Türkiyəyə sığınan suriyalıların sayı 38 mini keçib. Bu
göstərici hər gün artır. Ölkədə hərbi toqquşmalarda həlak olanlar çoxalır.
Tremseh şəhərində bir əməliyyatda öldürülən 200 nəfər haqqındakı məlumat dünya
mediasını dolaşır. Suriya içəridən qaynayır. Silahlı qarşıdurmalar səngimir.
BMT-nin və böyük dövlətlərin atdıqları addımların heç bir səmərəsi olmur. Bunun
fonunda Suriya ətrafında situasiya daha da gərginləşir.
Suriya ətrafına toplaşan hərbi gəmilər
Dünya mediası Rusiyanın Suriya sahillərinə 11 döyüş gəmisi
göndərdiyini geniş şərh edir. ABŞ Dövlət Departamentinin sözçüsü Patrik
Ventrlella bununla bağlı verilən suallara çox ehtiyatla cavab verib. Ancaq onun
sözlərindən başa düşülüb ki, Vaşinqtonun Rusiyaya məxsus hərbi gəmilərin
Suriyanın Tarsus limanında hansı işləri görəcəyi ilə bağlı şübhələri
var.\"Əl-Ərəbiyyə\" telekanalının məlumatına görə, ABŞ Milli
Təhlükəsizlik Şurasının nümayəndəsi Erin Pelton Rusiyanın Suriya sahillərinə
savaş gəmiləri göndərməsində hansı məqsədi güddüyünü Moskvadan soruşmaq lazım
gəldiyini deyib. Rusiya Müdafiə Nazirliyi isə gəmilərin maddi-texniki xidmətlə
bağlı bölgəyə göndərildiyini bildirib.Lakin Rusiya mediasında gəmilərin hərbi
təlim keçirəcəkləri haqqında da informasiyalar verilir. Savaş gəmilərində
xüsusi təyinatlı dəstənin olduğu deyilir. Fakt ondan ibarətdir ki, Rusiyaya
məxsus hərbi gəmilər artıq Bosfor boğazından keçib və Aralıq dənizinə
çıxıblar.Türkiyə mətbuatı İsrail və Yunanıstanın Egey dənizində iyulun 18-də hərbi
təlimlər keçirəcəyi haqqında informasiyalar verib. Bu təlimdə gerçək
güllələrdən istifadə ediləcəyi bildirilir.Amerika mətbuatı isə Fars körfəzinə
əlavə hərbi gəmilərin göndərildiyini qeyd edib. ABŞ İranın bölgədə hərbi gücünü
artırmasından narahatdır. İran da öz növbəsində körfəzə yeni qüvvələr
yerləşdirib və bildirib ki, "vəziyyətə tam nəzarət edir\".Bu proseslər
Suriya ilə bağlı dünyanın böyük dövlətlərinin ciddi tədbirlər görməyə
başladığını nümayiş etdirir. Maraqların təmin edilməsi məsələsində vəziyyət
hələ tam aydın deyil. Situasiya bütövlükdə gərginliyin artmaqda olduğunu
göstərir. Hərbi döyüş gəmilərinin bölgəyə göndərilməsi və təlimlər haqqında
danışılması regionu təhlükələrin gözlədiyini ifadə edir. Bunların fonunda
diplomatik addımların verdiyi nəticələr diqqəti çəkir.
Kofi Annanın sensasiyalı bəyanatı
BMT-nin xüsusi nümayəndəsi Kofi Annan fəallığını artırıb. O,
İrana da baş çəkib. K.Annan Tehrandan qayıdandan sonra "İran Suriya məsələsinin
həllində yardımçı ola bilər" kimi sensasiya doğuran fikir söyləyib. Diplomatın
dediyinə görə, rəsmi Tehran müəyyən şərtlərin yerinə yetirilməsi ilə Suriyada
hakimiyyət dəyişikliyini qəbul edə bilər. Bu şərtlərin nədən ibarət olduğunu
xüsusi təmsilçi deməyib.Ekspertlər İranın mövqe dəyişikliyini təsadüfi saymırlar.
Məsələ ondan ibarətdir ki, Rusiya da Suriyada B.Əsədin hakimiyyətdən gedişi
zəruriliyini qəbul etməyə başlayır. Moskvada Suriaynın birləşmiş müxalifətinin
nümayəndələrini qəbul ediblər. Müxaliflər B.Əsədin istefasından başqa bir
variantı qəbul etməyəcəklərini bildiriblər. Rusiya mediası bu hadisəni
Moskvanın Suriya məsələsində mövqe dəyişikliyi kimi şərh edirlər."Suriynın
dostları" qrupu isə B.Əsədin istefasını tələb etməyə hazırlaşır. Bu addımın
hansı məqsəd güddüyü aydındır. Artıq Suriyada proseslərin növbəti mərhələsinə
start verilir. Bu mərhələdə konkret olaraq hakimiyyətin dəyişilməsi tələbi
yerinə yetirilməlidir. Onu deyək ki, rəsmi Dəməşq bu informasiya yayılandan
sonra müxalifətlə danışıqlara hazır olduğunu bəyan edib. Lakin müxaliflər
birmənalı olaraq istefa tələbini qoyurlar. Hesab etmək olar ki, B.Əsədin
hakimiyyəti buraxması üçün Qərb daha qəti tədbirlər görəcək. Lakin bunun
problemi tam həll edəcəyi haqqında qəti fikir söyləmək çox çətindir.
Suriya müxalifətindəki bomba
Məsələ Suriyanın daxilində silahlı qruplaşmaların tərkibinin
qeyri-bircins olması ilə bağlıdır. "The Telegraph" qəzetinin Suriyadakı
mənbələrdən aldığı informasiyada deyilir ki, "əl-Qaidə" müxalifətin tərkibində
silahlı mövqeyini möhkəmlədir. Onlar hələlik İdlib və Hələbdə güclənirlər.
İdlibdə "əl-Qaidə" öz əmirini təyin edib. Mezzehdə "əl-Qaidə"nin əmiri Əbu
Siddiqdir. "Əl-Qaidə" NATO-ya Mezzehden mesaj da göndərib: \"Tell NATO we
can make them some if they need\" (yəni, "NATO-ya çatdırın ki, ehtiyacları
varsa, biz onlar üçün bəzi işlər görə bilərik").Bundan başqa, həmin bölgədə
kürd təşkilatlarının aktiv olduğu məlumdur. Şimali İraq kürd muxtariyyətinin
rəhbəri Məsud Bərzani bir neçə gün əvvəl Suriyadakı kürd təşkilatlarının
başçılarını Ərbildə qəbul edərək "Əsədi devirənlərlə birləşin" mesajını verib.
O deyib ki, bunu etməsəniz, sizlərə nə mən, nə də bir başqası kömək edə
biləcək. Sadaladığımız qruplaşmalarla yanaşı, Suriyada "Əhrar əl-Şam" da
fəaliyyət göstərir.Liviya və Misir təcrübəsini nəzərə alsaq, Suriyada müxalif
qüvvələrin bu cür rəngarəngliyinin ölkənin gələcəyi üçün bir çox problemlər
yaradacağını deyə bilərik. İndidən "əl-Qaidə" xəbərdar edib ki, "savaş
qurtarana qədər müxalifətlə bir yerdəyik, sonra yollarımız ayrılacaq". Bu
təşkilatın nəyi nəzərdə tutduğu indiyə qədər keçdiyi yollardan bilinir.Suriya
tarixinin ən həssas və qeyri-müəyyən bir dönəmindədir. Daxildəki sosial və
siyasi partlayışdan parçalanan ölkə çıxış yolu tapa bilmir. Xaricdən isə
müxtəlif istiqamətlərdən təzyiqlər artır. Suriyada müəmmalarla dolu kabus
dolaşır. Ən pisi odur ki, ölkənin gələcəyini kimlərin xilas edəcəyi aydın
deyil. Bu gün küçələrdə savaşan müxalifətin, sabah dövləti necə böhrandan
çıxaracağı heç kəsi düşündürmür. Kənardan əmr verilir. Müxalifətə və B.Əsədə
verilən əmrlərin məzmunu fərqlənmir – "vur"! Hər iki tərəf isə öz vətəni –
Suriyanı vurur! Son sətirləri yazarkən iki fikir adamı heç tərk etmir:
− Bəşər Əsəd proseslərin ilk günlərindən özünə ölüm hökmünü
verdi;
− Qəbul etmək çətin də olsa, dünya yeni savaş ərəfəsindədir.
Newtimes.az