala bilərik. Görünür, yeni siyasi şəraitdə Almaniyanın siyasi fondları daha da fəallaşacaq. İndi onların hədəfində Azərbaycan və Ukraynadır. Sonra kimin növbəsi gəlir – onu bir qədər sonra biləcəyik
Newtimes.az